20 Yanvar günü metro gücləndirilmiş iş rejimində çalışacaq

20 Yanvar günü metro gücləndirilmiş iş rejimində çalışacaq

20 Yanvar günü metro gücləndirilmiş iş rejimində çalışacaq

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

Bu barədə Polemika.az-a “Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirilib.

Yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə və plaftormasına baxış keçirilib, zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiya platformasına metropoliten işçilərindən qaravul dəstəsi düzüləcək.

Yanvarın 20-də saat 12:00-da əvvəlcədən xüsusi işlənərək, planlaşdırılmış cədvələ uyğun olaraq bütün qatarlar stansiyalarda dayandırılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit verilməsi təmin ediləcək.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.

Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaqlar. Həmçinin, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə veriləcək.

Gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə veriləcək.

Metropoliten kollektivi həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edir.

Qeyd edək ki, 20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi - İlqar Qarayev və Əflatun Kazımov da var.

20 Yanvar günü metro gücləndirilmiş iş rejimində çalışacaq