"Putinin hərəkəti sözün həqiqi mənasında faşizmdir" - Xalq artisti

"Putinin hərəkəti sözün həqiqi mənasında faşizmdir"

"Putinin hərəkəti sözün həqiqi mənasında faşizmdir" - Xalq artisti

“Müharibəyə kənardan baxanda hiss edirsən ki, sanki böyük, azman ölkələr it boğuşdururlar və bu müharibənin nəticəsi hər iki halda onların xeyrinədir...”

Bu sözləri Polemika.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Rusiya-Ukrayna müharibəsi barədə danışan kinorejissor bu müharibəni qardaş qırğını adlandırıb:

“İstər rus qələbə çalsın, istərsə də Ukrayna, hər iki halda bu murdar, eybəcər qardaş qırğınıdır. Bunu hər kəs bilir, amma elə bil şeytan göydən enib və insanların qəlbinə girib, onlar artıq haqqa, ədalətə baxmırlar, iblisə xidmət edirlər. Bu müharibə mənasız, mahiyyətsiz qırğındır. Tutalım, rus gəlib Kiyevdə oturdu, hə sonra? Deyirlər, Rusiya NATO-ya görə bunları edir, istəmir Ukrayna NATO-ya üzv olsun. Ay rus, gecə-gündüz boş-boşuna özünü tərifləməkdənsə, nəsə et ki, insanlar özü sənin tərəfinə gəlsin. Sən heç nə etmirsən, iki ayağını bir başmağa dirəmisən ki, mən hakimi-mütləqəm. Belə şeylər keçmir axı, artıq dünya o dünya deyil. NATO ölkələri cənnətdəki kimi yaşayırlar. Sən o cür şərait yarada bilərsən? NATO gəlirsə, dolanışıq, güzəran. Normal həyat şəraiti gətirir. Bəs sən millətə nə vəd edirsən? Ancaq işğal edib, daşıyıb aparırsan”.

O, Putinin siyasətinin faşizm olduğunu bildirib:

“Hansı haqq ədalətdən söhbət gedə bilər ki, Rusiya gedib camaatı evinin içində qırır? Ukrayna müstəqil dövlətdir, hara istəsə ora üzv olar. Nə dəxli var?  Bu müharibəyə heç bir əsas yoxdur. Putinin eybəcər siyasətinə heç bir don geyindirmək olmaz. Bu, həyasızıq, ədalətsizlik, Allahsızlıqdır! Putinin hərəkəti sözün həqiqi mənasında faşizmdir.  

Rusiya çox möhtəşəm dövlətdir, dünyanın ən zəngin sərvətlərə malik olan ölkəsidir. Min illərdir Rusiya ağlını başına yığıb öz daxili işi ilə məşğul olsaydı, dünyanın ən zəngin ölkəsi olardı, bütün dünya  bu gün ona itaət edərdi”.

Xalq artistinin sözlərinə görə, Çin bu müharibədən öz xeyrinə məharətlə istifadə etmək niyətindədir:

“Bu müharibədə Çinin də böyük və qızışdırıcı maraqları var. Çin ikinci planda dünyanın hegemon dövlətinə çevrilmək istəyir. Ona bu işdə ən böyük maneə NATO başda olmaqla, Amerikadır. Bu işdə başını kola soxub, dalı bayırda qalan Rusiyadır. Çin də bundan çox məharətlə istifadə edir. Rusiyanın aldadıcı, şovinist münasibəti, NATO-nun gətirdiyi obyektiv, demokratik qanunlar Çinin altdan-altdan öz işini görməsinə şərait yaradır. Heyif ki, ortada qırılan günahsız insanlardır. Hansı siyasət, hansı ideolologiya, hansı təbliğat rəvac verməlidir ki, sən körpə uşaqları evinin içində öldürəsən?! Sənin dinc xalqın evində nə işin var? Öz millətin acından qırılır. Rusiyanın var-dövlətini beş-üç mafiozun əlinə vermisən, onlar da öz ölkələrinin banklarına əmanət etməyib milyardları xarici banklara qoyublar. İndi it də getdi, ip də getdi...”

Əsmətxanım RZAZADƏ

"Putinin hərəkəti sözün həqiqi mənasında faşizmdir" - Xalq artisti