"Yaşar bank yarıb, yoxsa mafioz olub?" - Xanımından sərt sözlər

"Yaşar bank yarıb, yoxsa mafioz olub?"

"Yaşar bank yarıb, yoxsa mafioz olub?" - Xanımından sərt sözlər

Bir neçə gün əvvəl mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızının efirdə maddi sıxıntı yaşadığını deməsi müzakirələrə səbəb oldu.

Artıq bütün əşyalarını satdığını etiraf edən Ülkərin sözləri birmənalı qarşılanmadı. Bəziləri məşhur sənətkarın ailəsinin maddi problemi olduğuna inanmaq istəmədi.

Mövzu ilə bağlı Polemika.az-a danışan aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva mərhum sənətkardan onlarla mal, mülk qalmadığını bildirib:

“İnsanlar niyə bizim həqiqətən maddi sıxıntılarımız olduğuna inanmaq istəmir? Başa düşmürəm, məgər Yaşar Nuri biznesmen olub, bank yarıb yaxud mafioz olub? Yaşar aktyor olub, vaxtilə yaxşı pul qazanıb, sağlığında biz də o pulu xərcləmişik. Xəstəliyi zamanı, rəhmətə getdikdən sonra qalan nə varsa hamı kimi biz də yavaş-yavaş olanları satıb yemişik. Burada qeyri-adi nə var ki?

Yaşarın indikilər kimi lüks villaları, obyektləri, bağları olmayıb. O, hansısa müəssisənin direktoru, İcra başçısı olmayıb. Hansısa vəzifəni tutub milyonlar qazanmayıb, əsl sənətkar idi. Hər zaman sənət eşqi canında, ruhunda olduğuna görə pul-para haqqında düşünməyib. Heç vaxt pulun arxasınca qaçmayıb. Nə qazanıbsa, ailəsi üçün xərcləyib, vaxtilə biz də çox əla yaşamışıq”.

Rəhimə xanım efirdə bunları deyərək kimdənsə maddi dəstək gözləmədiyini, Mədəniyyət Nazirliyindən ailəyə diqqət göstərilməsini istədiklərini qeyd edib:

“Yaşar Nurinin ölümünün üstündən 10 il keçib, insanın gərək milyonlarla ehtiyyatı olsun ki, bu illər ərzində yaxşı yaşamağa bəs eləsin. İnsanlar sosial şəbəkələrdə bu mövzuda şərh yazanda başa düşməlidirlər ki, vəziyyət belədir. Aktyorun nə qədər pul ehtiyyatı qalmış ola bilər ki? Müəyyən yerə gələndə hər insanın ehtiyyatı bitir, qıraqda-bucaqda saxladıqları qurtarır, bu normaldır. İstər sadə vətəndaş olsun, istərsə də milyonların sevimlisi olan məşhur sənətkar. Burda bu qədər böyüdüləcək nə var axı? Nə demişik ki? Kimdənsə sədəqə istəməmişik, kimdənsə pul verməsi üçün xahiş etməmişik. Qızım Ülkər sadəcə müraciət edib, bu müraciət də Mədəniyyət Nazirliyinə aid idi. O istəyirdi ki, mərhum sənətkarın ailəsindən xəbər tutsunlar, ən azından bir zəng vurub soruşsunlar ki, “Ay Yaşar Nurinin ailəsi, nə var, nə yox? Necə yaşayırsınız?” Biz sadəcə diqqət istəyirik, söhbət ondan getmir ki, kimlərsə gətirib bizə pul versin. Kim bunu necə başa düşür, necə yozur yozsun, artıq mənə heç bir fərqi yoxdur... Efirə çıxandan sonra da nazirlikdən bir nəfər belə zəng edib maraqlanmadı”.

Əsmətxanım

"Yaşar bank yarıb, yoxsa mafioz olub?" - Xanımından sərt sözlər