Azərbaycanda elmi necə inkişaf etdirmək olar?

Azərbaycanda elmi necə inkişaf etdirmək olar?

Azərbaycanda elmi necə inkişaf etdirmək olar?

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən dəyişikliklərdən sonra ağıllarda bir sual dolanır: Bundan sonra Azərbaycan elmini nə gözləyir? Nə etmək lazımdır ki, bizdə də elm inkişaf etsin?

Ramiz Mehdiyevdən sonra Akademiyanın elmə olan yanaşmasında islahatlarınhəyata keçirilməsi artıq şərtdir. Bu fikirlərlə bir çox siyasilər və alimlər də çıxışlar ediblər. Azərbaycanda elmin inkişafı üçün hanssı addımlar atılmalıdır? Akademiyada bundan sonra hansı islahatlar aparılmalıdır? Akademiyanın elmə verəcəyi töhfələri yüksəltmək üçün nələr edilməlidir?

Polemika.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Akademiyada islahatlarla bağlı bir neçə dəfə cənab Prezidentin sərəncam və fərmanları olub:

“Akademiya sisteminin maaşı qalxmalıdır”

“Amma təəssüf ki, biz bu günə kimi konkret ciddi addımların atılmasının şahidi olmamışıq. Hesab edirəm ki, Akademiyada atılması vacib addımlardan birincisi, burada elmi mühitin yaradılmasıdır. Təəssüf ki, son vaxtlar elmi mühit arzuolunan səviyyədə deyil. Zaman-zaman qalmaqallar olub, zaman-zaman biz müxtəlif müzakirələrin şahidi olmuşuq. Öncəliklə, Akademiya sisteminin maaşı qalxmalıdır, çünki institutlarda maaş çox aşağıdır. Çox aşağı olduğuna görə də, Akademiya sisteminə maraq ciddi şəkildə azalıb. Yəni maaş məsələsinə baxmaq lazımdır”.

Tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov isə Akademiyadakı rəhbər dəyişikliyindən danışıb. O, bildirib ki, AMEA bundan sonra Arif Həşimovun rəhbərliyi ilə böyük uğurlar əldə edəcək:

“Mən Arif Həşimovu tanıyıram. O çox yüksək intellektə, mədəniyyətə malik bir insandır. Fizika elmi sahəsində böyük naliyyətlər əldə edən bir alimdir. Mən onun yalnız ən yüksək keyfiyyətlərini deyə bilərəm. Bir insan və alim kimi çox səmimi bir insandır. 

20 ildən çoxdur onu tanıyıram. Ona görə də, mən güman edirəm ki, o, həm də çox yüksək əxlaq və mədəniyyətlə birliklə, yeni düşüncəyə malik bir insandır. Modern fikirlərin təşəbbüskarıdır. Ona görə də, hesab edirəm ki, bu dəyişiklik çox böyük uğur gətirəcək”.

Yaşlı və gənc nəslin harmoniyası…

Millət Vəkili Ceyhum Məmmədov hesab edir ki, atılacaq digər addım Akademiyanın öz işini daha çox tədqiqatyönümlü qurmasıdır. “Bu çox önəmlidir. Bu gün müxtəlif istiqamətlər üzrə araşdırmaların aparılması, tətqiqatların həyata keçirilməsi, bu istiqamətdə dövlətə müəyyən təkliflərlə çıxış edilməsi yönündə addımlar atılmalıdır. 

Akademiyanın institutlarının fəaliyyətinə baxılmalıdır. Bu institutların böyük əksəriyyəti sovet dövründən formalaşdırılmış instutlardır. Bu institutların fəaliyyətlərinin kompaktlaşdırılmasına, eləcə də, Akademiyanın xarici təcrübəni ciddi şəkildə öyrənməsinə də ehtiyac var. Bir sıra dövlətlərdə hansı formada bu tətqiqat institutları işlərini qurubsa, o məsələyə mütləq şəkildə baxılmalıdır. 

Bu gün Akademiya sistemində yaşlı nəslin təcrübəsindən istifadə etməliyik. Ancaq Akademiyada bu gün çoxlu sayda yaşlı insanlar var. Hesab edirəm ki, artıq yeni, savadlı və bilikli kadrlara imkan yaradılması məsələsi nəzərdən keçirilməlidir. Bu gün biz, əlbəttə, yaşlı nəslin biliyindən və bacarığından istifadə etməliyik. Lakin bu gün, artıq çox yaşlı insanlar var ki, onlar öz əmək qabiliyyətini itiriblər və arzuolunan səviyyədə fəaliyyətlərini davam etdirə bilmirlər. Ona görə də, bu məsələyə baxılmalıdır”.

Cəbi Bəhramov isə məsələlərin əsasən idarəçiliklə bağlı olduğunu düşünür və hesab edir ki, Akademiyadakı rəhbər dəyişikliyindən sonra bütün məsələlər öz həllini tapacaq Çünki: 

“Nəhayət, cəmiyyətin, dövrün tələblərinə uyğun, ökəmizin elmə olan ehtiyaclarını müəyyən edib ən vacib və mühüm sahələrin inkişafı üçün Arif müəllim böyük imkanları yaratmaq imkanına malik insandır. 

Əsas söhbət elmin bütün sahələrindən gedirsə, Arif müəllimin özü uzun müddət ərzində AMEA-da birinci vitse-prezident kimi fəaliyyət göstərib. AMEA-nı çox dərindən bilir, eləcə də, bütün elm sahələrinin problemlərini anlayır və ona görə də, səlahiyyətlərin ona verilməsi çox düzgün və doğru qərardır. İnşallah, biz onun atdığı addımları görəcəyik. Tədbirlərimiz də elmimizə və ölkəmizə böyük xeyir gətirəcək”.

Elm aləminə əlvida deyənlər…

Ceyhun Məmmədov doktoranturaya qəbul prosessindəki çətinliklərdən də gileylənib:

“Akademiya sistemində bizim bilavasitə təhsilimizlə bağlı olan məsələlərdən biri də doktorantura məsələləridir ki, buna da baxılmalıdır. Doktorantura bir mərhələdən olmalıdır, nəinki iki mərhələ. Doktorantura mərhələsi nisbətən asanlaşdırılmalıdır. 

Çünki kifayət qədər çox ağır bir prosesdir və xüsusilə də burada ingilis dilinin bir şərt və tələb kimi qoyulması, əslində, bir tərəfdən yaxşıdır, digər tərəfdən isə bizim vətəndaşlarımızın böyük əksəriyyətinin hələ də ingilis dilini yüksək səviyyədə bilmədiyinə görə, bu da, Akademiya sisteminə ciddi təsir göstərir. 

Elmə maraq azalır, çünki mən çoxsaylı insanlar tanıyıram ki, onlar bu çətinliklərə görə, artıq ayrı-ayrı istiqamətlərə yönəlib və öz fəaliyyətlərini o istiqamətdən davam etdirirlər”.

“Maddi texniki baza institutlarda daha da genişləndirilməlidir. İnstitutlaırn fəaliyyətində tətqiqatyönümlü fəaliyyətə daha çox yer verilməlidir. Yəni bu büdcələr, əsasən maaşdan ibarət olur, ancaq maaşla bərabər tətqiqat üçün şərait yaradılsın ki, alimlər xarici ölkələrə ezam olunsun və orada tətqiqat imkanları yaransın. Hesab edirəm ki, elmi araşdırmaların nəşri üçün kifayət qədər vəsaitin ayrılması lazımdır.

Akademiya sistemində qəbul mərhələsində şəffaf bir sistemin qurulması çox vacibdir. Bu gün Akademiya sisteminə qəbul çətinləşdirilib, demək olar ki, dayandırılıb, amma şəffaf və aydın mexanizmlər olmalıdır ki, vətəndaşlar bilsin ki, hansı qaydada buraya daxil olub burada işləmək imkanı əldə etmək olar”, - deyə o vurğulayıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Azərbaycanda elmi necə inkişaf etdirmək olar?