Ərdoğan Paşinyanla görüşəcəkmi?

Ərdoğan Paşinyanla görüşəcəkmi?

Ərdoğan Paşinyanla görüşəcəkmi?

Ötən günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyinə söz verdiyini bəyan edib. Onun sözlərinə görə, rəsmi İrəvan Ankaranın Antaliya Diplomatiya Forumuna dəvətini müsbət qarşılayıb. Səfər zamanı Ermənistan nümayəndə heyətinə Paşinyanın şəxsən rəhbərlik edəcəyi gözlənilir.

“Paşinyan Türkiyə səfəri ilə bağlı söz verib. Xüsusi nümayəndələrin Moskvada ilk görüşü olub. Biz mütəmadi olaraq telefonla əlaqə saxlayırıq. Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistanın baş naziri Nikol Paşinyan da gələcəyini deyib. Gəlsələr, məmnun olarıq”,- Çavuşoğlu çıxışında qeyd edib.

Maraqlıdır, Paşinyan Türkiyəyə gedəcəkmi? Yaxud Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan onunla görüşəcəkmi?

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Modern.az-a açıqlamasında bildirib ki, Paşinyanın səfəri baş tutsa, ölkə Prezidentinin onunla görüşü gözlənilə bilər:

“Paşinyan foruma öz istəyilə qatılacaq. Əlbəttə, səfərdən əvvəl bir neçə proses gözdən keçirilməlidir. Biz istərdik ki, Ermənistan Konstitusiyasında Ağrı dağın və Türkiyənin bir hissəsinin guya erməni torpağı kimi göstərilməsinin qarşısı alınsın, həmçinin ermənilər Qarabağda qaldıqları digər yerlərdən də çıxsınlar. Bunlar baş verməsə, gerçək sülh və qonşuluq münasibətləri qurula bilməz. Paşinyanın Türkiyəyə gəlməsi, əlbəttə, Azərbaycanla razılaşdırılmış səfərdir. Əks təqdirdə Türkiyə Azərbacanın təsdiqləmədiyi heç bir dəvəti etməz. Bu baxımdan Paşinyanın Ermənistanın işğalçı siyasətdən vaz keçməsinə dair açıqlaması lazımdır. Bunlar bizim şərtlərimiz olmalıdır. Paşinyan Türkiyəyə səfər edərsə, Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir”.

Ərdoğan Paşinyanla görüşəcəkmi?