"Şahlar Əsgərovun təklif etdiyi 19-cu əsrdən qalıb" - Elçin Şıxlı

"Şahlar Əsgərovun təklif etdiyi 19-cu əsrdən qalıb"

"Şahlar Əsgərovun təklif etdiyi 19-cu əsrdən qalıb" - Elçin Şıxlı

Keçmiş deputat, professor Şahlar Əsgərov sensasiya sayıla biləcək açıqlama ilə çıxış edib: “Azərbaycanlı gəncləri xarici ölkələrə axın etməsinin qarşısını almaq üçün qəbul imtahanları ləğv olunmalıdır”. 

Şahlar Əsgərovun sözlərinə görə, universitetlər öz qapılarını abituriyentlərin üzünə açmalı, ali təhsi müəssisələrinə qəbul asanlaşdırılmalı, məzun olmaq isə çətin olmalıdır.

Professorun fikrincə, çətin test tapşırıqları abituriyentləri stressə salır, onlar mürəkkəb sualları cavablandıra bilmədikləri üçün universitetlərdən kənarda qalırlar:

“Cənubi Koreyada orta məktəbi bitirən hər 100 məzunun 95-i ali məktəbə qəbul olur. Azərbaycanda isə ölkənin orta təhsil müəssisələrini bitirən 100 məzundan maksimum 17-si tələbə bileti alır. Halbuki 100 nəfərdən 50-si ali məktəbə qəbul olmalıdır. Gənclərə ali təhsil almaq üçün imkan yaradılmalıdır”.

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən Əməkdar jurnalist Elçin Şıxlı bildirib ki, ali məktəblərə qəbul bu dərəcədə şişirdilməməlidir.

“Özümü nəzərdə tutub deyə bilərəm ki, bizim dövrümüzdə indiki kimi 5 fəndən imtahan vermirdik. Məktəbi bitirəndə 10 imtahan vermişdik, əlavə olaraq da universitet qəbulu üçün 4 imtahan, yəni 14 imtahan verməyi stress saymaq olmaz? Nə öldük, nə qırıldıq, sağ-salamat da çıxdıq hamımız. 14 imtahan vermək bir test verməkdən daha çox stressə məruz qoyulmaq deməkdir. 

Xaric ölkələrdə hələ 19-cu əsrdən bəri mövcud sistem var. Məktəbi bitirmən və imtahan qiymətləri haqqında sənədləri universitetə göndərirsən. Universitet göstəricilərə görə məktəb məzununu qəbul edir, ya da etmir. Şahlar Əsgərovun təklif etdiyi də əslində budur. 

İmtahanda stressə gəlincə, bu özünə əmin olmayan adamda olur. Özünə güvənən başını aşağı salıb testin düzgün cavablarını qeyd edir. 

Sistemdə dəyişiklik etmək lazımdırsa, bunu məncə, təhsil sistemi nümayəndələri görür və müəyyən qeydlər aparır. Ancaq hazırda dəyişiklik üçün əsas görmürəm.

Bir də bir şey deyim ki, həyatın özü testdir və başdan-ayağa stressdən ibarətdir”.

Ayzel

 

"Şahlar Əsgərovun təklif etdiyi 19-cu əsrdən qalıb" - Elçin Şıxlı