“GÖVDƏ GÖSTƏRİSİ”, YOXSA SON ÇIRPINTILAR? – Siyasi şantaja əl atan Mehdiyev kimlərə mesaj verir?

“GÖVDƏ GÖSTƏRİSİ”, YOXSA SON ÇIRPINTILAR? – Siyasi şantaja əl atan Mehdiyev kimlərə mesaj verir?

“GÖVDƏ GÖSTƏRİSİ”, YOXSA SON ÇIRPINTILAR? – Siyasi şantaja əl atan Mehdiyev kimlərə mesaj verir?

Ramiz Mehdiyevin aparıcı mətbu orqanların elektron poçtuna göndərilən, eləcə də AMEA-nın saytında yerləşdirilən yazısı bir tərəfdən AMEA prezidentinin dirəniş göstərdiyini, dövlətə meydan oxuduğunu, digər tərəfdən isə bu dirənişin pərakəndə və səviyyəsiz formada təşkilini ortaya qoydu. 

Həmin yazının ilkin variantı çoxlu sayda fikir, üslub və s. səhvlərlə zəngin idi. Hətta yazının şəxsən Ramiz Mehdiyevin adından yazıldığını gizlətməyə çalışsalar da, bəzi cümlələrdəki “mən”, “mənim” sözləri ilə özlərini ifşa etmişdilər...

Sonradan AMEA-nın saytına yerləşdirilən yazıda səhvlər qismən düzəldilsə də, "mənləri” Ramiz Mehdiyevlə əvəz etsələr də, onun mahiyyət, üslub, struktur və s. baxımından qüsurlu olduğu, qətiyyən akademik bir yazı olmadığı nəzərdən qaçmadı. Mehdiyevin tezisləri əsasında hazırlanan bu yazı “Mehdiyev cəbhəsi”nin intellekt qıtlığı çəkdiyini, çaşqınlığını, başını itirdiyini də dərhal hiss etdirdi...

Çoxları yazıdakı “avtobus, yaxud cib müxalifəti, “Milli Məclisin ənənəvi növbətçi trolları”, “özünü buraxmış parlament”, “saxta deputatlar” və s. bu kimi ifadələrin üzərində duraraq, bunların məhz Mehdiyev tərəfindən dilə gətirilməsinə heyrətlənirlər. Təbii ki, bütün bunlar Mehdiyevin özünün uzun illər üst məqamlarda yer aldığı siyasi sistemi “baltalaması” və bilavasitə müəllifi, təşkilatçısı olduğu prosesləri başqalarının adına yazmaq cəhdi kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, ölkə başçısının adı tez-tez çəkilən və ona minnətli məddahlıq ifadələrilə zəngin olan bu yazı, əslində siyasi hakimiyyətə göndərmələrlə, eyhamlarla doludur.

Mehdiyev onunla bağlı istefa çağırışlarının “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa” yönəldiyini bildirir. Söhbətin hansı problemlərdən getdiyi açıqlanmasa da, bunun siyasi hakimiyyətə ünvanlandığı və onu hansısa problemin həllindən yayınmaqda ittiham etdiyi şübhəsizdir. Bunu siyasi şantaj da hesab etmək olar.

Yazıda konkret adlar çəkilərək, Mehdiyevi tənqid edən bəzi deputatların, alimlərin, siyasətçilərin mənəvi keyfiyyətlərindən bəhs edilir, onlara qarşı təhqiramiz fikirlərə yol verilir. Hansı ki, Mehdiyevin özünün hansı mənəvi keyfiyyətlərə malik olduğunu 30 ildir bütün Azərbaycan xalqı bilir və görür. Əslində, bununla bir növ AMEA prezidentinə yönələn ittihamların mahiyyətinin ikinci plana keçirilməsinə cəhd olunur.

Hansı ki, Mehdiyevə ünvanlanan haqlı irad və ittihamlar AMEA-a institutut direktorları Kərim Şükürov, Misir Mərdanov, Musa Qasımlı, professor Nəcəf Müseyibli və s. yox, tutaq ki, Rafiq Əliyev tərəfindən dilə gətirilsəydi belə, onların mahiyyəti dəyişməyəcəkdi - oğru onsuz da oğrudur və bu faktı kimin səsləndirməsi heç nəyi dəyişmir. Əsas məsələ deyilənlərin həqiqət yüküdür və bəzən doğrunu kimin deməsinin fərqi yoxdur.

Onu da qeyd etmək lazımdır ki, uzun illərdən bəri Azərbaycanda cəmiyyətin az-çox hörmət qoyduğu ziyalıların həlledici məqamlarda, yaxud dövlət, cəmiyyət üçün taleyüklü məsələlərin müzakirəsində ağzına su alıb susması, ləngliyi, biganəliyi artıq adət halını alıb və onların bu süstlüyünə səbəb olan hazırkı mühit həm də az qala 30 il Prezident Administrasiyasına və ideoloji sahəyə rəhbərlik etmiş Mehdiyevin özünün əsəri, əl işidir.

Eyni zamanda, Ramiz Mehdiyevin kimisə vaxtilə bir, indi başqa mövqe tutmaqda ittiham etməsi, ümumiyyətlə, bu barədə danışması belə rəzalətdir. Mehdiyev uzun illər ərzində şəkdiyi “zəhmətinin” acı bəhrələrini dadır və bu baxımdan onun məlum yazıda adını çəkdiyi şəxsləri ittiham etməyə heç bir mənəvi haqqı yoxdur...

“Deputat vəzifəsinin imkanlarından istifadə edərək öz övladlarını yüksək maaşlı dövlət orqanlarına işə düzəldən Musa Qasımlı...” Bunu da Ramiz Mehdiyev deyir.

O Mehdiyev ki, halal çörəklə böyümüş, intellektual, savadlı, ən əsası isə qanı təmiz kasıb Azərbaycan övladlarından heç nəyi ilə artıq olmayan oğlu Timur Mehdiyev “gözünü açandan” atasının hesabına lyuks həyat yaşayıb, yüksək vəzifələr tutub və hazırda da Fövqəladə Hallar nazirinin müavinidir və general(!) rütbəsi daşıyır.

Bunu o Ramiz Mehdiyev deyir ki, qılıncının dalı da, qabağı da kəsən vaxtlarda kürəkəni İlham Əliyevi deputat “seçdirib” və Azərbaycanın ən imkanlı, varlı iş adamlarından, daha doğrusu monopolistlərindən birinə çevirib.

Bunu o Ramiz Mehdiyev deyir ki, elementar savadı olmayan arvadını qısa müddətdə professor edib, BDU-da “Riyaziyyat" fakültəsində kafedra müdiri, müdafiə şurasının sədri vəzifələrinə yerləşdirib.

Bunu o Ramiz Mehdiyev deyir ki, Azərbaycan dilində danışa bilməyə qızını alim edib, universitetdə "Psixologiya" üzrə müdafiə şurasının sədri təyin etdirib.

Bunu o Ramiz Mehdiyev deyir ki, gəlininin adına bank açdırıb, onu Azərbaycanın ən imkanlı və imtiyazlı bankları sırasına çıxarmışdı. Elə hazırda da həmin bank mehdiyevlərin bankı olaraq qalır.

Bir sözlə, bu gün də varidatı yüz milyonlarla və bəlkə də daha çox ölçülən, Azərbaycanda korrupsiyanın, qohumbazlığın və s. çiçəklənməsində əsas fiqurlardan biri olan şəxsin kimliyindən asılı olmayaraq, hansısa deputatın, məmurun və s. öz vəzifə imkanlarından istifadə edərək varlandığını söyləməsi riyakarlıqdır!

Maraqlıdır ki, məlum yazının az qala yarısı rusdilli məktəblərə, onların əhəmiyyətinə, üstünlüyünə və adını çəkmədiyi hansısa “cib müxalifəti” adlandırdığı siyasətçinin bu məktəblərin əleyhinə danışmasına həsr olunub. Hansı ki, son baş verənlər və Mehdiyevin istefası çağırışlarının bu mövzuyla heç bir əlaqəsi yoxdur.

Ümumiyyətlə, hazırda rusdilli məktəblər mövzusu cəmiyyətdə müzakirə olunan məsələlər sırasında aktuallığına görə bələkə də ən son yerlərdədir. Bəs, bu mövzunu süni şəkildə gündəmə gətirmək nəyə xidmət edir və nəyə işarədir? Sözsüz ki, anlayan anlayır və bilir ki, bu da açıq təhdiddir.

Qısa açması “öz xoşumla gedən deyiləm və heç kim məni tərpədə bilməz” olan bu yazıda Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladır. Bəli, təəssüf ki, belədir və əslində, bunun özü də bir “yenilməzlik” görüntüsü, “gövdə göstərisi” və siyasi hakimiyyətə göndərmə sayıla bilər.

Hər necə olsa, yaxşı ki, bu adam vaxtında hakimiyyətdəki yüksək məqamından kənarlaşdırıldı, onun Azərbaycanın 44 günlük ölüm-dirim savaşında hadisələrə təsir etmək imkanları minimuma endirildi. Hər ötən gün daha çox aydın olur ki, Azərbaycan son iki-üç ildə təkcə Ermənistanla yox, həm də rus-erməni xəttinə qulluq edən “5-ci kolon”la ağır savaş aparıb və hələ də aparır.

Ancaq az qalıb, ümid edək ki, bu baş verənlər Azərbaycanın müstəqilliyinə, gələcəyinə, mənəviyyatına qənim kəsilən çətənin son çırpıntılarıdır və torpaqlarımız böyük ölçüdə işğalçılardan təmizləndiyi kimi, ölkəmizə, cəmiyyətimizə, eləcə də siyasi mühitimizə bulaşmış bu qara ləkə də tezliklə üzərimizdən təmizlənəcək...

Azpolitika.info

 

“GÖVDƏ GÖSTƏRİSİ”, YOXSA SON ÇIRPINTILAR? – Siyasi şantaja əl atan Mehdiyev kimlərə mesaj verir?