Azərbaycan ordusu dağ komando birlikləri yaradır. Bu nədir?

Azərbaycan ordusu dağ komando birlikləri yaradır. Bu nədir?

Azərbaycan ordusu dağ komando birlikləri yaradır. Bu nədir?

“Azərbaycan ordusunda bir neçə yeni qurum - əməliyyat komando qurumları, briqadaları yaradılır”.

Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib. Azərtacın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri, ordu generalı Hulusi Akarla keçirilən mətbuat konfransında deyib ki, gələcəklə bağlı böyük planlar var.

Onun sözlərinə görə, komando briqadalarının çoxsaylı hərbi qulluqçuları Türkiyədə təlim keçib Azərbaycana qayıtdıqdan sonra ən mühüm birləşmələrdə xidmətlərini davam etdirirlər.

"Azərbaycan ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk", - Zakir Həsənov deyib.

Cənab Həsənov bildirib ki, müharibədən sonra ölkə Prezidentinin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan ordusunda təşkilat tədbirləri həyata keçirilib. Nazir deyib ki, hazırda Azərbaycan ordusu Türk Silahlı Qüvvələrinin modelinə uyğun təşkil edilməkdədir.

Hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov BBC News Azərbaycancaya deyib ki, nazir yeni qurum dedikdə, əslində yeni dağ komando hərbi hissələrinin yaradılması haqqında danışıb. Üzeyir Cəfərov bildirib ki, haqqında danışılan yeni hərbi hissələrdə xidmət edənlər Türkiyədə təlim keçiblər və onlar artıq Azərbaycanda fəaliyyətə başlayıblar.

Bu yaxınlarda müdafiə naziri işğaldan azad olunan bölgələrdə yaradılan həmin yeni hərbi hissələrdə olub. Bu yeni hərbi hissələr relyefə uyğun olaraq həmin ərazilərdə xidmət apara bilən hərbi birləşmələrdir", - polkovnik Cəfərov deyib.

Onun sözlərinə görə, təlim keçən hərbçilər ən çətin dağ şəraitində, suda, dərədə hərəkət edə bilən, xidmət aparan əsgər və zabitlərdilər. "Orada daha çox müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular, kiçik komandir heyyəti olur. Onlar sırf peşəkarlardan ibarət olacaq. Bu yenilikdir, Türkiyə ordusunda çoxdan vardı. Bizim orduda yalnız bir dağ hərbi hissəsi vardı indi isə artıq bizdə belə hərbi hissələrin sayı artırılır", - Üzeyir Cəfərov deyib.

Təhlilçi onu da deyib ki, bundan əvvəl də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparmaq üçün yeni mühəndis-istehkam bölükləri yaradıldı. O bu iki yeni hərbi birləşmələri Azərbaycan ordusunda "yeni qurumlar" hesab edir.

Bu ilin oktyabrın 19-da müdafiə naziri Zakir Həsənov yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub. Müdafiə Nazirliyinin məlumatına görə, nazir həmin hərbi hissədə Türkiyədə uzun müddətli "Komando hazırlığı kursu" keçmiş şəxsi heyətə beretləri (baş geyimi) təqdim edib.

Ötən ilin oktyabrnda Prezident İlham Əliyev Türkiyənin TRT kanalına müsahibəsində deyib ki, Azərbaycan Türkiyə Ordusunun daha kiçik modelini qurur.

 

Azərbaycan ordusu dağ komando birlikləri yaradır. Bu nədir?