Qazaxıstan hadisələri: Kim uddu, kim uduzdu? - Rusiyanın məxfi planı

Qazaxıstan hadisələri: Kim uddu, kim uduzdu?

Qazaxıstan hadisələri: Kim uddu, kim uduzdu? - Rusiyanın məxfi planı

“Qazaxıstanda baş verən hadisələrin Qazaxıstanın daxili siyasi konyuktura ilə əlaqəli bir qolu var. Çünki hadisələr başladığı vaxtdan etibarən nəzərə çarpan əsas tezislərdən biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Elbaşı Nursultan Nazarbayevin ətrafında cəmləşmiş və ona yaxın olan kadrları hakimiyyətdən uzaqlaşdırmasıdır”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Qazaxıstan hadisələrinin Nazarbayevi devirmək üçün planlaşdırılması yönündə səsləndirilərn fikirləri şərh edib:

“Nazarbayevin dərhal istefaya göndərilməsi məsələsi xüsusilə maraq doğurur. Bu, Konstitusiya zidd addımdır. 2 il əvvəl edilmiş dəyişikliyinə əsasən, “Elbaşı” titulu daşıyan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri postuna ömürlük təyin olunub. Yəni onu parlament, yaxud Qazaxıstan prezident vəzifəsindən azad edə bilməzdi. Amma etiraz aksiyaları başlandığı gündən etibarən istefa qərarı bu istiqamətdə şübhələri artırdı. İğtişaşların gedişatında da bəzi digər məqamlar daxili siyasi mübarizənin müxtəlif konturlarını göstərdi”.

C.Əhmədli əlavə edib:

“Tokayev nümayişçilərin tələblərini yerinə yetirdi. Təbii qazın qiymətini azaltdı, müxtəlif sosial paketlərin həyata keçiriləcəyi ilə bağlı vədlər verdi, amma hadisələr dayanmadı və əksinə daha geniş vüsət aldı. Bu da onu deməyə əsas verir ki, kimlərsə hadisələri alovlandırmağa çalışırdı. Böyük şübhələrin elə Tokayevin üzərinə yönəlməsi üçün müəyyən əsaslar yaradırdı”.

Rusiya faktoruna gəlincə, ekspert vurğulayıb: 

“Qazaxıstan son illərdə Rusiyanın geosiyasi ambisiyalarına uyğun gəlməyən müxtəlif addımlar atırdı. İstər qazax milli eyniyyətinin möhkəmlənməsi, rus dilinin sıxışdırılması və türkdilli ölkələr içərisində lokomotiv dövlətlərdən birinə çevirilməsi və Türk dünyasının birləşməsinə istiqamətlənmə, təbii ki, Rusiyanı qıcıqlandırmalıydı. Üstəlik, Nazarbayev Qərblə təkcə iqtisadi zəmində yox, həm də hərbi baxımdan əməkdaşlığın genişlənməsinə hesablanmış müxtəlif addımlar atırdı. Hətta NATO ilə hərbi razılaşmalar əldə olunmuşdu. ABŞ prezidenti Co Baydenin Nazarbayevə ötənilki məktbunda da ABŞ və Qazaxıstan arasındakı münasibətlərin son illər artan dinamikası vurğulanmışdı”.

“Rusiya daha aqressiv siyasətə üstünlük verir, xüsusən postsovet regionunda özünün geosiyasi maraqlarını nəyin bahasına olursa-olsun reallaşdırmağa və Qərbi postsovet coğrafiyasından çıxarmağa çalışır. İstənilən halda hadisələrin gedişatı və nəticə onu deməyə əsas verir ki, Rusiya bu proseslərdən ən uduşlu çıxan ölkə oldu”, - deyə Ceyhun Əhmədli yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

Qazaxıstan hadisələri: Kim uddu, kim uduzdu? - Rusiyanın məxfi planı