Erməni zabitlər ordudan qaçır: Bakının 5 bəndi qəbul edilməyincə...

Erməni zabitlər ordudan qaçır: Bakının 5 bəndi qəbul edilməyincə...

Erməni zabitlər ordudan qaçır: Bakının 5 bəndi qəbul edilməyincə...

Ermənistan enində-sonunda Azərbaycanla və Türkiyə ilə sülh müqaviləsi imzalamalı olacaq. Ən əvvəl o səbəbə ki, bunsuz onun bölgədə hazırkı sərhədləri daxilində mövcudluğu, sadəcə, mümkün deyil. Ukraynaya hərbi təcavüzün nəticəsi kimi, müttəfiq Rusiyanın labüd şəkildə zəifləməsi bu perspektivi İrəvan üçün heç vaxt olmadığı qədər qaçılmaz və aktual edir.

Təəssüf ki, rəsmi İrəvan son ümidini Rusiyanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupuna (MQ) bağlayıb. Hətta MQ-ni Bakı ilə “sülh danışıqları”na cəlb eləməyə səylər göstərir. Sülh oyunu oynayır, vaxtı uzatmağa çalışır. Hərçənd MQ-nin Azərbaycanla Ermənistan arasında sülh sazişi ətrafında danışıqlar təşkil eləməyə mandatı yoxdur. Onun mandatı Qarabağ konflikti ilə bağlı idi, o da 44 günlük müharibədən sonra gündəmdən çıxıb.

Əlbəttə, Azərbaycanla ədalətli, beynəlxalq hüquqa söykənən sülh müqaviləsinin reallaşması müstəsna olaraq, erməni cəmiyyətinin, ilk növbədə də onun özünü ziyalı sayan kəsiminin və mediasının Bakı və Ankara ilə barışıq məsələsində nə dərəcədə hökumətə dəstək verməsindən asılı olacaq. Bu xüsusda qonşu ölkədəki ictimai ovqatı və bu ovqatdakı dominant notları bilmək zəruridir.

“Azərbaycanla sülh sazişinin əldə olunması ehtimalı azdır, çünki Minsk Qrupunun üzvləri çətin ki, birgə işləsinlər”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu yerli telekanala müsahibəsində İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan deyib.

Erməni ekspert: “Türkiyə bir neçə lövhədə şahmat oynayır, Ermənistanın  oyanamaq üçün geniş sahəsi yoxdur”

Onun sözlərinə görə, Azərbaycan kapitulyasiya məntiqindən çıxış edir, Ermənistan isə müqavimət göstərir. “Bakı tədricən ”artsax"a nəzarət funksiyalarını öz üzərinə götürmək istəyir, üstəlik, onlar Mehri dəhlizi olmazsa, onda qaz kəməri ilə birgə Laçın dəhlizinin də olmayacağını bildirirlər", - deyə o qeyd edib.

Navasardyanın fikrincə, “Azərbaycan və Türkiyənin əli indi sərbəstdir, lakin çətin ki, dramatik hərəkətlərə əl atsınlar”.

Erməni şərqşünas və regional məsələlər üzrə ekspert Armen Petrosyan isə Azərbaycanın öz məsələlərini həll eləmək üçün lokal zərbələr vuracağını istisna eləmir.

“Bakı ölçülüb-biçili addımlarla irəliləyir, sülhə nail olmaq üçün 5 bənd irəli sürür, İrəvan isə müqavimət göstərir və bir tərəfdən məsələni ATƏT-in Minsk Qrupu çərçivəsində həll etməyə, digər tərəfdən isə vaxt udmağa çalışır”, - Petrosyan bildirib.

Erməni ekspertin qənaətincə, hazırda geosiyasi vəziyyət Türkiyə və Azərbaycanın xeyrinə inkişaf edir, Ermənistan isə dalana dirənmiş durumdadır.

Dalan durumu isə çox uzun çəkə bilməz. Xüsusən də Ukraynadakı müharibə və İrəvanın əsas varlıq qarantı olan Rusiyanın iqtisadi-maliyyə cəhətcə zəiflədilməsi fonunda. Odur ki, satellit Ermənistan öz qəti qərarını verməlidir: ya dalanda, təcriddə qalıb Rusiyanın taleyini paylaşmaq, aqibətini bölüşmək, ya da təcili şəkildə qonşularla dil tapıb düşdüyü böhrandan qurtulmaq.

“Tamamilə aydındır ki, bütün dünyanın gözü qarşısında Rusiya Çindən asılı olan ”izqoy" (“iqnor” edilən, “tullantı” - red.) dövlətə çevrilir. Daha heç bir hegemonluq yoxdur, sadəcə, nəhəng ərazisi olan, dağılmağa məhkum bir ölkə var. Rus “Titanik”inin batmaqda olduğunu görməmək mümkün deyil. Bunu da görməmək mümkün deyil ki, Ermənistan da onunla birgə dibə gedir".

Yuxarıdakı sitat isə Armenianreport.com-dakı redaksiya məqaləsindədir...

*****

Maraqlıdır ki, bu arada erməni zabitlərin kütləvi şəkildə raport yazaraq orduda xidmətdən getdikləri barədə xəbərlər yayılıb.

“Yeni Müsavat”ın məlumatına görə, bu haqda müdafiə nazirinin müavini Armen Sərkisyan parlamentin müdafiə və təhlükəsizlik komitəsinin srağagünkü iclasında söyləyib.

Onun sözlərinə görə, bu tendensiya hələ də aktualdır.

“Hraparak” qəzeti isə yazıb ki, Ermənistan ordusunun bir neçə generalı yeni müdafiə naziri Suren Papikyana görə istefaya gedib. Bildirilir ki, fevralın 24-də Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən qəfil azad edilməsi xəbərinin ardınca daha 3 general öz vəzifəsindən istefa verib.

Əslində erməni zabit heyəti və generaliteti anlayır ki, daha kapitulyant ölkənin ordusunda xidmətin heç bir perspektivi yoxdur, ola bilməz. Həm də o səbəbə ki, yoxsul ölkənin zabitə, generala normal əmək haqqı vermək, onun sosial-məişət qayğılarını lazımınca təmin eləmək üçün maliyyə resursları kifayət qədər deyil.     

Ermənilər habelə Rusiya hesabına normal, özlərinin iddia elədikləri kimi, heç olmasa, müdafiə ordusu qurmağın mümkün olmadığını da artıq anlamağa başlayıblar.

“Rusiyadan silah almaq? Bütün dünya həmin silahların əsl keyfiyyətini gördü. Bizim ölkəmizdə bunu çoxdan bilirdilər. Rusiyanın inkar elədiyi aşkara çevrildi”.

Bu sitat da Armenianreport.com-un redaksiya məqaləsindəndir.

Yerdə nə qalır? O qalır ki, İrəvan Bakının 5 şərtini qeyd-şərtsiz qəbullanmaq zorundadır və nə qədər gec deyil, nə qədər ki, “sürünən” sülh təzədən “sürünən” müharibəyə çevrilməyib, Bakı və Ankaranın atdığı “xilas kəməri”ni götürməlidir. Əks təqdirdə, Ermənistan “Titanik”lə birgə həqiqətən okeanın dibində olacaq. Özü də tezliklə.

Erməni zabitlər ordudan qaçır: Bakının 5 bəndi qəbul edilməyincə...