Neftin qiyməti “fontan” vurur: “Siyasi oyunlar gözlənilməz vəziyyət yarada bilər”

Neftin qiyməti “fontan” vurur: “Siyasi oyunlar gözlənilməz vəziyyət yarada bilər”

Neftin qiyməti “fontan” vurur: “Siyasi oyunlar gözlənilməz vəziyyət yarada bilər”

Artıq 3 günə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi neft və qazın qiymətinin artmasına da səbəb olub. Ötən gün Azərbaycan neftinin qiyməti 106 dollara yaxınlaşdı. Neftin qiymət artımı nə vaxta qədər davam edə bilər, Azərbaycan bu qiymət artımından nə qədər qazanc əldə edəcək?

İqtisadçı ekspert Azər Mehdiyev neftin qiymətinin Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı Polemika.az-a açıqlama verib. O, indiki qiymət artımına Rusiya-Ukrayna müharibəsinin ciddi təsir göstərdiyini söyləyib:

“Bir il bundan öncə neftin qiymətinin yenidən 100 dollara çatacağını heç kim proqnozlaşdırmırdı. Ümumiyyətlə, elə bir tendensiya hökm sürürdü ki, neftin qiyməti ən yaxşı halda 60-70 dollar civarında olurdu.

Lakin pandemiyadan sonra iqtisadiyyatlarda baş verən canlanma, neft hasilatının həcmləri, qoyulan məhdudiyyətlər neftə olan tələbin artmasını şərtləndirdi. Bu isə neftin qiymətinin artmasına səbəb oldu.

Lakin indiki, qiymət artımı Rusiyanın Ukraynaya hücumu ilə bağlıdır. Bu kifayət qədər ciddi məsələdir. Çünki Rusiyaya qarşı qoyulan sanksiyalar Rusiya nefti və qazının satışına problemlər yarada bilər. Bu isə Avropanın neft, qaz ehtiyacını ödəmək üçün yeni mənbələr axtarışına çıxması deməkdir. Həmin gözləntilərdən artan qiymət artımı var. Rusiyaya qarşı sanksiyaların başlaması müəyyən dövrdə bu qiymətlərin qalması ehtimalını yaradır. Hətta neftin qiyməti daha da yüksələ bilər. Bu bir müddət davam edən proses olacaq”.

“Neftin qiymətinin qalxması təbii ki, Azərbaycana gəlir gətirmə mənbəyidir” deyə, iqtisadçı bildirib:

“Çünki Azərbaycan neft ixracatçısıdır. Əvvəlki qədər böyük olmasa da, neftin birjada proqnazlaşdırılan qiyməti 50 dollarla müqayisədə 100 dolları keçirsə, ən azı proqnozlaşdırılandan iki dəfə çox qiymət deməkdir. Yəni milyarddan çox vəsait əldə oluna bilər.

Lakin proseslər düşündüyümüz qədər sadə deyil. Söhbət yalnız neftdən gələn vəsaitdən getmir. Azərbaycanın qazına da tələbat artır. Nəzərə alsaq ki, ölkəmizin yerləşdiyi coğrafi ərazidə çox böyük bir müharibə gedir. Bu müharibə Rusiyaya qarşı çox böyük sanksiyalarla müşahidə olunur.

Bundan sonrakı əsas proses Azərbaycan Rusiya arasındakı əlaqələr və Rusiyaya tətbiq olunan sanksiyalara Azərbaycanın münasibəti və digər məsələlərdən qaynaqlanacaq. İndiki halda neftin qiymətinin artması gəlir gətirsə də, arxada ola biləcək siyasi oyunlar vəziyyəti bir qədər gözlənilməz edə bilər”.

Mehri QURBAN

Neftin qiyməti “fontan” vurur: “Siyasi oyunlar gözlənilməz vəziyyət yarada bilər”