Ermənilər valideynlərini və iki bacısını yandıraraq öldürüb, qardaşı şəhid olub - Soyqırım şahidinin acı xatirələri

Ermənilər valideynlərini və iki bacısını yandıraraq öldürüb, qardaşı şəhid olub - Soyqırım şahidinin acı xatirələri

Ermənilər valideynlərini və iki bacısını yandıraraq öldürüb, qardaşı şəhid olub - Soyqırım şahidinin acı xatirələri

“Xankəndidə ailəmlə birgə qaldığım zaman xəstəxanada çalışırdım, yoldaşım isə zavodda işləyirdi. Ermənilər elə 1988-ci ildən başlamışdılar Azərbaycan türklərinə qarşı təxribatlar törətməyə”.

Bu sözləri Xocalı faciəsinin şahidlərindən biri, Şadmanova Elmira Novruz qızı "Report"un Qərb bürosuna verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, ermənilərin təzyiqindən Xankəndini tərk edərək Xocalı rayonuna köçməyə məcbur olublar. Xocalı soyqırımına şahidlik ermənilərin onun həyatına vurduğu ikinci zərbə olub.

“Mənim həyatımda Xocalı faciəsindən öncə daha bir faciə baş verdi. Belə ki, 1991-ci ilin dekabr ayının 23-də, düşmən Meşəli kəndinə hücum etdi. Atamı, anamı, 17 və 15 yaşlı bacılarımı qətlə yetirib, yandırdılar. Atam və bacımın biri tamam yanmışdı. Həmin gün ermənilər qardaşlarımdan birini girov götürüb. O, avtomobilin yük yerində, qolları bağlı şəkildə aparılan zaman özünü nəqliyyat vasitəsindən yerə atıb. Bu zaman ermənilər qaçan qardaşıma atəş açıblar. Üç güllə yarası alsa da həyatda qalmağı bacardı. Digər qardaşım isə polis idi, düşmənə qarşı döyüşən zamanı Xocalıda şəhid olub”.

Onun sözlərinə görə, gündən-günə vəziyyət daha da gərginləşməyə başlamışdı, yerli sakinlər artıq Xocalının özünə də hücum olacağını hiss etmişdi:

“İnsanlar paltarlı yatırdı ki, birdən ermənilər hücuma keçər. Fevral ayının 25-dən 26-sına keçən gecə düşmən Xocalını mühasirəyə alaraq hərtərəfdən hücüma keçdi. Həmin vaxt 7, 8 və 9 yaşı olan övladlarımı da götürüb qaçmağa başladıq. Qışın soyuğu, ayaqyalın, gecənin qaranlığı və insanların fəryadı. İnanın çox acınacaqlı vəziyyət idi. O vəhşiliyi, insanlığa sığmayan hərəkətləri edən bir düşmənin əlindən sağ çıxsaq da ruhumuz zərər gördü bizim. Hər an yaxınlarımın başına gətirilən müsibətlər ağlıma gəlir”.

Qeyd edək ki, E.Şadmanova hazırda yaxınları ilə birgə Goranboy rayon Ağcakənd kəndində yaşayır.

Ermənilər valideynlərini və iki bacısını yandıraraq öldürüb, qardaşı şəhid olub - Soyqırım şahidinin acı xatirələri