Biz həmrəy olanda tək yumruq oluruq

Biz həmrəy olanda tək yumruq oluruq

Biz həmrəy olanda tək yumruq oluruq

Qələbəmizin qazanılmasında milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır. 31 dekabr 1989-cu ildən başlayan Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizim həmrəy olduğumuzun ssimvolik bir günü kimi qeyd olunur. 2020-ci ildəki 44 günlük Vətən Müharibəsində issə bu həmrəylik  pik həddinə çatdı. Xalqın Vətənə, əsgərə və torpağa olan məhəbbəti bu yolda canından keçməyə hazır olan kəslər üçün bir işarə idi. Axı Vətən bizim nitqimizin nida yeridir.

Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Qələbənin miqyasını dərk etməkdə, necə deyərlər, onu həzm etməkdə, onun miqyası və mahiyyətini, keçmişin qara ləkəsini yuyub gələcəyə necə işıq saldığını layiqincə dəyərləndirməkdə hələ zamana ehtiyacımız var. Zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacağıq.

Polemika.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bildirib ki, Azərbaycan xalqının həmrəyliyini tarix ərzində dəfələrlə görmək olar:

“Əgər biz son 100 ilin tarixinə nəzər salsaq, istər Cumhuriyyət dövründə, istərsə də Azərbaycanın milli oyanışı dövründə, Azərbaycan torpaqları uğrunda gedən mübarizədə Azərbaycan xalqının fədakarlıqla şücaət göstərdiyinin şahidi oluruq.

1988-ci ildə ermənilərin Azərbaycan torpaqlarına, konkret olaraq Qarabağın dağlıq hissəsinə iddiası ilə bağlı təcavüzkar siyasəti başlayan zaman, Azərbaycan xalqı mütəşəkkil olaraq öz etirazını və haqlı mövqeyini ortaya qoydu və bu tarixə Meydan Hərəkatı kimi daxil oldu. 

“1988-ci ildə Şuşa yaxınlığındakı Topxana meşəsində, Azərbaycanın tarixi bir ərazisində ağaclara, hətta əsrlərlə mövcud olmuş bir məkanda baş verən ekoloji terrora və mərkəzi hakimiyyətin Azərbaycana qarşı ədalətsiz mövqeyinə bir etiraz olaraq xalqın ayağa qalxması, getdikcə vüsət tapmağa başladı. 1988-ci ildə biz Azərbaycan xalqının həmrəyliyini, mütəşəkkiliyini gördük. Heç bir xarici dəstək və heç bir təzyiq və yaxud da təsir göstəricisi olmadan sosial zümrəsindən, dinindən, yaşından asılı olmayaraq bütün regionları əhatə edən və təbii ki, Azərbaycandan kənarda yaşayan, azərbaycanlıların haqq səsinə səs verən həmvətənlərimizin birliyini gördük”.

“Baxmayaraq ki, həmin dövrdə hələ bizim kənarda Azərbaycan diasporalarının formalaşması barəsində ciddi danışmaq olmazdı. Sonra biz 90-cı ildə Yanvar faciəsi zamanı yenə də sovet ordusunun müdaxiləsi zamanı, baxmayaraq ki, orada güllə qarşısında həlak olmaq təhlükəsi var idi, amma şəhidlərimizi dəfn edərkən mütəşəkkil şəkildə xalqın dəfn mərasimində səssiz, sükutlu bir etirazını gördük.

1989-cu ildə bizim Cənubi Azərbaycanla olan sərhədləri 70 il müddətində dəmir sədd kimi saxlayan Sovetlər Birliyinin qurduğu istehkamların dağıdılmasını gördük və soyuq bir dekabr ayında, Araz çayında o həsrəti hər iki tərəfdən axın etməklə çox böyük bir emosional təssüratın mənzərəsi olan bir vəziyyətdə bu xalqın birliyini, bir-birinə əsrlərin həsrətinə son qoyub qovuşduğu məqamı gördük. Təsadüfi deyil ki, elə 1989-cu ildə dekabrın 31-də istehkamların sökülməsi ilə Dünya Azərbaycanlarının Həmrəylik Gününün elan olunmasının bir tarixi, siyasi və mənəvi əsası var idi.

Təbii ki, bu hüquqi baxımdan həmin dövrdə sovet rəhbərliyi tərəfindən böyük təzyiqlərlə və etirazla qaşrılanmışdı, amma həmin dövrdə Naxçıvan MR, artıq müstəqilliyini elan edəndə, məhz bu günün qeyd olunması məsələsi, artıq hüququi müstəvidə öz həllini tapdı, sonra isə Ümumazərbaycan səviyyəsində hər il qeyd olunmalıdır”, - deyə alim əlavə edib.

F. Əhmədova 44 günlük Vətən Müharibəsi dövründəki milli həmrəyliyimizi şərh edərkən deyib:

“Nəhayət 30 illik əsarət altında qalan torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən Müharibəsi nəticəsində həllini tapanda, yenə də Azərbaycan xalqının daha yüksək səviyyədə həmrəyliyini, mütəşəkkiliyini gördük və bu zaman, artıq dünya azərbaycanlılarının, o cümlədən, Güneydə yaşayan bütün Azərbaycan xalqının biz həmrəyliyini gördük. 

Bu barədə o qədər təsiredici bariz nümunələr var ki, hətta Azərbaycan sərhədlərini həmin dövrdə gəlib keçib bu Vətən Müharibəsində iştirak edib Vətən uğrunda, Azərbaycan torpaqlarının azad olunması uğrunda vuruşmaq istəyən nə qədər həmvətənlərimiz var idi ki... Amma onlar Azərbaycan vətəndaşı olmadıqlarına görə və buna imkanları olmasa belə, onlar dünyanın aparıcı siyasi mərkzələrinə toplaşıb Azərbaycanla həmrəy olan siyasi aksiyalar keçirdilər.

Demək olar ki, nə qədər Azərbaycan daxilində əsrlərlə burada yaşayan xalqların nümayəndələri həmrəylik göstərirdisə bu müharibədə, eyni səviyyədə biz Azərbaycanın hüdudlarından kənarda bütün ölkələrdə yaşayan həmvətənlərimizin nəinki həmrəylini gördük, hətta onlar informasiya müharibəsində, siyasi aksiyalar keçirməklə, bu məsələni gündəmdə saxlamaqla sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün o qədər fəal idilər ki... 

Kilometrlərcə uzağa gedib Güney Azərbaycanımızdan Avropaya, onların siyasi mərkəzlərinə gedib, o siyasi aksiyalarda iştirak edən saysız-hesabsız həmvətənlərimiz var idi. Yaxud da bura gəlib müharibə həqiqətlərini çəkib dünyaya yayan həmvətənlərimiz”.

Tarixçi onu da vurğulayıb ki, 44 günlük müharibə zamanı həm də azərbaycanlıların həmrəyliyi, milli mütəşəkkilliyi növbəti dəfə yüksək göstərici ilə sınaqdan keçdi: “Bunun böyük bir əhəmiyyəti var. Bu Azərbaycan xalqının həmrəyliyinin 44 günlük müharibə zamanı göstərdiyi səviyyə dünya dövlətlərinə bir mesaj oldu ki, bu xalqı hər hansı bir zəmində parçalamaq üçün, hər hansı bir münaqişə toxumu səpmək üçün heç bir uğurlu şans ola bilməz. Çünki nə qədər belə cəhdlər olmuşdusa, yenə də dini və etnik zəmində bu xalqı parçalamaq mümkün olmadı. 44 günlük müharibə bunu bir daha göstərdi ki, istər Azərbaycandaxili bölgələr, istərsə də fərqli etnik milli azlıqların hamısı bir yumruq olaraq özlərini ümumvətənin müdafiəsinə qalxdılar.

Bu həm də siyasi bir mesaj oldu ki, Azərbaycanla bağlı hər hansı bir ədalətsiz qərar, münasibət göstərmək cəhdi olarsa, onun qarşısında dünya azərbaycanlılarının həmrəyliyini və birliyini görəcəklər. Bu baxımdan bu çox mühüm hadisədir və hesab edirəm ki, hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunarkən bu tarixlər mütləq yada salınmalıdır. Çünki əvvəlki mərhələlərə müraciət etdikdə, xalq həmin dərslər yeni bir güc alır və daha mütəşəkkil olur. Hər dəfə bu tarixi prosesin mahiyyətini gündəmdə saxlamaq və işıqlandırmaq lazımdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə düşünür ki, bu, son 200 ildə Azərbaycan xalqının ən ciddi iradəsidir ki, ölkəsinin bölünməsinə etiraz etdilər:

“Sərhəd hərəkatı möhtəşəm bir hərəkat idi. Sərhəd, təkcə kommunikasiya xətlərinin qırılması demək deyil, o xalqın birliyi idi.

Son müharibə dönəmində də ölkəmizdə qələbənin əsası bu birliyə bağlı idi. Həm ölkə daxilində bütün siyasi partiyaların, əhalinin bir yerdə olması, kimin əlindən nə gəlirsə, bir vətəndaş və bir əsgər kimi ortaya qoyması, diasporda olan insanlarımızın da eyni fədakarlığı göstərməs və s. Bunlar mühüm hadisələrdir”.

“2020-ci ildə Azərbaycan xalqı ilin ən döyüşkən xalqı elan olundu. Bizim xalqımız 1989-cu ildə də ilin ən mübariz xalqı elan olunmuşdu. Bu, onu göstərir ki, xalqın mahiyyətində birlik və bütövlük, problemləri bir yerdə həll etmək cəhdi, fədakarlıq, şərəf və ləyaqətin nəyin bahasına olursa, olsun qorumaq əzmi var idi və bu çox mühüm məsələdir. Bundan sonra da qarşımızda çox böyük məsələlər, hədəflər dayanıb. Biz postmüharibə dövrünün ağırlıqlarını, Azərbaycan üçün tarixi ədalətsizliklər var ki, onları aradan qaldırmalıyıq, Azərbaycanın ədalətli status-kvosu bərpa olunmalıdır. O mənada bundan sonra ciddi həmrəyliyə və birliyə ehtiyyac var”, - deyə Fərəc Quliyev fikirlərini tamamlayıb.

Milli Azadlıq hərəkatının öncülərindən olmuş Ənvər Əliyev isə düşünür ki, tarixin müəyyən situasiyaları var ki, o zaman insanlar məcbur olaraq, millət, xalq kütlə kimi birləşməyə, həmrəy olmağa məhkum olur:

“Ancaq bizim 1988-ci ildəki birləşməyimiz ölkəmizə qarşı çevrilmiş haqsızlığa olan bir irad idi. Mən bir şeyi fikirləşirdim ki, tarixən ermənilərin birliyi, diasporası adla deyilirdi və çox güclüydülər. Moskvadan Bakıya gələn qonaqlardan biri – Yevgeniy Primakov belə bir söz işlətdi ki, biz erməni təşkilatçılığından çox qorxurduq, amma Meydan Hərəkatından sonra azərbaycanlıların daha möhkəm və ciddi olmaları, onların yadından çıxmamışdı. Onlar başa düşdülər ki, elə xalqlar var ki, onlar özgələrinin olan şeyləri onların əlindən almağı özündə birləşdirir, elə xalqlar isə var ki, torpağı ondan qat-qat güclü qoruyan biləndir və hansı ki, onlar bunu Azərbaycandan gözləmirdilər”.

Ə. Əliyev onu da vurğulayıb ki, Azərbaycan xalqının birləşməsi, onun həmrəyliyi tarixi çox sübut olunub:

“O sübutların ən böyüyü 44 günlük müharibəmizdə oldu və dünyada belə qərara gəlindi ki, Azərbaycan xalqının 44 günlük müharibəsi doğrudan da yeni tarixin ən müqəddəs, ən böyük və ən ciddi bir hərəkatı idi. O həmrəylikdə təkcə qoşunların, texnikaların və s. şeylər deyil, xalqın bütövlüyüdür. Hansı ki, xalq qaça-qaça maşınların dalınca düşürdü ki, ərzaq versin əsgərlərə.

Polkovnik tanışım var, mənə ağlayaraq deyirdi ki, bir uşaq var idi və əlində kağız tutub dayanmışdı orada. Mən maşını saxlatdım və belə başa düşdüm ki, onun əlindəkini almazsam, o inciyər. O uşağın əlində iki dənə yumurta, bir az kartof və çörək var idi. Uşağın əlindən onu alanda mən ağladım. Bunun özü çox böyük bir mənadır. Xırda bir detaldır, amma Azərbaycan xalqının ön və arxa cəbhədəki fədakarlığı, o insanların sonuncu satışa çıxarıdğı ərzaqlarını əsgərə pay vermələri, hətta götürməyəndə incik qalmaları, bir daha sübut edirdi ki, bu millətin nəhəng daxili potensialı var. Bu elə bir gücdür ki, bununla hesablaşmamaq mümkün deyil.

Bu millət zamanın bütün sınaqlarından normal çıxıb və onun bütövlüyü və bir millət kimi birləşməyə haqqı var”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi; ” istiqaməti üzrə hazırlanmışdır.

Biz həmrəy olanda tək yumruq oluruq