“Bu ərazilər sülhməramlıların məsuliyyətindən kənar bölgədir” - Şərhçi

“Bu ərazilər sülhməramlıların məsuliyyətindən kənar bölgədir”

“Bu ərazilər sülhməramlıların məsuliyyətindən kənar bölgədir” - Şərhçi

Soçi görüşü ərəfəsində Rusiya sülhməramlılarının fəaliyyəti yenidən müzakirə obyektinə çevrildi. Əksər ekspertlər bu fikirdədir ki, 2020-ci il 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Baş verən kiçik insidentlər isə sistematik xarakter daşımır. Məsələyə bu prizmadan yanaşanda sülhməramlıların fəaliyyəti qənaətbəxş hesab olunur. 

Politoloq İlyas Hüseynov Polemika.az-a açıqlamasında sülhməramlıların fəaliyyətini və regionda baş verən prosesləri şərh edib. Qeyd edib ki, bu məsələyə bu gün Soçidə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Cənab Vladimir Putin arasında keçirilmiş görüşdə də toxunulub:

“16 noyabr tarixində sərhəd toqquşmalar Azərbaycan və Ermənistan sərhədində baş verdi. Bildiyiniz kimi, bu ərazilər sülhməramlıların nəzarət etmədiyi, onların məsuliyyətindən kənar bir bölgədir. Rusiyanın əsas istəyi bundan ibarətdir ki, həmin əraziyə də sülhməramlılar cəlb olunsun və sülhməramlı kontingentin bölgədə olması tərəfləri qanlı toqquşmalardan sığortalayacaq. Rusiyanın siyasi baxışı bundan ibarətdir”.

İ. Hüseynov onu da vurğulayıb ki, tərəflər arasında keçirilmiş danışıqlarda sülhməramlıların mandatı ilə bağlı fəaliyyət haqqında da bəzi fikirlər yer alıb:

“Düşünürəm ki, Qarabağda yelrəşdirilmiş sülhməramlıların ilk öncə mandatı müəyyənləşdirilməlidir. Beynəlxalq hüquqda qeyd olunan sülhməramlılara dair əsas hüquq və vəzifələr müəyyən edilməlidir ki, onlar beynəlxalq hüquq prizmasında öz fəaliyyətlərini qura bilsinlər. Daha sonrakı mərhələdə isə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesində sülhməramlıların bölgəyə yerləşdirilməsi məsələsini müzakirə etmək olar”.

“Bu xüsusda əsas məsələ həm də Ermənistana qarşı siyasi və iqtisadi təzyiqlərin artırılmasıdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri Ermənistan tərəfindən qəbul olunsun və Azərbaycanın ərazi bütövlüyü konteksində bütün məsələlər nəzərdən keçirilsin.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı mübahisə predmeti deyil və bu, Ermənistan tərəfi üçün də açıq şəkildə qeyd olunmalıdır. Ermənistan bunu qəbul etməli və diplomatik siyasi danışıqlar prosesində bu məsələ əsas prioritet təşkil etməlidir”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

“Bu ərazilər sülhməramlıların məsuliyyətindən kənar bölgədir” - Şərhçi