"Bu milləti nə qədər ağlatmaq olar?!" - Nadir əsəbləşdi

"Bu milləti nə qədər ağlatmaq olar?!"

"Bu milləti nə qədər ağlatmaq olar?!" - Nadir əsəbləşdi

Xəbər verildiyi kimi, bir müddət əvvəl müğənnilər Xatirə İslam, Natəvan Həbibi və reper Elşad Xosenin verilişlərə çıxmaq üçün qonorar istəməsi geniş müzakirələrə səbəb oldu.

Bəziləri onlara dəstək olsa da, bir qrup insan sənətçilər haqda  qalmaqallı fikirlər səsləndirməyə davam etdi.

Mövzu ilə bağlı Polemika.az-a danışan müğənni Nadir Qafarzadə bu gün efirlərin əvvəlki nüfuzunun olmadığını deyib:

“Mən son vaxtlar heç efirə də çıxmıram. Müğənnilərə efir üçün qonorar verilib-verilməməsi barədə danışmaq istəmirəm. Çünki danışsam hamı qalacaq kənarda yapışacaqlar mənim yaxamdan. Ona görə də mən neytral mövqeyimdə qalıram. Onsuz da efirə getmirəm. Dəvətlər alsam belə çox nadir hallarda verilişlərə qatılıram. Onsuzda maraqlı heç nə yoxdur, heç televiziyalara baxan da yoxdur, mən heç özüm bizim verilişlərə baxmıram. Sonuncu dəfə televiziyaya nə vaxt baxmışam yadıma gəlmir. İnsanlar yadırğayıb, televiziyalardan uzaqlaşıblar. Artıq istədiyimiz məlumatları sosial şəbəkələrdən ala bilirik. Düzdür, çox vaxt sosial şəbəkələrdə də yalan məlumatlar verilir, amma istər-istəməz oxuyuruq. Mən özüm artıq bilirəm ki, hansı xəbər yalandır, hansı doğru. Xəbərin  yazılış tərzindən, başlığından bunu hiss edə bilirəm, çünki illərdir bu işin içindəyəm”.

İfaçı son vaxtlar yerli telekanallara nadir hallarda baxdığını qeyd edib:

“Televiziyaya çox az baxıram, baxsam da rus kanallarına, heyvanlar aləminə baxıram. Bu kanallar ürəyimcədir, istədiyim şeyləri ordan tapa bilirəm.Bizim kanallara da hərdən baxıram, amma son zamanlar ürək açan heç nə görmürəm. Hara baxırsan ağlaşma... Nə qədər ağlaşma olar, ay balam, bu milləti nə qədər ağladarlar?!”

Qafarzadə bu gün efirdə gedən yumoristik proqramlarla bağlı da fikirlərini bölüşüb. O, bu tip verilişlərin aşağı səviyyəli yumordan və beldən aşağı zarafatlarla dolu olduğunu bildirib:   

“Ağlaşma olmasa da bayağı, ucuz gülüşlər var. Əvvəllər də bizim gülüş ustalarımız var idi, onlar söyüş söymədən, etika çərçivəsində bizi güldürürdülər. Amma indikilər mütləq etik olmayan sözlər deyir, beldən aşağı zarafatlar edirlər. Ona görə də mən gülə bilmirəm, gərək bağışlayasınız. Məni başqaları güldürə bilirsə, onlara baxıram, burada nə var? İnsan zövqü azaddır, əlində pult var, harada ürəyincə olan veriliş varsa, çevirib baxa bilərsən”.  

Əsmətxanım 

"Bu milləti nə qədər ağlatmaq olar?!" - Nadir əsəbləşdi