Rusiya bizdən nə istəyir?

Rusiya bizdən nə istəyir?

Rusiya bizdən nə istəyir?

Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsinin mətni bir çox suallara aydınlıq gətirdi. Ötən gün bu haqda böyük narahatlıq var idi. Xüsusilə, Rusiya ilə Ukrayna arasında gərginliyin pik həddə olduğu bir vaxtda Azərbaycanın bu sazişə imza atması şübhələrə yol açırdı. Lakin sonradan bəlli oldu ki, səfər öncədən planlaşdırılıbmış. 

Həm də bəlli oldu ki, müqavilə mətni açıqlanmazdan öncəki öncəgörmələrin əksinə olaraq sənəd Azərbaycanın Rusiyanın vassallığına qəbul bəyannaməsi deyil. 43 maddənin heç birində buna işarə yoxdur. Ona görə də “yaxşı qurtardıq!” deyə nidalara da rast gəlmək olur.

Amma sənəd hələ də müzakirə mövzusudur. Müxtəlif yanaşmalar var və bu normaldır. Hər kəs öz fikrini deməkdə, mülahizəsini ictimailəşdirməkdə sərbəstdir. Mən nə beynəlxalq məsələlər, nə konfliktologiya, nə də siyasi konyukturalar üzrə mütəxəsis deyiləm. Bu məsələyə yalnız jurnalist kimi yanaşa bilərəm. Təbii ki, tarix çox şey deyir. Biz dərsimizi yaxşı öyrənməliyik. Sülh istəyiriksə, savaşa hazır olmalıyıq. Eyni zamanda reallıq hissimizi də itirməməli, böyük oyunlardan sağ-salamat çıxmağın yollarını tapmalıyıq. Uduzmaq ehtimalı sıfır olan oyuna daxil olmaq ağıllı adamların işi deyil. Tale, coğrafiya elə gətirib ki, hər zaman yağışdan çıxmağa çalışarkən bizi yağmur, sel qarşılayıb. 

43 maddədən ibarət olan bəyannaməni bir neçə dəfə oxudum. Orada diqqətçəkən məqam odur ki, sənəddə hər hansı tərəfin üstünlüyü yoxdur. Rusiya və Azərbaycan bərabərhüquqlu tərəflərdir. Bir tərəf hansı öhdəliyi götürürsə, digər tərəfin də qarşısına eyni öhdəlik qoyulur. Nə az, nə də çox. 

Bəs imkanlar baxımından necə? Bu sənəd yazıldığı kimi tətbiq olunarsa, Azərbaycanın qazandıqları daha çoxdur. Məsələn, sənəddə ticarət əməkdaşlığının genişlənməsi nəzərdə tutulur. Sual olunur: Azərbaycan bazarı rus üçün nə qədər önəmlidir? Bəs Rusiya bazarı azərbaycanlılar üçün nə qədər önəmlidir? Rusiya bazarı qısa müddətə belə bizim üçün bağlananda hansı problemlərin yarandığını dəfələrlə görmüşük. Bütün il böyu əziyyət çəkib məhsul istehsal edən fermerlərin o məhsulları Rusiya qəbul etmədiyi üçün zibillliyə tulladığını az görməmişik. Balığı öldürməklə qumun üstünə atmağın arasında heç bir fərq yoxdur. Çünki nəticə eynidir. Demək istədiyim odur ki, bu sənədin maddələrinə əməl olunarsa, zəhmətkeş camaatımız məhsullarını pula çevirə biləcəklər. Bu sadəcə bir detaldır.

Sənəddə hərbi, siyasi, təhlükəsizlik, silah istehsalı, sənaye, kənd təsərrüfatı, qida, maşınqayırma və digər səhələrdə əməkdaşlığın genişləndirilməsi haqda öhdəliklər var. Axı bütün bu istiqamətlərdə Rusiya bizimlə müqayisədə daha inkişaf edib. Azərbaycan və Rusiyanın əldə etdiyi səviyyəni müqayisə etdikdə birmənalı şəkildə ölkəmizin böyük imkanlar əldə edə biləcəyini düşünməkdəyəm. Bir daha qeyd edirəm, əgər bəyannaməyə olduğu kimi əməl edilərsə…

Məsələn, düşünürəm ki, bu sənədlə separatçıların lideri Arayik Arutyunyanın Rusiyaya yolu bağlanıb. 11-ci maddədə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”. Arayik təyyarə bileti tapan kimi Moskvaya gedib orada Azərbaycan əleyhinə bəyanatlar verirdi. İndi Rusiya hökuməti Putinin imzasına hörmət edəcəksə, o zaman Arayikin işi çətin olacaq.

Bu bəyannamənin axrasında başqa niyyətlərin dayanması haqda fikirlər də var. Ola bilər. Artıq Rusiyanın bizə dost görüntüsü ilə uzatdığı hər bir əlin arxasında başqa niyyətlərin dayanması şübhəsi yüz illərdir altşüurumuza oturub. Bu heç vaxt istisna olunmur. Nə edək ki, həyatımız, tariximiz 2 böyük imperiyanın arasında keçib. Bu gün də belədir. Gələcək nə olacaq, onu gələcək nəsil görəcək.

Daha diqqətçəkən bir məqam isə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsidir. Şuşa Bəyannaməsi ilə ölkəmizə olacaq bütün təhdidlər öncədən neytrallaşmış hesab olunur. Bunu da unutmayaq.

Bugünkü reallıqlar isə fərqlidir. Bizi həyatda saxlayan reallıq hissini itirməməyimizdir. Ayı ilə dost olmaq şansı varsa, bu şansdan yararlanaq. Biz onsuz da armudumuzu satmağa yer axtarırıq...

Elnur Məmmədli

Rusiya bizdən nə istəyir?