Sərt karantinə keçid: "İqtisadiyyat çökə bilər" - Xəbərdarlıq

Sərt karantinə keçid: "İqtisadiyyat çökə bilər"

Sərt karantinə keçid: "İqtisadiyyat çökə bilər" - Xəbərdarlıq

"Sərt karantin dövrlərini Azərbaycan iqtisadiyyatı, Azərbaycan sahibkarı görüb. Karantin dövründə işləmə qaydalarına da adaptasiya olunub. Onlayn satışlar, uzaq məsafədən işləmə texnologiyaları və s. Bunlar Azərbaycan sahibkarları üçün 2 il bundan öncəki kimi çətin sınaq olmayacaq".

Bu sözləri Polemika.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli söyləyib. 

Onun sözlərinə görə, artıq müəyyən vərdişlər formalaşıb:

"Sərt karantindən əziyyət çəkən spesifik sektorlar var. Məsələn, iaşə, otel və turizm sektoru. Sərt karantin olsa, bu sahələr yenidən çox çətin dövr keçirəcəklər. Onlar üçün daha ciddi problemlər yarana bilər.

Qapanma vaxtı hökumət büdcədən karantinə göndərilən şirkətlərə əmək haqqı və vergi üzrə güzəştlər verir. Bu isə büdcə üçün əlavə yükdür. Həm gəlirlər itirilir, həm də büdcə xərcləri artır. Hazırki dönəmdə sərt karantinə keçid iqtisadiyyata çox ciddi zərər vura bilər. 

Son statistikaya və hökumətin davranışına baxanda görürük ki, iqtisadiyyatda makro səviyyədə sərt karantin olacağı gözlənilmir. Bu məsələlər şirkətlərin öz ixtiyarına buraxılır. Ümumi şəkildə hər kəsin karantinə keçməsi gözlənilmir. Çünki əhəmiyyətli peyvənd prosesi gedir. Eyni zamanda, yeni ştammların əvvəlki kimi təhlükəli olmadığı da bəllidir.

Bütün bu məsələləri nəzərə alaraq, hökumətin iqtisadiyyat subyektləri üçün əlavə problemlər yaradacağı gözlənilmir. Bu, çox ciddi əlavə ziyanlara gətirib çıxara bilər. 2020-ci ildə ölkə iqtisadiyyatı 5%-ə yaxın gerilədi. Büdcə xərcləri bu istiqamətə yönəldi. Şirkətlər satışlarını, dövriyyələrini itirdilər. Bu aspektdən yenidən sərt karantin olacağı ağlabatan deyil. Baş verərsə, karantin məhdudiyyətlərinə həssas olan sektorların ciddi əziyyət çəkəcəyini gözləmək olar".

Mehri QURBAN

 

Sərt karantinə keçid: "İqtisadiyyat çökə bilər" - Xəbərdarlıq