Rusiya sərhəd məsələsinə “sıfırdan” başlamağı təklif edib - Ermənistan rəsmiləri

Rusiya sərhəd məsələsinə “sıfırdan” başlamağı təklif edib - Ermənistan rəsmiləri

Rusiya sərhəd məsələsinə “sıfırdan” başlamağı təklif edib - Ermənistan rəsmiləri

Ermənistan hakimiyyətinin nümayəndələri iddia edirlər ki, Rusiya Ermənistana Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesinə sıfırdan başlamağı təklif edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, onlar bunun nə demək olduğunu izah etməyiblər. Hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları prosesin hansı xəritələr əsasında aparılacağını da bilmədiklərini söyləyiblər.

Bundan əvvəl rəsmilər delimitasiya və demarkasiya prosesinin 1920-ci ilin xəritələri ilə aparıla biləcəyini deyirdilər. Moskvadan təklif alındığını noyabrın 18-də baş nazir Nikol Paşinyan da bəyan etmiş, təkliflərin Ermənistan üçün məqbul olduğunu bildirmişdi.

Milli Məclisin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistanın mövqeyi barədə Rusiyaya rəsmi yazılı məlumat verilib. Azatutyun yazır ki, “Paşinyan bu təkliflərə razılıq verməzdən əvvəl bu məsələni kiminlə isə müzakirə edibmi, yoxsa müstəqil qərar qəbul edib” sualına iqtidar deputatları cavab verməyiblər.

Onlar yalnız bunu bildiriblər ki, Paşinyan Ermənistanın prosesdə maraqlı olduğunu əvvəllər dəfələrlə bəyan edib.

Deputat Ağacanyan deyib: “Hələlik məzmundan danışmaq tezdir. Söhbət hazırlıq işlərinin başlanmasından gedir. Mənim bundan əvvəl qeyd etdiyim kimi, müəyyən texniki məsələlərə dair razılaşma əldə olunduqdan sonra Ermənistan prosesin özünə başlamağa hazır olacaq”.

Azatutyunun yazdığına görə, keçmiş prezident Robert Koçaryanın müxalif Hayastan blokunun üzvləri baş nazir Paşinyanın hələ 10 gün əvvəl verdiyi bəyanatı yada salıblar. Paşinyan demişdi ki, hər gün atəş açıldığı, atəşkəsin pozulduğu bir vaxtda delimitasiya və demarkasiya prosesinin keçiriləcəyini təsəvvür etmək belə çətindir.

Azatutyun yazır ki, indi Paşinyanın Rusiyanın təkliflərinə müsbət cavab verməsini müxalifət düşərgəsində belə qiymətləndirirlər: Paşinyan son sərhəd gərginliyindən istifadə edərək sülh bəhanəsi ilə xalqdan xəbərsiz əldə olunmuş razılaşmaları həyata keçirmək istəyir.

Müxalifət iddia edir ki, Ermənistan bu prosesə zor və təhdidlə cəlb olunur. Keçmiş prezident Serj Sarkisyanla əlaqələndirilən “Şərəfim var” müxalifət blokundan deputat Tiqran Abraamyan deyib:

“Əgər Ermənistan hakimiyyətinin belə yaraşmayan davranışı davam edərsə, 1-2 ildən sonra Azərbaycana delimitasiya və demarkasiya prosesinin keçirilməsi lazım olmayacaq. Çünki Azərbaycan guya danışıqlarla əldə etməyə çalışdığını, zor tətbiq etməklə alacaq”.

Azatutyun xatırladır ki, Ermənistan Azərbaycanla qarşıdurmada Rusiyadan hərbi kömək istəməyə hazırlaşırdı. Lakin ötən may ayında sərhəddəki gərginliyin eskalasiyası zamanı olduğu kimi bu dəfə də Moskva bu çağırışa sərhədin delimitasiya və demarkasiyası təklifi ilə cavab vermişdi.

Azatutyun bildirir ki, Ermənistanın Rusiyadan köməyi rəsmi və yazılı qaydada istəyib-istəmədiyi məlum deyil. Hakimiyyət həftənin əvvəlində olduğundan fərqli olaraq indi bu məsələni çox da qabartmır.

Eduard Ağacanyan deyib ki, Ermənistan Rusiyaya öz ərazi bütövlüyünün bərpasında kömək üçün müraciət edib və bu məsələ sərhədin delimitasiya və demarkasiyası ilə həllini tapmalıdır:

“Əsas məqsəd Rusiyanın hərbi müdaxiləsi deyil. Hazırda Ermənistan Respublikası suveren ərazisinin toxunulmazlığının təmin edilməsi daha mühüm məsələdir. Delimitasiya və demarkasiya belə bir nəticəyə gətirib çıxaracaq alətlərdən biridir”.

Başqa bir iqtidar deputatı, müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan deyib ki, Rusiyaya müraciət edilib-edilməməsi prinsipial məsələ deyil:

“Birincisi, Ermənistan və Rusiya arasında hərbi-siyasi razılaşma var. İkincisi, Rusiya atəşkəs rejiminin qarantıdır. Bu səbəbdən də biz bir işi niyə iki eləməliyik”.

 

Rusiya sərhəd məsələsinə “sıfırdan” başlamağı təklif edib - Ermənistan rəsmiləri