“Ermənistan müqavimət göstərsə də, indi razılaşıblar” – Prezidentdən açıqlama

“Ermənistan müqavimət göstərsə də, indi razılaşıblar” – Prezidentdən açıqlama

“Ermənistan müqavimət göstərsə də, indi razılaşıblar” – Prezidentdən açıqlama

“Xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu”.

Polemika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Prezident daha sonra bildirib: “Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. 

Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər buradayıq. Mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm. Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq. Ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik. Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. 

Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur. 

Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz orada bir daha səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq, paralel olaraq təbiətin qorunması, çayların qorunması. 

Bilirsiniz ki, Oxçuçayı ermənilər nə günə qoymuşlar. Oxçuçay təbii fəlakət zonasıdır. Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Biz bu çayları təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik.

Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub”.

 

“Ermənistan müqavimət göstərsə də, indi razılaşıblar” – Prezidentdən açıqlama