“Hazır olsam, “Sevilya”ya qarşı oynayacam” - Mahir Emreli

“Hazır olsam, “Sevilya”ya qarşı oynayacam”

“Hazır olsam, “Sevilya”ya qarşı oynayacam” - Mahir Emreli

“Keçid dövrü mənim üçün uzun çəkdi. Bir ay ərzində demək olar ki, heç nə etmədim. O vaxt koronavirusa yoluxmuşdum. Sonra fərdi qaydada məşqlərə başladım”.

Bu sözləri millimizin hücumçusu Mahir Emreli Xorvatiyanın “Sportske novosti” nəşrinə müsahibəsində deyib. 

Polemika.az xəbər verir ki, o, yeni klubu Zaqreb “Dinamo”sunda nə vaxt debüt edəcəyi, Avroliqanın 1/16 finalında “Dinamo”nun rəqibi olan “Sevilya”ya qarşı oynamağın mümkünlüyü haqda da danışıb: 

“Hazırda “Dinamo”da ciddi şəkildə çalışıram. Komanda yoldaşlarım və klub əməkdaşları məni çox  dəstəkləyirlər. Nə vaxt oynayacağımı isə məşqçi müəyyənləşdirəcək. Əgər hazır olsam, bəlkə də mənim şansım olacaq. Mən səbrlə öz vaxtımı gözləyirəm”.

“Ailəm Zaqrebdə mənimlə olacaq”

Emreli onu da deyib ki, qış fasiləsində ona bir çox təklif olub: “Eşidəndə ki, “Dinamo” mənimlə maraqlanır, digər variantların hamısını unutduq. Bilirsiniz, mənim anamın futboldan yaxşı başı çıxır. O, futbolu sevir. Biz ailədə söhbət etdik. Dayım, qardaşım, bacım... Onlar hamısı bu keçidin tərafdarı idi. Çünki onlara demişdim ki, mənim birinci variantım “Dinamo”dur. İkinci variantım da “Dinamo”dur. Nəhayət, üçüncü seçimim də “Dinamo”dur”. 

Emreli ailəsinin Zaqrebə gələcəyini də deyib: “Mənim qardaşım ilk gündən yanımdadır. Bacım 2 gün əvvəl bura gəlib. Anam isə bir həftə sonra bizimlə olacaq. Hələlik mənzil tapmamışam. Anamı gözləyirəm. Bacım Milanda oxuyur. O, tez-tez Zaqrebə səfər edəcək. Anam isə bir müddət Zaqrebdə, bir müddət isə Bakıda olacaq. Qardaşım isə burada yaşayacaq”.

 

 

“Hazır olsam, “Sevilya”ya qarşı oynayacam” - Mahir Emreli