"Ağız büzürlər ki, eyni şeyi nə qədər yazmaq olar?!” – Xəzər Süleymanlı

"Ağız büzürlər ki, eyni şeyi nə qədər yazmaq olar?!”

"Ağız büzürlər ki, eyni şeyi nə qədər yazmaq olar?!” – Xəzər Süleymanlı

Vaxt vardı insanlar mütaliə aşiqi idi. Mütaliə bir yana, demək olar ki, hamı şeir yazırdı. Ədəbiyyat aşiqlərinin bir çoxu həm də eşq şeirlərinin pərəstişkarı idi. Yəni “Bizdə şeir də var, sənət də vardır, Şairə sənət də hörmət də vardır” beyti quru söz yox, gerçək idi.

Sözün dəyərdən düşdüyü, mütaliənin kompüter oyunları və sosial şəbəkələrlə əvəz olunduğu dövrdə şeir, xüsusən eşq sətirləri nadir nümunəyə çevrilib.

Mövzu ilə bağlı Polemika.az-a danışan şair-qiraətçi Xəzər Süleymanlı gənc şairlərin çox tanınmadığını əsas gətirərək insanların bu tip şeirlərlə az rastlaşmadığını deyir:

“Təkcə şair kimi yox, həm də bədii qiraətçi kimi mənə elə gəlir ki, bu gün sevgi şeirlərinin az nəzərə çarpmağının ilk səbəbi yeni müəlliflərin çox da tanınmamasıdır. Demək olar ki, hər gün araşdırıram, indi də çox yaxşı sevgi şeirləri var. Sadəcə üzdə olan müəyyən müəlliflərin kölgəsində qalıblar deyə, yaradıcılıqları az tanınır. Məsələnin ikinci tərəfi odur ki, artıq sevgi haqqında deyilənlər deyilib, yazılanlar yazılıb. Yəni “sevgi planı” dolub. Bu da sevgi şeirlərinin azalmasına təsir edib. Artıq bu mövzuya dair bədii fikir yazmaq insanlara maraqlı gəlmir. Ağız büzürlər ki, “eyni şeyi nə qədər yazmaq olar?!”

Xəzər Süleymanlının sözlərinə görə, klassiklər sevgi mövzusuna möhtəşəm möhür vurublar:

“Söhbət peşəkar şairlərdən gedirsə, onlar sevgi mövzusuna az müraciət etməkdə haradasa haqlıdırlar. Çünki söyləniləcək fikirlər artıq söylənilib, bu məsələdə yeni nələrsə yaratmaq qəliz məsələdir. Ona görə şairlər çalışırlar ki, şeir yazanda sevgi ilə yanaşı, dünyada baş verən müəyyən hadisələri də ora əlavə eləsinlər. Çalışırlar ki, bəşəri şeirlər yaratsınlar. Bütün bunlara baxmayaraq, yeni müəlliflər arasında sevgi mövzusuna müraciət edənlər var. Görünür ki, onların populyarlaşması, öz yerlərini tutması üçün zaman lazımdır”.

Əsmətxanım

"Ağız büzürlər ki, eyni şeyi nə qədər yazmaq olar?!” – Xəzər Süleymanlı