Ramiz Mehdiyevdən sonra növbə Kəmaləddin Heydərovundur? - "Yeni təyinatlar olacaq"

Ramiz Mehdiyevdən sonra növbə Kəmaləddin Heydərovundur?

Ramiz Mehdiyevdən sonra növbə Kəmaləddin Heydərovundur? - "Yeni təyinatlar olacaq"

AMEA-da məsul vəzifə tutan şəxslərin, tanınmış akademiklərin, millət vəkillərinin və ayrı-ayrı ictimaiyyət nümayəndlərinin çoxsaylı çağırışlarından sonra Ramiz Mehdiyev Akademiyanın prezidenti postundan istefa verdi.

Polemika.az xatırladır ki, 20 ilə yaxın Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışan Ramiz Mehdiyev YAP hakimiyyətinin ən güclü simalarından biri, ölkədə ciddi təsir rıçaqlarına malik olan qruplaşma lideri kimi tanınırdı.

“Köhnə qvardiya”nın ən stajlı nümayəndələrindən olan Mehdiyevin könüllü şəkildə vəzifədən getməsi iqtidar düşərgəsində yeni dəyişikliklərin anonsu kimi də qiymətləndirilir.

Siyasi analitiklər bu prosesin davam edəcəyini, çoxillik məmur stajına sahib olan şəxslərin tezliklə “vitrin”i tərk edəcəyini proqnozlaşdırırlar. “Yol üstə” olduğu deyilən əsas fiqur isə hazırk Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Mehdiyevdən sonra Kəmaləddin Heydərovun da vəzifədən getməsi nə dərəcədə realdır?

Polemika.az-ın suallarını cavablandıran ReAl-ın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd edib ki, bundan sonra hər şey ola bilər:

“Vəzifədən gedənlər də olacaq, çox güman ki, yeni təyinatlar da olacaq, amma əsas olan bu gündən sonra yeni sistem quruculuğu, eləcə də, yeni oyun qaydalarının quruculuğu ilə bağlı addımların atılmasıdır ki, bu da, gözlənilir. Yəni Konstitusiya və idarəetmə islahatları, idarəetmənin təkmilləşdirilməsi və s. ola bilər.

Əgər bu günə qədər “köhnə qvardiya” bu işlərə mane olurdusa, müəyyən manelər yaradırdırsa, işlərin görülməsini ləngidirdisə, hansı ki, bu, əsasən, regional idarəetmənin təkmilləşdirilməsi ilə bağlı idi, artıq bu maneələrin aradan qaldırıldığını düşünsək, burada əsas məsələ vəzifədən kimlərinsə getməsi yox, həm də sistem dəyişikliyidir. Yəni bu olacaq, hətta Kəmaləddin Heydərovla da bağlı çox güman ki, qərar veriləcək”.

N.Cəfərli ümidlidir ki, bundan sonra ciddi struktur və sistem islahatlarına start veriləcək:

“Bu da, artıq vəzifədə şəxslərin yox, onların gördüyü işlərin müzakirəsi dövrünün başlanmasına səbəb olacaq.

İqtidarın siyasi kluarlarında ciddi dəyişikliyin olması ehtimalı təbii ki, var. Amma bu, həm də Konstitusiya və sistem islahatları ilə paralel olsa, effektivliyi olacaq.

Onsuz da, bu proses, yəni “köhnə qvardiya”nın nümayəndələrinin sıradan çıxarılması çoxdan başlamışdı. Təqribən, 2015-2016-cı ildən prosesə start verilib, indi də məntiqi sonluğa yaxınlaşırıq. Təhlükəsizlik Şurası (TŞ) ilə bağlı olan məsələlərin həlli də, yəqin ki, yaxın günlərdə gündəmə gələ bilər. TŞ-nin da tərkibi və idarəetmə sistemi ilə bağlı da dəyişiklərin olması ehtimal edilir. Ramiz Mehdiyev hələ də TŞ-nin üzvüdür və bu da gündəmə gələ bilər, eləcə də, yeni təyinatların da olması mümkündür. “Köhnə qvardiya”nın tamamilə siyasi səhnədən silinməsi prosesi də ehtimal edilən versiyalardan biridir. Amma bunun tək icra qolu yoxdur axı. Bunun həm qanunvericilik, həm məhkəmə, həm də iqtisadi-siyasi gücü var. Bundan başqa müxalifət, sivil toplum və media gücü də mövcuddur ki, bunlar da aşkarlanıb birdəfəlik təmizlənsə, çox yaxşı olar”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Ramiz Mehdiyevdən sonra növbə Kəmaləddin Heydərovundur? - "Yeni təyinatlar olacaq"