Rusiya Kiyevi ala biləcəkmi? – Ukraynalı ekspertin fikri

Rusiya Kiyevi ala biləcəkmi? – Ukraynalı ekspertin fikri

Rusiya Kiyevi ala biləcəkmi? – Ukraynalı ekspertin fikri

Ukraynada vəziyyət gərgin olaraq qalır. Rusiya qüvvələri Xarkov, Mariuopol və başqa iri şəhərləri bombardman etməkdə davam edirlər. Buna baxmayaraq son hadisələr Rusiya qüvvələrinin əsas hədəfinin paytaxt Kiyev olduğunu göstərir. Bunu Current Time TV-yə hərbi ekspert, Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin eksperti Viktor Kevlyuk deyib:

“Bir nömrəli hədəf paytaxta həmlədir. Bunu dünən (martın 10-da) Brovarı altında baş vermiş döyüş də göstərir. Orada Sverdlovsk vilayətindən və Çebarkul şəhərindən olan olan 90-cı tank diviziyasına daxil taktiki batalyon qrupları Kiyevə doğru cəbhəni yarmağa çalışırdılar. Onların qarşısı alınıb və 6-cı tank alayı tamamilə darmadağın edilib. Təsdiq olunmamış məlumatlara görə bu alayın komandiri həlak olub. Biz görürük ki, onların məqsədi tam Kiyev olmasa da, heç olmasa, düşmən üçün prioritet olan hökumət hissəsini tutmaqdır”.

Ukraynalı politoloq “Rusiya qüvvələri Kiyevi ala biləcəklərmi” sualına belə cavab verib: “Əlbəttə, istənilən situasiyada proqnoz vermək olar. Mənim fikrimcə düşmənin Kiyevi tutmaq üçün gücü yoxdur. 3 milyon insanın yaşadığı meqapolisi, hətta bütün Rusiya qruplaşmasını ora dartmaqla da nəzarətə almaq çox çətin məsələdir. İndi yaranmış vəziyyətdə buna imkan çox azdır”.

Ekspertin fikrincə, Rusiya qüvvələri İkinci Dünya Müharibəsindən qalma fəlsəfə ilə - “nəyin bahasına olursa olsun” fəlsəfəsi ilə hərəkət edirlər.

Alınan son məlumatlara görə Rusiya qoşunları artıq Xarkova girməyə cəhd göstərmirlər, amma şəhəri artilleriya atəşinə tuturlar. Viktor Kevlyuk bu barədə deyir ki, Ukraynanın ilk paytaxtı Xarkovu tutmaqdan məqsəd mənəvi-psixoloji təzyiq ola bilərdi.

Ekspertin fikrincə rusiyalılar ölkənin ən çox rusdillilərin olduğu şəhərində gül-çiçəklə qarşılanacaqlarını gözləyirdilər, amma indi bu alınmayanda şəhərdən qisas alırlar.

Kevlyuk deyir ki, quru qüvvələri ilə Xarkovu ala bilməyəcəyini başa düşən düşmən indi aviasiya və artilleriya ilə onun yaşayış məhəllələrini dağıdır: “Bu ovaxtadək davam edəcək ki, düşmən bu istiqamətdə həlledici məğlubiyyətə uğramayacaq. Artıq indidən demək olar ki, düşmənin piyada qüvvəsi məhv edilib. Lakin artilleriya bizim vuruş dairəmizdən kənarda qalır, aviasiya isə ümumiyyətlə Rusiya ərazisində bazalanıb. Bunlar hələki əhəmiyyətli itkiyə məruz qalmayıblar”.

Bu arada CNN Pentaqondakı mənbələrə istinadən bildirib ki, Rusiya Ukrayna ərazisinə artıq 710 raket atıb. Elə isə Rusiyanın hələ nə qədər qüvvəsi qalır? Kevlyuk bildirir ki, ABŞ-dan səsləndirilən rəqəmlərin mötəbərliyinə inanır, çünki onlarda raket zərbələri barədə erkən xəbərləmə sistemləri var.

Onun fikrincə “Kalibr” raketləri üzrə də Pentaqonun qiymətləndirməsi obyektivdir və rusiyalılar bu raket ehtiyatının 80 faizini işlədiblər: “Ciddi təhlükəni əməliyyat-taktiki İskander kompkleksləri təşkil edirlər. Rusiya qüvvələrində bu raketlərdən kifayət qədər var. Onların üç, ya dörd raket briqadası var. Belə briqadaların ümumi sayı 10-dur. Deməli hələ uzun müddət ata bilərlər”.

Ukraynalı ekspert Bellingcat jurnalist təhqiqat qrupunun Rusiyanın 7-8 günə münaqişəni “dondurmağa” çalışacağına dair mülahizəsini istisna etmədiyini bildirib. O bildirib ki, bu, avtomatik olaraq Ukrayna qüvvələri üçün əks-həmlə şansı deyil və münaqişə sadəcə olaraq siyasi müstəviyə qayıda bilər.

Onun fikrincə Pentaqon da Rusiyanın müdaxilə qüvvəsinin ehtiyat-təchizat bazasının tükəndiyini bildirir. Kevlyuk deyir ki, ilk növbədə təlim görmüş heyətin çatışmazlığı var.

Ekspert deyir ki, Rusiya qüvvələri ən çox itkini tanklar sarıdan verib. Buna əsas səbəb Ukrayna qüvvələrinin istifadə etdikləri Javelin, NLAW, habelə Stugna və Korsar sistemləridir. Bu silahlar tank ekipajlarının sağ qalmasına heç bir şans vermir. Ekspertin fikrincə Rusiya Ukraynaya müdaxilədə istifadə etdiyi tankların 60 faizini itirib, hərçənd Rusiyanın başqa regionlarda 10 minədək tankı var.

Vladimir Putinin bir neçə gün bundan əvvəl ölkənin nüvə silahı qüvvələrinin xüsusi xidmət rejiminə keçməsi barədə əmrini şərh edən Kevlyuk bildirib:

“Əgər bir adamın bıçağı varsa, ondan istifadə etməsi riski həmişə var. Biz televiziyadan gördük ki, Rusiya Federasiyası strateji nüvə qüvvələrini xüsusi keşik rejiminə keçirir. Bu rejim hərbçilərə məzuniyyətlərin verilməsinin dayandırlmasını, xüsusi heyətdən tərxislərin təxirə salınmasını nəzərdə tutur. Başqa sözlərlə bu, nüvə sistemlərinin döyüşə hazırlığı deyil. Bu, nüvə düyməsinin yanında, şaxtalarda, anbarlarda oturanların xidmət rejiminin dəyişməsidir”.

Ekspert Rusiyanın bu silahdan istifadə edəcəyinə inanmır, çünki bu silahlardan Çində, ABŞ-da, Avropada da var. /Azadliq.org

 

Rusiya Kiyevi ala biləcəkmi? – Ukraynalı ekspertin fikri