“İmkan verilsə, Moskva istənilən nəticələri diktə edə bilər” - Tofiq Zülfüqarov

“İmkan verilsə, Moskva istənilən nəticələri diktə edə bilər”

“İmkan verilsə, Moskva istənilən nəticələri diktə edə bilər” - Tofiq Zülfüqarov

Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Polemika.az”a müsahibəsi:

- Antalya Diplomatik Forumunda Rusiyanın XİN rəhbəri Sergey Lavrovla ukraynalı vəzifədaşı Dmitro Kulebanın görüşünü necə şərh edirsiniz? Gözləntiniz nədir?

- Birincisi, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə keçirilir, yəni Türkiyənin təşəbbüsüdür. Bununla əlaqədar olaraq istisna edilmir ki, Türkiyə öz imkanlarından istifadə edəcək. Bu nəyi ehtiva edir?

Bildiyiniz kimi, Türkiyənin hər iki ölkə – Rusiya və Ukrayna ilə çox yaxşı münasibətləri var. Bu çərçivədə bəzi təkliflər irəli sürülə bilər. Misal üçün, atəşkəsin bərqərar edilməsi. Çünki indiki mərəhələ bəzi məsələləri həll etmək mümkün deyil. Gündəmdə bir neçə mövzu var: Donbas və Krımın gələcəyi, Ukraynanın neytrallıq statusu. İnanmıram ki, bu mövzularda hansısa irəliləyiş mümkün olsun.

- Hansı məsələdə nəticəyə ümid etmək olar?

- Humanitar dəhlizlərin yaradılması və istifadəsi, atəşkəsin hansı müddətə qəbul olunması, bəlkə də əsirlərin və meyitlərin mübadiləsi mövzusunda hansısa razılıqlar əldə olunacaq.

- Rusiyanın irəli sürdüyü şərtlər Ukrayna tərəfindən ümumən qəbul edilə bilərmi?

- Yox, çünki bu, məntiqə uyğun deyil. Tərəflər hələ də hansısa kompromis variantları qəbul etmək niyyətindən uzaqdır. Bu həm Rusiyaya aiddir, həm də Ukraynaya.

Rusiya hələlik hərbi əməliyyatların nəticəsinə istədiyi səviyyədə nail olmayıb, amma belə fikirlər də var ki, əgər qoşunların sayı artsa, hansısa xüsusi silahların istifadəsinə imkan verilsə, Moskva istənilən nəticələri diktə edə bilər. 

Ukraynaya gəlincə, o başa düşür ki, bu və ya digər razılıqlar yalnız hərbi əməliyyatların nəticəsində əldə olunacaq. Artıq Ukrayna o planları pozub və əmindir ki, gələcəkdə işğala qarşı uğurla mübarizə apara bilər.

Mən bu məsələyə sadəcə olaraq realist yanaşıb ilkin nəticələrin gözlənilməsinin tərəfdarıyam.

- Ukrayna və Rusiya arasında vasitəçilik təşəbbüsündə İsrailin də adı hallanır. Sizcə, bu məsələdə hansı daha məqbuldur?

- Mən o fikirdə deyiləm ki, onlar bir-biri ilə ziddiyyət təşkil edir. Çünki Ukraynada çox sayda yəhudi yaşayır. Umanda iudaizmin böyük mərkəzlərindən biri yerləşir. Yəni Ukrayna yəhudilər üçün çox vacib bir ölkədir.

Digər tərəfdən, Türkiyənin Ukrayandakı mövqeləri çox güclüdür. Əməkdaşlıq səviyyəsi, tarixi irs və s. amilləri götürsək, onların da vasitəçilikdə uğurlu olması istisna edilmir.

Əslində, bu məsələdə Azərbaycanın iştirakı da çox vacibdir. Çünki bəzi siqnallar onu göstərir ki, Azərbaycan da sülhyaratma proseslərində bu və ya digər şəkildə Türkiyə ilə yanaşı və yaxud birlikdə iştirak edə bilər. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə geniş əlaqələri var. Bu baxımdan təkcə Türkiyənin yox, Azərbaycanın da vasitəçilikdə iştirakı çox məntiqli görünür və fikrimcə, bu olacaq.

Hazırkı vəziyyətdə sadaladığım ilkin addımlar atılmalıdır ki, gələcəkdə danışıqlar davam etsin. Yəni tərəflər humanitar mövzulara aid ilkin addımları atmalıdırlar ki, sonra danışıqlar bərpa olunsun.

Rafi MÜSLÜMOV

“İmkan verilsə, Moskva istənilən nəticələri diktə edə bilər” - Tofiq Zülfüqarov