Ayda 1000 manat alan azərbaycanlılar: Onların qazanı niyə qaynamır?

Ayda 1000 manat alan azərbaycanlılar:

Ayda 1000 manat alan azərbaycanlılar: Onların qazanı niyə qaynamır?

“Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmdən şübhələnməyə əsas yoxdur, doğrudur”.

Bunu Polemika.az-a iqtisadçı Xalid Kərimli deyib.

Söhbət Bakı əhalisinin orta əməkhaqqısı barədə Dövlət Statistika Komitəsinin hesabatından gedir.

Komitənin açıqladığı rəqəmlərə əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqısı 1,5 faiz artaraq 938,4 manat təşkil edib.

Dövlət müəssisəsində çalışanların maaşı az olduğu halda əməkhaqqı necə artır?

Xalid Kərimli qeyd edib:

“Dövlət sektorunun müxtəlif hissələri ilə müqayisədə mədən, maliyyə, daşınmaz əmlak sektorlarında əmək haqları daha yüksəkdir. Ümumi hesablamaya gəlincə, orta əməkhaqları toplanır və saya bölünür. Şikayət edənlər varsa, maaşı az alanlardır. Burada diqqət çəkən əsas məqam şəffaflaşmadır. Şəffaflaşma orta əməkhaqqını artırır, real gəliri deyil.

Digər məsələ qiymətlərin sürətli artımıdır. Narazı kütlə əməkhaqqısı nisbətən aşağı olan kasıb təbəqədir. Onların büdcəsində ərzaq xərcləri 60-70% təşkil edir. Son 12 ayda ərzaq xərclərinin artımı rəsmi statistikaya görə 12,6%-dir.

Eyni zamanda, nəzərə alaq ki, 2020-ci ildə də heç kimin maaşı artmayıb. Sonuncu artımlar 2017-18-ci illərə təsadüf edir. Həmin dövrdəki inflyasiyalarda onların gəlirini azaldıb.

Ötən ildən kommunal xərclərdə də ciddi artım var. Statistikaya görə, ötən il qiymət səviyyəsi maaşları üstələyib. Hökumətdə etiraf edir ki, ötən il insanlar kasıblaşıb. Bu gizli məsələ deyil, real alış gücü aşağı düşüb”.

Mehri QURBAN

Ayda 1000 manat alan azərbaycanlılar: Onların qazanı niyə qaynamır?