Ukraynalıların Qarabağdan aldığı dərslər: Rus tankları niyə belə tez alışır?

Ukraynalıların Qarabağdan aldığı  dərslər: Rus tankları niyə belə tez alışır?

Ukraynalıların Qarabağdan aldığı dərslər: Rus tankları niyə belə tez alışır?

Qarabağ müharibəsində olduğu kimi, Ukrayna müharibəsinə aid video görüntülərdə tanklar, PDM-lər və toplar və s. asan hədəflərə çevrildiyi görünür. Azərbaycanın işğal altındakı əraziləri azad etməsindən sonra NATO, eləcə də Rusiyanın bir sıra hərbi ekspertləri sadalanmış hərbi texnikanın, xüsusən, tankların istifadədən çıxarılması, yaxud da onların başqa hansısa döyüş vasitəsilə dəyişdirilməsi barədə geniş müzakirələr açmışdılar.

Bununla bərabər, müzakirə olunan mövzulardan biri də budur ki, nizami ordunun yerinə peşəkar xüsusi təyinatlılardan ibarət silahlı qüvvələrin yaradılması idi. Rusiya-Ukrayna müharibəsi əsnasında öldürülən və ya əsir düşən həbrçilərin çoxunun həqiqi hərbi çağırışçı olduğu da mübahisə doğurmur.

Polemika.az-a danışan ehtiyatda olan ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev bildirib:

“Yeni nəsil müharibələri bildiyimiz klassik müharibələrdən çox fərqlənir. Klassik müharibələrdə, ən əsası İkinci Dünya müharibəsi və sonrakı doktrinalarda quru qoşunlarının əsas texnikası sayılan tanklar, PDM-lər taktiki olaraq özünü doğruldurdu. Yeni nəsil müharibələri isə modern texnologiyalarla dəstəklənmiş silahların üzərində qurulub.

Bu nə deməkdir? Yəni texnologiyalarla dəstəklənən silahlar o qədər "ağıllı" olmalıdırlar ki, düşməni məhv etsin və özü məhv oluna bilməsin. Yəni hücumda tətbiqinə görə özünü doğrultsun, müdafiədə sıradan çıxarılması minimuma ensin.

Yeni nəsil texnologiyalarda PUA-lar, "ağıllı silah-sursatlar", yer hava, hava yer silahlarıdır. "Ağıllı silah" dediyimiz hədəfin 100 faiz sıradan çıxarılması ilə nəticələnməlidir. Bildiyimiz ağır texnika, o cümlədən tanklar, PDM-lər, yayılım-atəş raket sistemləri, - bunların hamısı yeni nəsil müharibələrdə PUA-ların hücuma çox həssasdır”.

E. Şıxəliyev yeni nəsil texnologiyaların Ukrayna müharibəsi fonunda tətbiq olunma mexanizmlərinə də toxunub:

“Ukrayna tərəfindən tətbiq olunan “Javelin” tank əleyinə raket kompleksləri var ki, raket lülədən çıxdısa, o biri tərəfdəki hədəfi tam olaraq vurur. Yeni nəsil texnologiyalar ilə yer-hava hücumuna qarşı Böyük Britaniyanın “Stinger” raket kompleksləri də istifadə olunur. Yəni uzaq artilleriya, yayılım atəş sistemlərindən fərqli olaraq, bunu elə bir hala gətirdilər ki, müharibəni konvensional hibrid müharibəyə çevirdi. Əsgər səviyyəsində döyüş aparacaq silahları o qədər ağıllı hala gətirdilər ki, artıq “Javelin”nin qiyməti ilə tankın qiyməti arasındakı fərq özünü büruzə verir. Ya da ki, “Stinger” ilə MİQ-29 və yaxud SU-30-un qiyməti arasındakı fərq”.

Mütəxəssisin sözlərinə görə, sadalanan silahlar, əslində, modern orduları olan ölkələrə aiddir:

“Yeni nəsil ordunun olmasını isə hər ölkə bacarmır. Çünki "ağıllı silahlar"ı istifadə etmək üçün müdafiə sənayeləri tələblərə cavab vernəlidir. Bir də texnoloji silahları istifadə edən heyətlərin yetişdirilməsi mümkün olmalıdır.

İkinci Qarabağ savaşından öncə “Bayraktar”ı istifadə edən heyətlərin yetişdirilməsi, o silahlarla təcrübəmiz müharibənin taleyinə əsaslı dərəcədə təsir edəcək ortaya bir nümunə qoydu.

Rusiya ordusunun Ukrayna ordusundan qat-qat güclü olmasına baxmayaraq, Rusiyanın müharibəni bu halda aciz aparmasına səbəb Ukrayna tərəfində olan "ağıllı silahlar"dır. Ümumiləşdirsək , “Bayraktar”, “Javelin” və “Stinger” rus ordusuna üstün gələ bilir”.

Bu kontektsdə peşəkar orduya keçidlə bağlı səslənən fikirlərə isə eskpert belə yanaşıb:

“Müasir müharibələr üzərinə biz danışanda NATO ölkələri bu mərhələni keçiblər. Çünki onlar bütün bu qatıldığı müharibələrdə, konfliktlərdə müharibə sonu incələmə etdilər və gördülər ki, az qüvvələrin, mütəxəssislərin və peşəkar hərbçilərin döyüşdəki tətbiqi özünü doğrultduğu üçün NATO-nun qatıldığı bütün müharibələrdə, artıq peşəkarlardır. Onlar bu mərhələni keçdilər.

Müharibə təcrübəsi ilə Azərbaycan yol qət etdi. Artıq əsas vəzifələr peşəkar orduya keçmə baxımından başlayıb. Azərbaycan Silahlı Qüvvələrində "MAXE"-lər avtomatik olaraq bu kateqoriyaya aid olunur.

Bütün çağırışçı heyəti ləğv edib tam peşəkar ordu sisteminə keçməyə gəlincə, bunu dəstəkləyə biləcək maliyyə resurları olmalıdır. Bu sistemə yalnız mərhələli şəkildə keçə bilərik. Mərhələli keçid də sürətlə başlayıb. Bu mənada komando briqalarının yaradılmasını qeyd etmək olar”.

Rafi MÜSLÜMOV

Ukraynalıların Qarabağdan aldığı dərslər: Rus tankları niyə belə tez alışır?