Rəisin aldığı ilk rüşvət

Rəisin aldığı ilk rüşvət

Rəisin aldığı ilk rüşvət

Vəzifəyə yeni təyin olunmuşdu. Cəmi on gün idi. Bu on gündə başı qonaqlıqdan açılmamışdı. Onun da ətrafında müftə qonaqlıqların, özünü dost uğuruna sevinirmiş kimi göstərən, əslində ən böyük məqsədi qarın otarmaq olan dost-tanış, qohum-əqrəba dolu idi. Onları “kirit”dikdən sonra iri bir erkək qoç alıb Mirmövsüm Ağa ziyarətgahında qəssaba qurbanlıq deyə kəsdirmişdi. Üzünü Ağanın məzarını əhatələyən metal barmaqlıqlara sürtərək Allahına minnətdarlıq etmişdi. Ondan əvvəl bəlkə də minlərlə adamın dodaqları dəyən həmin barmaqlıqları duz kimi yalamışdı.

İndi yeni kabinetində kreslosunda oturmuş və bu yüksək vəzifəsinin icrasına başlamışdı. İlk işi gözlədiyindən də yaxşı olmuşdu. Əlində bir dəstə yüzlük dollar vardı. Qaydaları yaxşı bilirdi. Həyat öyrətmişdi. Dollarları saydı, tam yüz ədəd idi. Fikirləşdi ki, bu onun aldığı ilk rüşvətdir. Məhz “rüşvət” deyə də düşündü və ölkədə hər kəsin – rüşvət alanın da, verənin də - bu ifadəni niyə belə çimçişərək ifadə etdiyini anlaya bilmədi. Axı bu niyə pis olsun ki?!

Dollarları yelpik kimi düzəldərək özünü küləklədi və gözlərini yumub kresloya yayxındı...

Bu günə qədər o özü, ailəsi hər iş üçün rüşvət vermişdi.

Bir-bir gözünün qabağına gəldi. Hələ uşaq idi. Amma qavrayırdı. Anası onu bağçaya qoymaq üçün bağça müdirəsinə pul vermişdi. Müdirə anasına demişdi ki, qruplarda boş yer yoxdur. Amma anası 200 manat verəndən sonra məsələ öz müsbət həllini tapmışdı. Bağçaya lazım olan tibbi sənədlər poliklinikadan alınanda da anası hər həkimin iri xalatının cibinə pul basmışdı. Sonra onu bağçada tərbiyə edən müəlliməyə də, altını təmizləyən qadına da aybaay pul verilirdi...

Bağça bitdi və onun məktəb həyatı başladı. Bu yeni mərhələ də fərqli olmadı. Məktəb direktoru valideynlərinə “siz bizim ərazidə qeydiyyatda deyilsiniz, ona görə də uşağı bu məktəbə qəbil edə bilmərəm” demişdi. Bu problemi də rüşvətlə həll etdilər. Rüşvət bütün bağlı qapıları açırdı. Məktəbdə hər şey üçün pul tələb olunurdu. Lövhə pulu, tabaşir pulu, kserokopiya pulu, süpürgə pulu, ad günü pulu, bayram pulu, təmir pulu... 

Ali məktəbə hazırlaşırdı. Sənədlər hazırlanmalı idi. Yenə də hamısını pulla etdilər, yəni rüşvətlə. Kim idi ona pulsuz sənəd verən?!

Savadı çox deyildi, ona görə də özəl ali məktəblərdən birinə düşdü. O da ödənişli. Artıq qaydaları əzbərləmişdi. Bilirdi ki, rüşvətlə istədiyini əldə edə bilər. O, özəl ali məktəbdə təhsil almağı özünə sığışdırmırdı. Çünki həmişə yuxarıdan aşağı baxdığı bir neçə sinif yoldaşı dövlət ali məktəblərinə daxil olmuşdu. Bunu da həll etdi. Rüşvət verib dövlət ali məktəbinə “perevod” olundu. 

Hər smestr başı rüşvət, hər imtahan rüşvət. 

Valideynləri imkanlı deyildi, amma çox kasıb da deyildilər. Onlar övladlarının təhsil alıb babat bir yerdə işləməsini arzulayırdılar. Bünün üçün etməyəcəkləri iş, döyməyəcəkləri qapı yox idi. Təbii ki, onlar da bu ölkənin qayda-qanunlarını bilirdilər. Əgər hansısa qapını döyürsənsə əlin cibində olmalıdır...

Ali məktəbdən məzun olandan sonra bir müddət ixtisası üzrə işləyib təcrübə qazanmalı idi. Qaydaları dəqiq öyrənmişdi və qüsursuz tətbiq edirdi. Təcrübəsi olmayanı heç bir idarə işə götürməzdi. Savadı da o qədər çox deyildi ki, özü üçün ehtiyac yaratsın. Bunu da el qaydası ilə həll etdi. 

Bir müddət sonra daha yüksək işə keçdi. Sonra bir pillə daha...

Nəhayət indi dövlət qurumlarından birinin mühüm idarəsinə rəis təyin olunmuşdu. Bu vəzifəyə təyinat almaq üçün atası 3 otaqlı evlərini satıb rüşvət vermişdi. Qalan pulla da şəhərin kənarında ucuz bir ev almışdı. Bilirdi ki, bu, müvəqqətidir. Oğlu tezliklə satdıqları evdən də yaxşısını alacaq...

Yeni rəis bunları düşünə-düşünə gözlərini açdı. Dollarları burnuna yaxınlaşdırıb onları iylədi. Ən gözəl ətir qoxusu da ona bu duyğunu yaşada bilməzdi.

Çarx artıq tərsinə fırlanırdı. Bu günə qədər o rüşvət verirdi, bundan sonra alacaqdı. Bu gün onun həyatının dönüş günü idi...

Buna görə onu heç kim qınaya bilməzdi.

Elnur Məmmədli

Rəisin aldığı ilk rüşvət