Rusiya ilə niyə müttəfiq olduq? - Deputatdan maraqlı şərh

Rusiya ilə niyə müttəfiq olduq? - Deputatdan maraqlı şərh

Rusiya ilə niyə müttəfiq olduq? - Deputatdan maraqlı şərh

“Əvvəla onu qeyd edim ki, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmış oldu”.

Bu sözləri Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsini şərh edib:

“Azərbaycan və Rusiya münasibətləri strateji tərəfdaşlıq münasibətləri idi, indi isə keyfiyyətcə ən yüksək mərhələyə qalxıb. Bizim üçün bunun əhəmiyyəti nədədir? Birinci növbədə,hazırda təkcə Cənubi Qafqaz regionunda deyil, bütünlükdə postsovet məkanında çox böyük qeyri-müəyyənlik var və beynəlxalq siyasətdə ən pis şey elə qeyri-müəyyənlikdir. Xüsusilə də, Rusiya-Ukrayna münasibətlərinin gərginləşdiyi bir reallıqda, Rusiya-Qərb münasibətlərinin olduqca qəliz bir xarakter aldığı bir məqamda Azərbaycan və Rusiya münasibətlərinin yüksək səviyyəsinin təmin edilməsi, Azərbaycanın təhlükəsizlik nöqteyi-nəzərindən çox böyük əhəmiyyət kəsb edir. Bunu xüsusi vurğulamaq istəyirəm.

43 bənddən ibarət olan bu Bəyannamənin elə birinci bəndində hər iki dövlət bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul edir, bir-birinin daxili işlərinə qarışmayacaqları ilə bağlı öhdəlik götürürlər. Bu, bizim üçün olduqca böyük əhəmiyyətə malikdir. Bu öhdəliklərin Rusiya tərəfindən götürülməsi o deməkdir ki, sadalanan məsələlər üzrə Azərbaycanın mövqeləri daha da güclənmiş olur.

Bundan əlavə, sənədin imzalanması nəticəsində ikitərəfli münasibətlərdə həm siyasi, həm də ticari-iqtisadi, humanitar sferalarda bundan sonrakı daha yüksək tempə malik olacaq. Əslində, bu sənədi Azərbaycan-Rusiya münaisbətlərinin yol xəritəsi adlandırmaq olar”.

E. Nəsirov əlavə edib:

“Xüsusilə, bəzən skeptiklər söyləyirlər ki, bu sənədin imzalanması ilə guya Rusiya sülhməramlı qüvvələri Azərbaycandan çıxarılmayacaq. Onların müddəti uzadılacaq və s. Əvvəla, bunların hamısı yanlış yanaşmalardır. Bunun heç bir hüquqi əsası yoxdur. Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağ ərazisində mövcudluğu 2020-ci ilin 10 noyabr sənədi ilə müəyyən edilib və onlarınq qalma müddəti də 5 il müddətinə göstərilib. Tərəflərdən biri etiraz edəcəyi təqdirdə, bu, 5 il daha uzadılmaya bilər.

İndiki bəyanatda isə göstərilir ki, tərəflər 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarından irəli gələn məsələlərin həllində səylərini daha da gücləndirəcəklər. Yəni bu o deməkdir ki, 10 noyabr sənədi üzrə icra olunmayan məsələlər var. İlk növbədə, qanunsuz erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı məsələ. Deməli, bunların həlli imkanları daha da genişlənmiş olur.

Eyni zamanda, 10 noyabr sənədinin icra edilməsi məsələləri kontekstində Zəngəzur dəhlizinin işə salınacağı daha da tezləşmiş olur. Zəngəzur dəhlizi də, bildiyimiz kimi, həmin məlum sənədin 9-cu bəndində öz əksini tapır və bununla da Zəngəzur dəhlizinin də işə salınması reallaşmış olacaq”.

“Belə fikirlər də var ki, bu addım guya Azərbaycanın Ukrayna ilə münasibətlərinə xələl gətirə bilər. Çünki Rusiya qondarma Donetsk və Luqansk “respublikaları”nın “müstəqilliyini” tanıyıb. Bu da yanlış anlayışdır. Əvvəla, Bəyannamə sırf Azərbaycan-Rusiya ikitərəfli münasibətlərini tənzimləyən bir sənəddir və orada üçüncü dövlətlərlə münasibətlərdə heç bir öhdəlik qeyd olunmayıb.

Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə qalxıb, amma biz indiyə qədər də dostluq münasibətlərində olan dövlət idik və bu dostluq münasibətləri heç bir halda Azərbaycanın Gürcüstanla belə münasibətlərinin korlanmasına gətirib çıxarmayıb. Biz Gürcüstanla da strateji tərəfdaşıq. Halbuki Rusiya qondarma Cənubi Osetiya və Abxaziya “respublikalarının” “müstəqilliyini” tanıyıb. Bu, bizim Gürcüstanla münasibətlərimizə mənfi təsri göstərməyib, əksinə, münasibətlərimiz daha da inkişaf edib.

Ona görə də, imzalanmış sənəd, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, ölkəmizdə sabitliyin təminatı, onun gücləndirilməsi kimi məsələlərdə bizim üçün olduqca əhəmiyyətlidir, çox böyük dəyərə malikdir.

Tarix onu göstərir ki, qonşular arasında münasibətlər yüksək səviyyədə olanda bundan həm bütün dövlətlər, həm də region xalqları qazanmış olur. Bu baxımdan, Moskva Bəyannaməsini yüksək qiymətləndirir və bir daha qeyd edirəm ki, bu sənəd heç bir halda üçüncü tərəfi hədəf almayıb, ona qarşı yönəlməyib. Bəyannamənin imzalanması ilə postmüharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində daha intensiv işlərin gedəcəyinə bir əminlik yaranıb”, - deyə siyasətçi yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Rusiya ilə niyə müttəfiq olduq? - Deputatdan maraqlı şərh