Rüşvət alan məmurların üzr videosu...

Rüşvət alan məmurların üzr videosu...

Rüşvət alan məmurların üzr videosu...

Böyük balıqlar kiçik balıqları udur, dinozavrlar deputatları. Yanlışlığa görə üzr istəmək gözəldir. Bu, həmin şəxsin öz təşəbbüsü ilə olursa, empatiyanın ən ali formasıdır. Yox, onu divara dirəyib üzr istəməyə məcbur edirlərsə, burada səmimiyyətdən danışmaq yersizdir. Bu heç üzr də hesab olunmamalıdır.

Azərbaycan cəmiyyəti indiyə kimi birinci kateqoriyadan olan üzrlərə bəlkə də rast gəlməyib. Amma ikinci kateqoriya üzrlər hər gün baş verir. Hüquq-mühafizə orqanları belə videoları böyük həvəslə ictimailəşdirir. Onların arasında toyuq oğrusundan tutmuş, xırda xuliqanlara kimi, taksi sürücüsündən tutmuş “Galenvagen” sürücüsünə kimi var. Olsun, bu da bir tərbiyə, islah üsuludur. Hər halda cəmiyyətə belə təqdim edirlər.  

Amma mən rüşvət alan yüksək rütbəli məmurların da üzr videolarını görmək istəyərdim. Prokurorluq orqanları tərəfindən tam sübut olunmuş, məhkəmə tərəfindən təsdiqini tapmış korrupsioner məmurlardan hər hansı birinin üzr videosunu görmüsünüzmü? Məsələn, bu formada: “Mən rüşvət aldığıma görə, qanunları kobud şəkildə pozduğum üçün, dövlət malına əl uzatdığım üçün, Prezidentə xəyanət etdiyim üçün üzr istəyirəm və mən cəzalanmağa layiqəm. Mənim kimi bütün yaramaz məmurların aqibətimdən dərs götürmələrini istəyərəm”. 

Varmı belə bir video? Xeyr! Kamera qarşısındakılar kiçik balıqlardır.

Sonuncu olaraq dünən etirazın indiyə kimi Azərbaycanda tətbiq olunmamış sivil bir formasından istifadə edən TIR sürücülərinin üzr videosu yayıldı. Bonus olaraq da onlara 15 sutka həbs verilib. Hansı maddə ilə həbs olunduqları açıqlanmayıb. 

Bu vaxta qədər tıxac yaratdığı üçün həbs olunan başqa adam görmüsünüzmü?

Azərbaycanda prezident tərəfindən başladılan islahatlar davam etməkdədir və bu strategiya həqiqətən də rəğbətlə qarşılanır. Prosesə kölgə salmaq istəyənlər özləri bir-bir kölgəyə göndərilir. Bir də çətin ki, gün işığına çıxalar. Bundan ruhlanan sadə vətəndaşlar, iş adamları qarşılaşdıqları bürokratiya, ədalətsizliklə bağlı artıq başqa ünvana yox, məhz ölkənin birinci şəxsinə müraciət edirlər. Və bunun üçün ən müxtəlif yollar seçilir. O yollardan biri də məsələni ictimailəşdirməkdir.

Məsələn “Polemika.az”ın elektron poçtuna, votsap nömrəsinə, sosial şəbəkə hesablarına hər gün onlarla ən müxtəlif məsələlərlə bağlı şikayət, müraciət daxil olur. Təəssüf ki, müxtəlif səbəblər üzündən onların hamısını saytda yerləşdirə bilmirik.

Aksiya keçirən TIR sürücülərinin işlədiyi “R Group Azerbaijan” logistika şirkətindən də bir müüdət əvvəl bizə müraciət daxil olmuşdu. Sadəcə redaksiya şirkətlə əks əlaqə saxlaya bilmədiyi üçün həmin müraciət işıqlandırılmamışdı. Çünki müraciətdə suallar yaradan məsələlər vardı və onları dəqiqləşdirməmiş yazını yayımlamağı doğru hesab etmədik.

“R Group Azerbijan” şirkətinin müraciətində deyilirdi ki, beynəlxalq yükdaşımalarla məşğuldurlar və xeyli müddətdir aidiyyatı dövlət qurumu onlara icazə vərəqi vermir. Müraciərtdə bildirilirdi:

“Biz rəsmi şəkildə ödənişimizi etmişik, lakin DANX-dan bildirilir ki, icazə sənədlərinin əlavə ödənişi də var. Əlavə ödəniş nəqd hesablanır. Biz əlavə ödənişdən qaçmırıq. Deyirik ki, qaimə verilsin, biz bilək ki, bu nəyin ödənişidir və ödəyək. Amma etmirlər. Bəzi logistika şirkətləri sənədləri nəqd alır. Biz isə nəqd yox, köçürmə ilə işləyirik deyə həmin icazəni ala bilmirik. Adi icazə vərəqəsi 20 dollardırsa, bizdən 100-200 dollar tələb olunur”.

Daha sonra bildirilirdi ki, “R Group Azerbaijan” beynəlxalq logistika şirkətinin Azərbaycandakı təmsilçiliyidir. Hər bir ödəniş üçün Avropadakı baş ofis onlardan sənəd tələb edir. Nəqd ödənişilərdə isə bu ödənişin edilməsi haqda heç bir sənəd təqdim olunmur. Nəqd ödənişin nə demək olduğunu izah etməyə vaxt itirməyək.

Bu iddianın nə qədər doğru olub-olmadığı haqda fikrim yoxdur. Məsələ ictimailəşdirilmişdi, amma zamanında tədbir görülmədi. Və yol bağlandı. Avtomobil yolu 1 saat bağlı qaldı, amma gedən proses göstərir ki, şirkətin yolu həmişəlik bağlanıb. 

Dünən aksiyadan dərhal sonra xəbər yayıldı ki, bu hadisəyə səbəb olmuş məmurlar cəzalandırılıb. Sosial şəbəkələrdə alqışdan qulaq tutulurdu. Amma bu çox az çəkdi. Bəlli oldu ki, heç kim cəza almayıb, əksinə ənənəvi üsul hələ də hakimdir və sadəcə böyük balıqlar gəlib balacaları uddu... 

Mən də arzulayıram ki, korrupsioner məmurların üzr videosu yayılsın. Çox mənasız arzudur və bu arzuya görə üzr istəyirəm...

Elnur MƏMMƏDLİ

Rüşvət alan məmurların üzr videosu...