Sosial şəbəkədə səhv yazılan post və şərhlər: “İzaholunmaz davranışdır”

Sosial şəbəkədə səhv yazılan post və şərhlər: “İzaholunmaz davranışdır”

Sosial şəbəkədə səhv yazılan post və şərhlər: “İzaholunmaz davranışdır”

Adətən, sosial şəbəkələrdə post və kommentlər orfoqrafik səhvlərlə yazılır, çoxları qrammatik qaydalara əməl etməyi vacib bilmirlər. Nöqtə-vergülsüz şərhlərin müəllifləri sonradan “spam”a düşən kimi nötqə-vergül yalvar-yaxarı edirlər.

“Dünyada da bir zamanlar bu müzakirə var idi: “Ənənəvi mediada olan orfoqrafik qaydalara sosial mediada da əməl etmək gərəkirmi?” Əvvəldən səhv qoyulmuş sual idi. Çünki sözləri düzgün yazmaq hər birimizin illərlə qazandığı, mexaniki vərdişdir. İnsan sosial mediaya keçəndə bu vərdişi necə unuda bilər ki?!”

Bu sözləri Polemika.az-a açıqlamasında yazıçı-jurnalist Tural Cəfərov (Qan Turalı) bildirib.

O qeyd edib ki, ənənəvi mediada hərf səhvi bağışlanmaz günah idi.

“Məqalə müəllif tərəfindən dəfələrlə oxunur, redaktə edilir, sonda isə korrektorun süzgəcindən keçirdi. Sosial mediada bu cür nəzarət mexanizmi mövcud deyil. Ancaq vərdiş vərdişdir, bir sözü bilərəkdən səhv yazmaq izaholunmaz davranışdır. Di gəl ki əvvəl yazıları bizlər  yazırdıq. İndi hamı yazır. Buna görə də, hər cür qrammatik, orfoqrafik, leksik səhvlər adiləşir.

Mirzə Cəlil belə deyirdi: “Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir”. Bəli, səhv yazmaq da eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Axı biz sözləri əsas etibarı ilə oxuduğumuz kitablardan öyrənirik. Hər hansı bir sözü səhv yazmağınız da sizin mütaliə vərdişinizin zəif olduğunu və eləcə də mövzu haqqında çox az şey oxuduğunuzu göstərir. Bu intellektual şıltaqlıq deyil, elementar bir qaydadır. “Karrupsiya”, “ateyist”, “kammunist” yazan adamı mən heç cür ciddiyə ala bilmirəm. İmla mətnləri ibtidai siniflərdə yazılır, 5-ci sinifdə buna ehtiyac duyulmur. İndi biz də “dərin mətləblər”dən danışan adamın 4-cü sinif səviyyəsində belə biliyinin olmadığını gördükdə ona hörmətlə yanaşmalıyıq?!”

Tural Cəfərov əlavə edib: “Qadınlara, müxtəlif sosial qruplara, ya başqa din daşıyıcılarına nifrət ruhunda yazılan bütün şərhlərə fikir verin, hamısı orfoqrafik səhvlərlə doludur. Çünki hər nifrətdə bir nadanlıq uyuyur...”

Ayzel

Sosial şəbəkədə səhv yazılan post və şərhlər: “İzaholunmaz davranışdır”