Eldar Mahmudovu kim “öldürür”?

Eldar Mahmudovu kim “öldürür”?

Eldar Mahmudovu kim “öldürür”?

Dünəndən bəri sabiq nazir (ləğv olunmuş MTN-in keçmiş başçısı) Eldar Mahmudovun vəfat etməsi barədə xəbərlər yayılır. Əsasən sosial şəbəkədə yayılan, ara-sıra peşəkar mediaya da sızan xəbərin səhihliyini araşdırarkən, məlum olur ki, məşhur ifadə ilə desək, sabiq nazirin ölümü barədə informasiya çox şişirdilib.

Başqa sözlə, vəzifədən götürüldükdən sonra ictimaiyyət arasında görünməyən, ev dustaqlığı şəraitində yaşayan Eldar Mahmudovun həyatda olduğu onunla yaxın əlaqələri olan şəxslər tərəfindən təsdiqlənir. 

Bununla belə, sabiq nazirin səhhətində hər hansı bir ağırlaşmanın olub-olmadığı barədə də informasiya verilmir.

Elədirsə, belə bir xəbərin yayılması nəyə, kimə lazımdır və nə dərəcədə düzgündür?

Bu xüsusda uzun-uzadı mülahizələr yürütmək olar. Ancaq indilikdə jurnalistlərin işi xəbərin dəqiq olub-olmadığını dəqiqləşdirmək, dəqiqdirsə, yazmaq, dəqiq deyilsə, susmaq ola bilər. 

Eyni zamanda iki gün ərzində ölkənin ən qalmaqallı siyasi fiqurlarından birinin haqqında "öldü" xəbərlərinin tirajlanması faktını da görməzliyə vurmaq olmaz. Demək, bu işdə bir iş var, bu da kiməsə lazımdır.

Onu da qeyd edək ki, son aylarda sabiq MTN-in adı keçən məhkənə proseslərində ləğv olunmuş nazirliyin ayır-ayrı əməkdaşlarının, eləcə də, sabiq nazirin adının intensiv şəkildə hallandırılması onun həbsini gündəmə gətirir, "nədən həbs olunmur" sualı yaradır. 

Bu fonda E.Mahmudovla bağlı belə bir xəbərin yayılması maraqlı görünür.

Hazırda E.Mahmudovun 67 yaşı var. O, 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olUB. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib.

1993–2003-cü illərdə sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan SƏDM-İN (OBXSSi- varisi olan İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

23 iyul 2004-cü ildə o, milli təhlükəsizlik naziri təyin olunub.

17 oktyabr 2015-ci ildə E.Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. O vaxtdan bəri o, ictimaiyyət arasında görünmür, ya məcburən, ya da öz arzusuyla guşənişin həyat tərzi keçirir.

E.Mahmudova qarşı ittihamlar əsasən onun rəhbərlik etdiyi nazirliyin yüksək rütbəli əməkdaşlarının dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan nazirliyi iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə çevirmələri, ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını həbs edib, onlardan külli miqdarda xərac almaları ilə bağlıdır.

Məhkəmələrdə ifadə verən şahidlər əsas təqsirkar kimi barmaqlarını E.Mahmudova tuşlayır, onun adını çəkirlər.

Musavat.com

 

Eldar Mahmudovu kim “öldürür”?