“Test imtahanı sadələşməlidir, elə suallar qoyurlar ki, Eynşteyn də gəlsə...” 

“Test imtahanı sadələşməlidir, elə suallar qoyurlar ki, Eynşteyn də gəlsə...” 

“Test imtahanı sadələşməlidir, elə suallar qoyurlar ki, Eynşteyn də gəlsə...” 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun Polemika.az-a müsahibəsi:

- Şahlar müəllim, direktorların təyinatı ilə bağlı məsələ son günlər yenidən müzakirə olunmaqdadır. Siz necə düşünürsünüz? Direktorlar imtahan yolu ilə seçilməlidir, yoxsa təyinat da olmalıdır?

- Hər iki yoldan istifadə edilsə, daha yaxşı olar. Əsas olan lazımi keyfiyyətləri özündə cəmləyən müəllimlərin içindən direktor seçilməsidir.

Direktora qoyulan tələblər müəyyən olunmalıdır. Direktor öz ixtisasını mükəmməl bilməli, mənəvi cəhətdən çox sağlam, müəllimlərə qarşı qayğıkeş olmalıdır. Şagirdləri sevməlidir. O öz məsuliyyətini başa düşməlidir ki, təkcə şagirdlər yox, cəmiyyət qarşısında da məsuliyyət daşıyır. Cəmiyyətin bir parçası olan o məktəb və şagirdlər bizim gələcəyimizdir. Bu ideya ilə gənclərə təhsil verməlidir. Oxuya bilən, oxuyur. Oxumaq istəyənə valideyn də kömək edib, oxudur. Direktor oxuya bilməyən, büdrəyən şagirdləri axtarıb, tapıb onu oxutmağı bacarmalıdır.

Əgər mənim ixtiyarım olsaydı, ilk sualım bu olardı ki, direktor ictimai mənafe daşıyır, yoxsa şəxsi. Hansı psixoloji tipə aiddir. Bu suallara cavab tapanı direktor görmək istəyərəm.

- Təhsil müəssisəsinə kənardan direktorun gətirilməsinin yanlış olduğunu düşünənlər də var. Məktəb direktoru kollektivin içindən seçilməlidir, yoxsa bu məsələdə başqa kriteriyalar əsas götürülməlidir?

- Hər iki üsuldan istifadə etmək olar. Ən yaxşsı məktəb kollektivinin içindən seçilməsidir. Əgər məktəb büdrəyibsə, son 1-2 ildə uğuru azdırsa, onda hansısa bir uğurlu məktəbin direktorunu ora göndərmək olar.

- Son günlər qəbul imtahanların sadələşdirilməsi ilə bağlı təkliflər səsləndirilir. Hətta buraxılış və blok imtahanlarının birləşdirilməsini, abituriyentin göstərdiyi nəticəyə uyğun olaraq ali təhsil müəssisələrinə qəbulunu təklif edənlər də var. Bu barədə siz nə düşünürsünüz? Azərbaycanda ali məktəblərə imtahansız qəbul mümkündürmü?

- Bu təklifi 20 ildir ki, qalıdırıram. Azərbaycanda 15 il bundan öncə hər 100 gəncin 16-ı ali məktəbdə oxuyurdu. Çox aşağı göstəricimiz var idi. Son illər Təhsil Nazirliyinin apardığı işlərin nəticəsi olaraq, hər 100 gəncin 40-50-i ali məktəbdə oxuyur. Bu əlbəttə sevindirici haldır. Orta məktəbi bitirmiş gənclərin hər 100 nəfərindən 40-50-i ali məktəbdə öz təhsilini davam etdirir.

Strategiya müəyyən olunmalıdır. Yaxşı oxuyan gənclərin əksəriyyəti Azərbaycanda test imtahanı vermir, xaricə oxumağa gedir. Xarici universitet onları böyük həvəslə götürür. Daha sonra isə çox hissəsi Azərbaycana qayıtmır. Onlara itirilmiş gənclər deyirəm. Biz o gəncləri həqiqətən itiririk. Qabiliyyətli gəncləri öz əlimizlə Avropaya veririk ki, alın sizin olsun. Bu baxımdan o gəncləri itirməmək üçün onu ölkə daxilində oxutmalıyıq. Ona görə də bizim yaxşı universitet qurmaq borcumuzdur. Bunu bacarmalıyıq.

Lakin 100 uşağın 10-15-i xaricdə təhsil alır. 10-15-nin də oxumağa ehtiyacı yoxdur. Onlara kollec və orta təhsil kifayət edir. 100 gəncin 70-ni oxutmalıyıq. Oxuda bilsək, çox yaxşıdır. Qonşu dövlətlər tələ qurur. Həmin dövlətlər imtahansız qəbul edirlər. Çətin imtahandan keçə bilməyənlər üzünü xaricə tutur. 20 faiz uşaq da belə gedir. Yerdən qalanları onsuz da oxuduruq. Biz niyə öz gənclərimiz vaitəsilə xarici ölkələrin büdcəsin doldurmalıyıq ki...

Elə etməliyik ki, o gənclər ölkədə qalıb, oxusun. Çalışaq ki, gənclərimizə savadı özümüz verək. Ya qəbul imtahanı ilə buraxılış birləşdirilməlidir, ya da test imtahanları sadələşdirilməlidir. Elə suallar qoyurlar ki, Eynşteyn gəlsə belə cavab verə bilməyəcək. Gənclərimiz ölkəmizin layiqli vətəndaşları olsunlar deyə, dünyagörüşü gələcəyə yönəltmək lazımdır.

Nəzrin Vahid

“Test imtahanı sadələşməlidir, elə suallar qoyurlar ki, Eynşteyn də gəlsə...”