"Ondan soruşmaq lazımdır ki, sən özün sonuncu dəfə teatra nə vaxt getmisən?"

"Ondan soruşmaq lazımdır ki, sən özün sonuncu dəfə teatra nə vaxt getmisən?"

"Ondan soruşmaq lazımdır ki, sən özün sonuncu dəfə teatra nə vaxt getmisən?"

Müstəqil "Şah Mat" Teatrının mətbuat katibi, mədəniyyət yazarı Turan Etibaroğlunun Polemika.az-a müsahibəsi:

- Bu gün belə bir fikir var ki, Azərbaycan teatrları tamaşaçı üzünə həsrətdir. Bu hamının əlində bayrağa çevrilib. Sizcə, həqiqətən tamaşaçılar teatra gəlmir?

- Bunu əldə bayraq edənlərə sual vermək lazımdır ki, sən özün sonuncu dəfə teatra nə vaxt getmisən? İnanın, son dəfə 5-6 il əvvəl gedib... Son dönəmlərdə belə bir söz yaranıb: "Teatr o vaxt idi, yəni sovet dövründə, son dönəmlərdə isə Yaşar Nuri, Səyavuş Aslan, Hacıbaba Bağırov və bu qəbildən olan aktyor və aktrisalar dövrü".

Doğrudur, onlar mogikandır, əvəzsiz aktyorlardır, amma dövr dəyişib, artıq yeni nəfəs, yeni istedadlar gəlib və onların öz tamaşaçısı yaranıb. Mən deməzdim tamaşaçı gəlmir, əksinə, faktiki olaraq heç bir teatrda tamaşaçı qıtlığı yaşanmır. Hər teatrın öz kütləsi var.

Doğrudur, bəzən olur az satılır bilet, tamaşaçı az gəlir, amma bu o demək deyil ki, teatra tamaşaçı gəlmir. Şəxsən dəfələrlə olub teatra getmişəm, yer dolu olduğundan çölə çıxmışam, başqa teatra getmişəm, yaxud evə dönmüşəm. Əslində, insanın tamaşaçı kimi formalaşmasında ailə, məktəb və mühit böyük rol oynayır.

Məhz bu amillər düzgün istiqamətdə olanda gənclər teatra və kinoya gəlməyi seçir və məcburi yox, könüllü gəlirlər. Artıq qeyd etdiyim kimi, hər zaman tamaşaçı gəlir və heç vaxt eşitməmişəm ki, hansısa teatr tamaşaçı gəlmədiyi üçün tamaşa ləğv olunsun.

Bir söz də deyim, tamaşaçılar təkcə dövlət yox, elə müstəqil teatrlara da gedirlər. Mətbuat katibi olduğum “Şah Mat” Teatrının öz tamaşaçısı yaranıb və hər tamaşaçı növbəti tamaşaya bir dostunu tanışını gətirir, buna görə də, teatrın öz kütləsi yaranıb. Çox sevinirəm ki, son illər hər istirahət günlərini teatrda keçirirlər.

- Azərbaycanın paytaxt və bölgə teatrları repertuarının böyük hissəsini klassik əsərlər təşkil edir. Sizcə, artıq repertuarın dəyişməsinin vaxtı çatmayıb?

- Bunu çarəsizlik kimi deyə bilərəm. Fikrimcə, son dönəmlərdə dramaturgiyada gənc yazarlar azdır. Yox deməzdim, azda olsa, var: Ülviyyə Heydərova, Pərviz Seyidli, Pərvin və s. Bəlkə də çoxdur, amma gördüyümüz mənzərə ilə dediyim qənaətə gəlmək olar.

Klassikaya müraciətin özü əslində, yaxşı haldır. Amma teatrlarımız yeni dramaturqlarla da əməkdaşlıq etməyə maraqlı olmalıdır. Hər bir teatrın öz repertuar planı var, onlarda çox təəssüf ki, dediyiniz kimi, klassiklərə çox yer verirlər. İstər Azərbaycan, istərsə də Avropa dramaturgiyasının. Əslində, rejissorlar yeni əsərlərə həvəs göstərməlidir.

Bəziləri özlərini yormur və ənənəvi dramaturqlara müraciət edib işlərini asanlaşdırır. Yeni əsərlərə müraciət etmək vacibdir, çünki inkişaf etmək üçün bu, vacib amildir. Çox arzu edərdim ki, dramaturgiyamıza yəni nəfəs gəlsin və afişalarda Axundov, Mirzə Cəlil, Cəfər Cabbarlı, Hüseyn Cavid, Elçin, Anar, Əli Əmirli, Afaq Məsudla yanaşı, gənclərin də adları çəkilsin. 

- Dünyanı cənginə alan pandemiya Azərbaycan teatrlarını da  tamaşaçı ilə canlı ünsiyyətdən uzaq saldı. Pandemiyadan, qadağalardan sonra teatrlar bunu bərpa etməyi bacarırmı?

- Kobud səslənsə də, deyəcəyəm, pandemiya dövründə tamaşaçılar teatra, tamaşaya "acmışdı". Şəxsən pandemiya hər ötən gün uzananda fikirləşirdim ki, tamaşaçı gəlməz, hamı teatrı yadırğadı, amma yanıldım, teatrların fəaliyyətinə qismən icazə veriləndə insanların zala necə həsrətlə baxdığını, sevinclərini gözlərindən oxuyurdum. Həmkarlarım da təsdiq edər, camaat  teatr üçün darıxmışdı...

Tamaşaçıların teatra adaptasiyası heç bir gün çəkmədi. Doğrudur, aktyorlarda bir az çətinlik yaranırdı, çünki aktyor fəaliyyətsiz qalanda "paslanır". Amma istər teatrların, istərsə də tamaşaçıların formalaşması uzun çəkmədi. Şükür Allaha ki, belə də davam edir.

Əsmətxanım RZAZADƏ 

"Ondan soruşmaq lazımdır ki, sən özün sonuncu dəfə teatra nə vaxt getmisən?"