Bakının bu rayonu ləğv olunur

Bakının bu rayonu ləğv olunur

Bakının bu rayonu ləğv olunur

Azərbaycanda mövcud idarəetmə sistemi elə qurulub ki, rayonların idarəçiliyində yerli icra hakimiyyəti başçılarının mühüm rolu olur. Buna görə də adətən icra başçısı vəzifədən alınan rayona tezliklə yeni rəhbər təyin olunur. 

Bakı şəhərinin Nizami rayonu bu baxımdan istisna təşkil etməkdədir: İcra hakimiyyətinin başçısı postu 1 il 34 aydır boşdur. Prezident İlham Əliyevin 2020-ci il iyulun 11-də imzaladığı sərəncamla Nizami Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Arif Qasımov vəzifəsindən azad edilib və indiyədək də onun yerinə təyinat olmayıb.

Məlumatlı mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, Nizami rayonuna yeni icra başçısı təyin olunmamasının əsas səbəbi rayonun tamamilə ləğv olunması planından irəli gəlir. Belə ki, rayonun ləğv edilməsi, ərazisinin isə Nərimanov və Xətai rayonları arasında bölüşdürülməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Nizami rayonu 1980-cı ilin noyabr ayında yaradılıb. Rayonun ərazisi 19,6 km2-dir. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Vaxtilə bu rayonların ərazisindən təşkil edilib. İndi də rayon Nərimanov və Xətai rayonları arasında bölünə bilər.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazi bölgüsünə dəyişiklik edilməsi ilə bağlı məlumatlar paytaxtın yeni Baş Planının hazırlanmağa başlamasından sonra yayılıb. Bildirilir ki, dəyişikliklər Bakıda mərkəzi rayonun yaradılması ilə bağlıdır. Belə ki, yeni Baş Plana əsasən şəhərdə Səbayel, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissələrini özündə birləşdirəcək mərkəzi rayon yaradılacağı qeyd olunur. Nərimanov rayonunun mühüm bir hissəsi alınaraq mərkəzi rayona verildiyinə görə Nizami rayonu ləğv edilib, ərazisinin əsas hissəsi bu rayona veriləcək.

Bakının bu rayonu ləğv olunur