3 nəfərə 8 litr araq içdilər və Ruslan Eldarı döyüb öldürdü...

3 nəfərə 8 litr araq içdilər və Ruslan Eldarı döyüb öldürdü...

3 nəfərə 8 litr araq içdilər və Ruslan Eldarı döyüb öldürdü...

Uşaqlıqdan eyni məhəllədə böyüyən, küçələrdə dilənərək  qazandıqları qəpik-quruşu spirtli içkiyə verən, taleləri də həyat tərzləri kimi oxşar olan dostlar arasında qan düşüb. Onlardan  biri ölüb, digəri törətdiyi əmələ görə hakim qarşısına çıxarılıb.

O, qəsdan adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 47 yaşlı Ruslan Aleşkindir. Aleşkinin cinayət işi üzrə istintaq  bu günlərdə yekunlaşıb və materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

virtualaz.org-un xəbərinə görə, hadisə ötən il avqustun 30-da gecə saatlarında Səbail rayonu E.Əzimov 30a ünvanında baş verib. Ruslan özü kimi içki düşkünü olan dostları - Marat Həmidov və Eldar Qurbanovla birlikdə spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə Eldarın söyüş söyməsini bəhanə edərək əvvəlcə yumruqla, daha sonra isə təpiklə onu möhkəm döyüb. Döyülmə nəticəsində ağır xəsarətlər alan E.Qurbanov hadisə yerində ölüb.

Törətdiyi cinayət əməlinə görə, R.Aleşkinə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Ruslan Aleşkin elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində Bakı şəhərində doğulduğunu, anası Tatyana ilə birgə Badamdar qəsəbəsində yaşadıqlarını göstərib. “Evin tək oğlu olmuşam. Atamın üzünü görməmişəm. Anamla bir yerdə yaşamışam. 2001-ci ildə anam öldü. O, öləndən sonra  küçələrdə qaldım” -  R.Aleşkin  ifadəsində belə deyib.

Evsiz-eşiksiz, küçələrdə qalan Ruslan tüfeyli həyat tərzi sürüb. Bəzən fəhləlik edərək çörəkpulu qazandığı vaxtlar da olub.  Bütün ömrünü özü kimi içki düşkünü, tüfeyli həyat sürən dostlarının - Marat və Eldarın əhatəsində keçirib. Dostların içərisində yalnız Marat ailə qurub. Onun da evliliyi uzun sürməyib. Həyat yoldaşından ayrılan Marat tək yaşayıb. Ruslanla Eldar da gecələri adətən onun evinə sığınıblar.

Tüfeyli dostlar hadisə baş verən gün yenə içki məclisi qurublar. Üç nəfərə təxminən 8 litr araq içiblər. İçkinin təsirindən özünü idarə edə bilməyən Ruslan Eldarın ünvanına nalayiq ifadələr işlədib, onu təhqir edib. Eldar da onu cavabsız qoymayıb. Bu səbəbdən Ruslan dostunun üzərinə hücum çəkərək onun başına yumruqla zərbələr endirib. Marat onları ayırmağa çalışsa da bacarmayıb. Ruslanın vurduğu zərbələrin təsirindən Eldar yıxılıb, başı yerə dəyib. Gözünü qan örtmüş Ruslan isə bu dəfə təpiklə Eldarın başına çoxsaylı zərbələr endirib.

“Eldarda əvvəllər özündən getmə halları olurdu. Bu dəfə də elə bildim ki, yenə özündən gedib, ayılacaq. Lakin bir neçə dəqiqə sonra Eldarın nəfəsi kəsildi, öldü. Əlindən tutub hamam otağına sarı sürüyüb apardım, orada yerə uzatdım. Maykasını çıxarıb üzərinə su tökdüm, amma yenə ayılmadı. Hamamın qapısını bağlayıb çölə çıxdım” -  təqsirləndirilən şəxs ifadəsində deyib.

Uşaqlıq dostunun ayılmadığını, zərbələrdən öldüyünü görən Ruslan ev sahibindən səhərə kimi möhlət istəyib: “Marat şokda idi. Məni söyüb deyirdi ki, sən nəyə görə belə etdin? Dedim səhərə kimi hamamda qalsın, səhər çıxaracam”.

Günorta saatlarında yuxudan oyanan Ruslan tez hamamın qapısını açıb yoxlayıb ki, bəlkə Eldar ölməyib, sağdır. Lakin Eldarın gecədən bəri hərəkətsiz qaldığını, nəfəs almadığını görüb artıq keçindiyinə əmin olub. Meyiti mənzildən çıxarmaq üçün gecənin düşməsini gözləyib: “Marata dedim ki, küçədə adam çoxdur, gözlə gecə düşsün, meyiti çıxaracam. O, da razılaşdı. Sonra oturub təkbaşıma içdim, bu dəfə Marat mənə qoşulmadı. Gecə saat 4-də Eldarın meyitini hamamdan çıxarıb darvazadan çölə qoydum. Qollarından tutub sürüyərək yolun kənarına tulladım. Sonra evə qayıdıb yatdım. Ertəsi gün Badamdardakı parkda polislər məni saxladılar”.

Zərərçəkmiş Səlim Qurbanov ifadəsində qardaşı Eldarın müxtəlif yerlərdə fəhləlik edərək dolandığını, son vaxtlar isə səfil həyatı sürdüyünü deyib: “Bir qardaş kimi hər zaman diqqət, qayğı göstərmişəm. Hərdən gəlib mənim yaşadığım evdə qalırdı. Son bir il olardı ki, səfil həyatı sürürdü. Bir neçə tüfeyli dostları vardı, onlara qoşulmuşdu, içki içir, küçədə yatırdılar. Dəfələrlə ona “bomjlar”dan  ayrılmağı, görüşməməyi tapşırmışdım. Avqustun 27-də parkdan keçəndə Eldarı yenə dostları ilə birgə gördüm. Mənə yaxınlaşıb dedi ki, bir neçə gün Maratın evində qalacağam. Bundan sonra Eldarı görməmişəm. Qardaşımın mobil telefonu olmayıb. Narkotik vasitələrdən istifadə etməyib. Heç kimlə düşmənçiliyi yox idi. Yalniz spirtli içki içirdi. İçəndə də heç kimlə mübahisə etməzdi”.

Hadisənin yeganə şahidi olan Marat Həmidov ifadəsində deyib ki, içki düşkünü olsalar da, heç vaxt aralarında dava-dalaş baş verməyib, həmişə mehriban dolanıblar: “Ruslanla Eldarı uzun illərdir tanıyıram. Hər ikisi “bomj” həyatı yaşayırdı. Birlikdə yeyib-içirdik, çox zaman mənim yaşadığım evə gəlirdilər. İçkini çox zaman Ruslan alıb gətirirdi. Hadisə baş verən gün Ruslanla Eldarın bir-birini söydüklərini eşitdim. Hər üçümüz həmin gün çox içkili idik. Həyətə çıxanda gördüm Ruslan Eldarı döyür. Ruslan dəli kimi olmuşdu. Onları ayırıb Ruslanı kənara çəkdim. İçkili idim, nə baş verdiyini tam xatırlamıram. Onları ayırandan sonra gördüm Eldar nəfəs almır. Baş verənlərdən qorxduğum üçün polisə məlumat vermədim”.

Bütün bunlar həyatın dibindən mənzərəni, insanın bu dibə yuvarlanmasına aparıb çıxaran səbəbləri gözlər önünə sərir.  Səfil həyatı sürən və “3 nəfərə 8 litr araq içən” belələri isə hər ölkədə olduğu kimi Azərbaycanda da var...

 

3 nəfərə 8 litr araq içdilər və Ruslan Eldarı döyüb öldürdü...