Görünür, Putin dayanmayacaq, Ukraynanı Ağdama döndərəcək... 

Görünür, Putin dayanmayacaq, Ukraynanı Ağdama döndərəcək... 

Görünür, Putin dayanmayacaq, Ukraynanı Ağdama döndərəcək... 

Heç kəsin olmaz, mümkün deyil dediyi həmin o müharibə başladı. Müharibə başlamaqla qalmadı, artıq Ukraynanın yarısı, hətta böyük hissəsi darmadağın olunub. Yüzlərlə sivil, günahsız vətəndaşlar həlak olub. 

Görünən odur ki, Putin intiharına imza atıb. Məğlubiyyət şərabını, nəticələrini bildiyi halda son damlasına qədər içib. İndiki vəziyyətdə onun gözü heç nəyi görmür. Nə gələcəkdəki Rusiyanı gözləyən ağır sanksiyaların nəticəsi, nə xalqının yaşayacağı iqtisadi böhran, nə də mümkün üçüncü dünya müharibəsi. O, eqosunun qurbanına çevrilib. 

Ukraynaya qarşı etdiyi müharibə bu şəkildə davam etsə, proses müharibə çərçivəsindən çıxacaq və çıxmaqdadır. Bu artıq Ukrayna xalqının qırğınıdır. Qırğınlar, sürgünlər isə ruslara yad deyil, çünki tarix boyu bir çox xalqların qırğınının müəllifi olublar. 

Azərbaycan da aşağı yuxarı Ukrayna ilə eyni taleyi yaşayıb. Elə Xocalı Soyqırımı buna bariz nümunədir. Sirr deyil ki, Xocalı hadisələrinin törədilməsinin həmmüəllifləri ruslar, yəni Rusiyanın 366-cı motoatıcı alayı olmuşdu. 

Ukrayna tərəfdən nəzər salsaq görərik ki, elə 1944-cü ildə də ukraynlara, xüsusən Krım Tatarlarına qarşı  ruslar, dəqiq desək Stalinin göstərişi ilə sürgün baş vermişdi. Nə az, nə çox 190 044 nəfər qadın, uşaq və yaşlıları mal-qara qatarlarında Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdi. Qeyri-rəsmi, yəni hərəkat üzvlərinin məlumatında isə bu rəqəm 400 mindən çoxdur. 

Krım Tatarları Stalinin əmri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Rus imperiyasının kini və aqresiyyası daim, tarix boyu özünü büruzə verib ki, Putin də bu “şərəfli” missiyanın baş rol oyunçusu olması qürurunu yaşayır. 

Krım Tatarlarının başına açılan müsibətlər, onlara qarşı olan soyqırım, bu gün Ukrayna xalqının başına gətirilir. Ukrayna rəsmən döyüş meydanına çevrilib. Dünya isə sadəcə baxır. Film izləyirmiş kimi “tum” çırtladaraq. 

Görünür, Putin dayanmayacaq, Ukraynanı Ağdama döndərəcək. Gedişat onu göstərir ki, Putin əyalətin yox, bütövlükdə ölkənin soyqırımına gedir. O tarixi yeniləmək və Stalinin bəlkə də yarımçıq qoyduğu missiyanı öz çiyinlərinə götürüb. Yeni bir soyqırımın antirekordunu yeniləmək istəyir. Stalin babanın soyqırımını...

Krım Tatarlarının sürgünündə on minlərlə insan həlak olmuşdu ki, Stalin bununla bağlı bütün izləri gizlətməyə, hətta Krım Tatarlarının bütün izlərini tarixdən silməyə çalışmışdı. Putin də əcdadlarının etdiyini davam etdirmək yönündə yol alıb. Gec-tez bu çətin günlər bitəcək, haqsız müharibə də sonlanacaq. Zaman ola bilər ki, yaraları sağaldacaq, amma tarix bu yaşananları heç vaxt unutmayacaq.

Cavad Salmanlı

Görünür, Putin dayanmayacaq, Ukraynanı Ağdama döndərəcək...