Azərbaycan mediası hara gedir? Stringerlikdən qanuni fəaliyyətə keçid

Azərbaycan mediası hara gedir? Stringerlikdən qanuni fəaliyyətə keçid

Azərbaycan mediası hara gedir? Stringerlikdən qanuni fəaliyyətə keçid

Son illərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın bütün sahələrində islahatlar gedir. Hazırda mətbuat sahəsində də geniş islahatlara start verilib. Bu prosesin davamı olaraq “Media haqqında” qanun layihəsi hazırlanıb. Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin bu sahə ilə bağlı siyasi iradəsini təcəssüm etdirir.

Media dolayısı ilə cəmiyyətin hər bir üzvü ilə ünsiyyətdə olduğundan qanun layihəsi maraqla qarşılanıb. Demək olar ki, bir neçə gündür layihə gündəmdə müzakirə olunan əsas mövzulardan biridir. Layihə bir sıra özəlliyi ilə diqqəti cəlb edir. İlk özəllik odur ki, Azərbaycanda ilk dəfə olaraq online media ilə bağlı qanuvericilikdə tələblər öz əksini tapır. Digər məsələ yazılı, audio-vizual və online medianın fəaliyyəti vahid bir qanunla tənzimlənir. Media reysterinin yaradılması, akkretidasıya, vahid jurnalist vəsiqəsi və digər amillər də yenilikdir. Bəs bu layihəyə hansı reaksiyalar və hansı gözləntilər var.

Yenin qanun haqqında fikirlərini “Polemika.az”la bölüşən deputat Bəhruz Məhərrəmov deyir ki, ümumiyyətlə, millət vəkilləri qanunvericilikdə qanunu ilk götürəndə ona peşəkar qismdə yanaşırlar:

“Bu “Normativ hüquqi aktlar haqqında qanun”un tələblərinə cavab verir. Ortada kəskin açıq qalan, ziddiyət yaradan məqamlar yoxdur. Eyni zamanda nəzərə alsaq ki, bu günə qədər tənzimlənməyən fəaliyyətlərin tənzimi ideyası var burada, hesab edirəm ki, müsbət məcarada formalaşmış bir qanundur”.

Millət vəkili əlavə edib: “Ən müsbət cəhəti də bilirsiniz nədir? Ayı-ayrı orqanların əvvəllər dispozitiv imkanları olurdu. Yəni daha çox həmin orqanlar qərar verirdi ki, bunu edim, yoxsa başqasını edim və s. İndi həmin münasibət daha çox medianın özündədir. Media özü, artıq daha çox dispozitiv imkanlara sahibdir ki, hansını seçim deyə.

Bu var və təbii ki, mübahisəli məqamlar da ola bilər. Hələ qarşıda bizim iki komitənin hər birində iki oxunuş və ondan sonra plenar iclasda üç dəfə oxunuş olacaq. Bu müddət ərzində ictimai müzakirələr gedir. Nə çatışmazlıqlar olsa, təbii ki, baxılacaq, amma ümumilikdə mən qanunu müsbət yanaşma hesab edirəm.

Həmçinin mən qanunun nisbətən daha korrekt olmasını istəyirəm. Biz qanunla bütün münasibətləri əhatələməyi cəhd etməməliyik. Qanun, sadəcə ümumi yanaşmaları müəyyən etməlidir. Bu mənada xüsusi bir əlavə düşünmürəm”.

“Qaynarinfo” saytının rəhbəri Zahir Əzəmət isə düşünür ki, müstəqillik dövründə onlayn media ilə bağlı bir sıra tənzimlənmələrə ehtiyac var idi:

“Təbii ki, mən daha çox onlayn media üzərindən bəzi fikirlər bildirə bilərəm. Müstəqillik dövründə onlayn media ilə bağlı bir sıra tənzimlənməyə ehtiyac var idi. Çünki bunun statusu, təsnifatı bəlli deyildi. Bununla bağlı müəyyən əziyyətlər çəkirdik. 

Uzun illərdir, təkcə 15 ildən yuxarıdır ki, mən onlayn media sahəsində fəaliyyət göstərirəm. Yeni qanunda, artıq bununla bağlı çox ciddi addımlar atılıb. Hesab edirəm ki, bu onlayn medianın öz işini daha yaxşı formada təşkil etməsinə, qurmasına dəstək verəcək”.

Jurnalist onu da vurğulayıb ki, yeni qanun layihəsi ilə bağlı müəyyən iradlar və təkliflər də ola bilər və var:

“Bizim də bu istiqamətdə müəyyən təkliflərimiz mövcuddur və yazılı şəkildə təqdim etmişik ki, müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Digər tərəfdən bir çox ölkələrdə, bəzi Avropa ölkələrində, eləcə də qonşu Türkiyədə vahid kart sistemi də mövcuddur və bu da müəyyən güzəştlərə və koordinasiyaya kömək edir. Bunun da tətbiqi məncə, yaxşı və uğurlu haldır.

Orada bəzi suallarımız da var ki, tutaq ki, reyestrə salınmaq üçün jurnalistlərin 3 ilə yaxın iş stajının olması məsələsi bizdə müəyyən suallar yaradır. Çünki jurnalistikanı yeni bitirmiş bir şəxs, oraya gələndə 3 il boyunca onun statusu necə olacaq məsələsi qaranlıq qalır. Digər tərəfdən 3 il staj məsələsində bu da məlumdur ki, hələ jurnalistikada çalışan insanların bir çoxu rəsmi əməkhaqqı almadığına görə, bu 3 il rəsmi staj məsələsi müəyyən problemlər yarada bilər. Bu kimi nüanslarla bağlı fikirlərimiz var”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, fikir və mətbuat azadlığı məsələsində əldə etdiyimiz uğurlarla kifayətlənməməliyik:

“Çünki bütün istər bu qanun layihəsi, istərsə də mediada gedən islahatlar Azərbaycanın dünya media və söz azadlığı reytinqində indeksinin yaxşılaşdırılmasına xidmət etməlidir və daha irəli, Azərbaycana layiq olan bir mövqeyə irəliləməliyik. Hesab edirəm ki, bu istiqamətdə də müəyyən işləri görməyə ehtiyac var. Qanun layihəsində də bununla bağlı müəyyən maddələr nəzərdə tutulur. Düşünürəm ki, bu məsələlər də İnşallah daha faydalı istiqamətdə inkişaf edəcək”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Azərbaycan mediası hara gedir? Stringerlikdən qanuni fəaliyyətə keçid