Ermənistan vətəndaşlarına Gorus-Qafan yolundan istifadə qadağan edildi

Ermənistan vətəndaşlarına Gorus-Qafan yolundan istifadə qadağan edildi

Ermənistan vətəndaşlarına Gorus-Qafan yolundan istifadə qadağan edildi

Ermənistan öz vətəndaşlarına Gorus-Qafan yolundan istifadəni qadağan edib.

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Azərbaycan tərəfi Ermənistanda alternativ Tatev-Aqvan avtomobil yolu tikintisinin başa çatması ilə eyni vaxtda, noyabrın 11-dən Qafan-Gorus yolunun onun nəzarətində olan sektorunda gömrük məntəqələrinin yerləşdirilməsinə başlayıb.

Bu səbəbdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistan nömrəli maşınların bu yolla hərəkətini qadağan ediblər. Sayt yazır ki, noyabrın 11-də günorta hətta onun çəkiliş qrupunun bu yolla hərəkətinə imkan verilməyib.

Çəkiliş qrupuna bildirilib ki, dünən gecə yarısından bu yola qadağan qoyulub, çünki Azərbaycan tərəfi gömrük məntəqələri qurur. 

Azərbaycan tərəfi iki ay bundan əvvəl həmin sektorda polis postu quraraq İran nömrəli yük maşınlarından rüsum tələb etməyə başlayıb. Lakin Ermənistan vətəndaşları dünənə qədər Ermənistan MTX-nin müşayiəti ilə bu yoldan istifadə edirdilər.

Alternativ Tatev-Aqvan yolunun tikiintisi başa çatsa da, iranlı sürücülər Gorus-Qafan yolundan istifadəni davam etdirirlər. Onların bu yoldan istifadəsinə icazə verilib.

Saytın yazdığına görə, bu yoldan ermənilərin daha sonra istifadə etməsinə icazə verilib-verilməyəcəyi məlum deyil. Xəbərdə deyilir ki, əsas yolun bağlanması Sünik vilayətinin bir neçə kəndinin sakinləri üçün çox ciddi problemlər yarada bilər. Bu kəndlərin Gorus və Qafanla əlaqəsi məhz qadağan edilmiş yolla idi.

“Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi hissələrində gömrük postlarının qoyulmasından yayınmaq olardı, amma bu, “dəhliz məntiqi” bahasına başa gələrdi”. Bunu isə Baş nazir Nikol Paşinyan noyabrın 11-də hökumətin iclasında deyib. Azərbaycanın bu gündən sözügedən yolda gömrük nəzarəti tətbiq etməyə başlayıb.

“Sual yarana bilər: bu yolda Ermənistan Respublikasının vətəndaşları və yüklərinə sərhəd nəzarətinin tətbiq olunmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, amma bunu dəhliz məntiqi bahasına etmək lazım gələrdi ki, bu da bizim üçün qəbulolunmazdır”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisindən hər hansı nəzarətsiz nəqliyyat dəhlizlərinin çəkilməsini rədd edir. O, 11 noyabra keçən gecədən gömrük və pasport nəzarəti tətbiq olunacağı haqda Azərbaycan tərəfdən qeyri-rəsmi informasiya aldıqlarını deyib. Paşinyan İrandan gələn yük maşınları ilə bağlı vəziyyətin dəyişmədiyini deyib. Onları avqustdan yoxlayırlar.

Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda regionda kommunikasiyaların açılması müzakirə olunur. Azərbaycan bu günlərdə təməli qoyulmuş Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu "Zəngəzur dəhlizi"nin bir hissəsi kimi görür. Zəngilan rayonunu Naxçıvan MR ilə birləşdirəcək həmin yolun Ermənistanın Sünik rayonundan keçəcəyi gözlənir. Ermənistan isə “dəhliz” terminindən istifadəni öz suverenliyinə təhdid hesab edir.

Baş nazir Paşinyan Ermənistandan nəqliyyatın alternativ Qafan-Aqvani-Tatev yoluna yönləndirildiyini vurğulayıb. O, onillərlə istifadəsiz qalan yolun tamamilə yenidən bərpa olunduğunu qeyd edib. “Özüm bu yolla getmişəm və keyfiyyətli yolun çəkildiyinin şahidi olmuşam. Onu yalnız qoşqulu maşınların döngələrdə keçidinə uyğunlaşdırmaq qalır. Ötən gecə bu yoldan Qafana İran maşınları daxil 100-ə yaxın maşın gedib”, – Paşinyan deyib.

Baş nazir yeni yolla Yerevandan Qafana gediş vaxtının artmadığını da qeyd edib. O, yolun bəzi hissələrində əlavə təmir aparıldığını, işlərin mümkün qədər tez yekunlaşacağını vurğulayıb. Paşinyan deyib ki, gərəkərsə, Ermənistan Gorus-Qafan yolunda gömrük, pasport nəzarəti postları quracaq.

 

Ermənistan vətəndaşlarına Gorus-Qafan yolundan istifadə qadağan edildi