Aldığı zərbələdən Mahirin başı şişib- Növbəti oyunu buraxacaq

Aldığı zərbələdən Mahirin başı şişib- Növbəti oyunu buraxacaq

Aldığı zərbələdən Mahirin başı şişib- Növbəti oyunu buraxacaq

“Legiya” azarkeşlərinin komandanın əcnəbi futbolçularına hücumunun təfərrüatı məlum olub. Hadisə ötən bazar günü “Plotsk”la 18-ci turun səfər oyunundan sonra baş verib. Bu görüşdə Varşava təmsilçisi 0:1 hesabı ilə uduzub, nəticədə hazırkı çempion turnir cədvəlində sonuncu – 18-ci pilləyə düşüb.  

“Legiya” Avropa Liqasında da mübarizəni dayandırıb. Komandanın yerli çempionatdakı çıxışı isə radikal fanatların hiddətinə səbəb olub. 

Polemika.az Polşa mətbuatında istinadla xəbər verir ki, onlardan bir qrupu komanda avtobusla bazaya gedərkən futbolçulara hücum edib. Üzü maskalı həmin azarkeşlərin avtobusa daxil olaraq futbolçulara xəsarət yetirdiyi iddia edilib. Onların sırasında ən çox legionerlər Rafael Lopes, Lukinyas və milli komandamızın hücumçusu Mahir Emrelinin xəsarət aldığını bildirilib. Hadisədən sonra azərbaycanlı oyunçunun xəstəxanaya aparıldığı və ona tibbi yardım göstərildiyi də qeyd edilib. Həkimlər Mahirə iki gün yataq rejimində qalmağı məsləhət görüblər.

Bu gün isə Polşa mediası Mahir və digər oyunçu Lukinyasın “Legiya”nın dünənki məşqinə çıxmadığını, bu axşam isə futbolçumuzun “Zaqlembe” ilə qarşı keçiriləcək oyunu buraxacağını yazıb. Emrelinin başından xəsarət aldığı (şişdiyi) bildirilir. 

Baş verənlərlə bağlı M.Emrelinin fikirlərini öyrənmək mümkün olmayıb. Amma Mahirin komanda yoldaşı olan Lukinyasın agenti Pedro Torrao sportfakty.wp.pl saytına hücum hadisəsinin baş verdiyin təsdiqləyib.

“Bu olanlar qəbuledilməzdir. Biz bunu pisləyirik. Lukinyas çox qorxub və məyusluq içindədir” - deyə o bildirib. O, “Legiya” ilə futbolçu arasında müqavilənin ləğv olunmasının mümkünlüyü barədə suala belə cavab verib: “Bu haqda danışmaq tezdir”.

Bu arada Polşa mediası Mahir Emrelinin “Legiya” ilə müqaviləni ləğv etmək istədiyini yazıb. Amma bu xəbərlər hələlik nə təsdiq, nə də təkzib olunub.

Hadisədən sonra “Legiya”nın idman direktoru Radoslav Kuxarski Mahir Emrelini ziyarət edib.

Qeyd edək ki, “Legiya”nın bu yay heyətinə cəlb etdiyi M.Emreli bu mövsüm bütün turnirlərdə 11 qol vurub və bu komandasının bombardiridir. (qol.az)

Aldığı zərbələdən Mahirin başı şişib- Növbəti oyunu buraxacaq