Paşinyan üçün sülh sazişi hələ əlçatmazdır: Araik və digər erməni terrorçular təhvil verilməzs

Paşinyan üçün sülh sazişi hələ əlçatmazdır:

Paşinyan üçün sülh sazişi hələ əlçatmazdır: Araik və digər erməni terrorçular təhvil verilməzs

Ermənistan Xankəndi və ətraf bölgənin Azərbaycan ərazisi olduğunu rəsmən etiraf edənə qədər rəsmi Bakı sülh sazişi imzalamaz; Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını gecikdirdikcə, Ermənistanın blokada şəraitində “boğulma” dövrü də uzanacaq…

Polemika.az xəbər verir ki, Ermənistan artıq çıxılmaz vəziyyətlə üz-üzə qalıb. Rəsmi İrəvan mövcud situasiyanın uzunmüddət belə davam etməyəcəyini anlamağa başlayıb. Və indi vəziyyət uzandıqca Ermənistanın daha çox ziyan çəkəcəyindən də birmənalı şəkildə əmindir.

Ona görə də Paşinyan hakimiyyəti Ermənistanı düşdüyü “geopolitik quyu”dan çıxartmaq üçün uyğun yollar axtarır. Bütün vasitələrdən yararlanaraq, gələcək taleyi artıq ciddi təhlükə altında olan erməni dövlətini “geopolitik labirint”dən çıxartmağa çalışır. Və son vaxtlar rəsmi İrəvanın Azərbaycana münasibətdə müxtəlif anlaşma təklifləri ilə çıxış etməsinin əsas səbəbləri də məhz bununla birbaşa bağlıdır.

Məsələ ondadır ki, Ermənistanda ötən il keçirilən növbədənkənar parlament seçkilərində qalib gəldikdən sonra Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaların pozulmasına cəhd göstərirdi. Rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanmasına imkan yarada biləcək proseslərin başladılmasından yayınmağa çalışırdı. Xüsusilə də, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesini gecikdirməyə cəhd göstərirdi.

Düzdür, rəsmi İrəvan elə indi də bu problemlərin nizamlanması istiqamətində hər hansı ciddi addım atmayıb. Ancaq bununla belə, Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini rəsmən bəyan etməyə başlayıb. Hətta bu istiqamətdə israrla müxtəlif təkliflər də irəli sürməkdədir.

Bir müddət öncəyə qədər rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı məsələni bloklamağa çalışırdı. İndisə dəhliz ifadəsini işlətməsə də, hər halda, Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək dəmiryolu və avtomobil yolu marşrutunun açılmasına qarşı çıxmır. Hətta baş nazir N.Paşinyan bu məsələ ilə bağlı təkliflərin Azərbaycan və Rusiyaya göndərildiyini, rəsmi Bakının müsbət cavabı olacağı təqdirdə, inşaat işlərinə başlanılacağını bəyanlayıb.

Son vaxtlara qədər Azərbaycan Ermənistana sərhədlərin qısa müddətdə delimitasiya və demarkasiya olunmasını, ardıncasa, yekun sülh sazişinin imzalanmasını təklif edirdi. Rəsmi İrəvan isə müxtəlif bəhanələrlə bu prosesin tezliklə başladılmasına qarşı çıxırdı. Və regionda dayanıqlı sülh dövrünün startına əngəl törədirdi.

İndi belə anlaşılır ki, vəziyyət böyük sürətlə dəyişməyə başlayıb. Belə ki, hazırda Paşinyan hakimiyyəti həm delimitasiya və demarkasiya prosesində maraqlıdır. Həm də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına can atır. Üstəlik, baş nazir N.Paşinyan Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu da rəsmən bəyanlayır.

Ermənistan parlamentində çıxış edən baş nazir N.Paşinyan bildirib ki, rəsmi İrəvan həm Azərbaycanla sülh müqaviləsi imzalamağa, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. O, vurğulayıb ki, “Dağlıq Qarabağ münaqaişəsi” üzrə danışıqlar prosesinin əsas hədəfi də məhz sülh müqaviləsinin imzalanması idi. Və bununla da özündən əvvəlki hakimiyyətlərin də vaxtilə Azərbaycanla sülh müqaviləsi imzalamağa cəhd göstərdiklərinə eyham vurub.

Belə anlaşılır ki, erməni baş nazir hələ də Ermənistan cəmiyyətinin ittiham hədəfinə çevrilməkdən çəkinir. Ona görə də, sülh müqaviləsinin siyasi məsuliyyətini həm də, özündən əvvəlki hakimiyyətlər ilə paylaşmağa çalışır. Və bu, erməni baş nazirin əslində, qətiyyətli addımların atılması üçün siyasi iradə mümayiş etdirməyə tam hazır olmadığını göstərir.

Təbii ki, belə vəziyyət Paşinyan hakimiyyətinin çıxılmaz vəziyyətdə olduğunu təsdiqləyir. Rəsmi İrəvan bir tərəfdən Ermənistanın xilas edilməsi baxımdan, Azərbaycanla sülh sazişi imzalamasının qaçılmaz olduğunu anlayır. Digər tərəfdən isə sülh sazişinin mətninin Ermənistan üçün sərfəli olmayacağını əvvəlcədən bildiyindən erməni toplumunun verəcəyi sərt reaksiyadan qorxur.

Ancaq artıq hər kəsə aydındır ki, Azərbaycan-Ermənistan sərhədləri delimitasiya və deümarkasiya olunmadan rəsmi Bakı sülh sazişi imzalamayacaq. Digər tərəfdən, rəsmi Bakı “Dağlıq Qarabağ” münaqişəsinin artıq həll edildiyini və bölgədə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığından başqa heç bir “status” verməyəcəyini birmənalı şəkildə bəyanlayıb. Yəni, rəsmi İrəvan sülh sazişi imzalamaq üçün Xankəndi və ətraf bölgəni Azərbaycanın ərazisi kimi mütləq rəsmən tanımalı olacaq.

Bu baxımdan, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın “Dağlıq Qarabağ problemi tam həll edilənə qədər rus sülhməramlılar bölgədə qalmalıdır” iddiası da heç bir əhəmiyyət daşımır. Çünki, rəsmi Bakı dəfələrlə belə bir problemin artıq mövcud olmadığını vurğulayıb. Yəni, Xankəndi və ətraf bölgədə cərəyan edən bütün proseslər birmənalı şəkildə Azərbaycan dövlətinin daxili işidir, Ermənistana heç bir aidiyyatı yoxdur.

Eyni zamanda, rus sülhməramlıların bölgədə qalacağı müddətin müəyyən olunması da rəsmi İrəvandan asılı məsələ deyil. Bu məsələ birmənalı şəkildə rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Yəni, rus sülhməramlılar üçtərəfli anlaşmalara görə, rəsmi Bakının tələb etdiyi andan Azərbaycan ərazilərini dərhal tərk etməli olacaqlar. Və bu məsələdə Ermənistanın mövqeyi heç bir önəm daşımır.

Ona görə də, əgər, rəsmi İrəvan sülh sazişi imzalamaq istəyirsə, onda Azərbaycan əraziləri barədə açıqlamalar vermək praktikasına dərhal son verməlidirlər. İki qonşu dövlət arasında münasibətlər yalnız qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımaları halında, normallaşa bilər. Belə olacağı təqdirdəsə, Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması qarşısında elə bir ciddi əngəl qalmayacaq.

Təbii ki, Azərbaycanla sülh sazişi imzalamağa can atan rəsmi İrəvan hazırda prinsipial seçim etmək məcburiyyətindədir. Bu seçim Xankəndi və ətraf bölgədə illərlə cinayətlər törətmiş Araik Arutyunyanın, eləcə də, digər erməni terrorçuların Azərbaycana təhvil verilməsi ilə bağlı məzmun daşımalıdır. Yalnız bu halda, rəsmi Bakı Ermənistanın sülh sazişi imzalamaq istəyini ciddiyə ala bilər. Əks halda, Ermənistanın blokada şəraitində “boğulma” dövrü uzanacaq./Musavat.com

Paşinyan üçün sülh sazişi hələ əlçatmazdır: Araik və digər erməni terrorçular təhvil verilməzs