"Napoleonu da Müdafiə naziri qoysan, yenə Ermənistanı xilas edə bilməyəcək”

"Napoleonu da Müdafiə naziri qoysan, yenə Ermənistanı xilas edə bilməyəcək”

"Napoleonu da Müdafiə naziri qoysan, yenə Ermənistanı xilas edə bilməyəcək”

Ötən gün Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Baş naziri Nikol Paşinyanın təqdimatı ilə Prezident Armen Sarkisyan tərəfindən vəzifəsindən azad etmişdir. Yeni təyin olunan 35 yaşlı Müdafiə naziri Suren Papikyan isə ixtisasca tarix müəllimidir. 2006-cı ildə komandirinin təcavüz etməsindən sonra onu bıçaqlayan Papikyan həbs edilsə də, 2007-ci ildəki amnistiyadan yararlanaraq azadlığa çıxıb. Suren Papikyan Paşinyan hökumətində Baş nazirin müavini ilə yanaşı, Ərazi və İdarəetmə naziri kimi də fəaliyyət göstərib. 

Ermənistan cəmiyyətində belə bir rəy də var ki, peşəkar hərbçilər Paşinyana inanmır və orduda ona inam və etibar yoxdur. Ruspərəst generalitet və peşəkar zabitlər onunla işləmək istəmirlər.

Qeyd edək ki, 90-cı illərdə Azərbaycanda da analoji hal hökm sürürdü. Belə ki, ixtisasca fizika müəllimi olan Rəhim Qazıyev həmin dövrdə Azərbaycanın Müdafiə naziri təyin olunmuşdu. 

Son 1 ildə Ermənistanda 4 müdafiə nazirinin dəyişilməsi nə anlama gəlir?

Ordunun başına tarix müəlliminin gətirilməsi Ermənistan üçün nə perspektiv vəd edir?

Ermənistan ordusunda zabit qıtlığı varmı?

Məsələ ilə bağlı Polemika.az-la fikirlərini bölüşən ehtiyatda olan zabit, kapitan, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu ilin əvvəlində Ermənistanda keçirilən seçkilərdən qabaq 40 erməni generalının Paşinyana qarşı qiyam etdiyinin şahidi olduq:

“Onlar Paşinyanın istefasını tələb edən bir sənəd, bəyanat imzaladılar və bunu dərc etdilər.

Paşinyanın da seçimi qalmayıb ki, kimi təyin etsin. Ona qarşı qiyam etmiş birini Müdafiə naziri təyin etmək istəmir. İstəmir ki, özünə qarşı bir koalisiyanın başına müxalif yönümlü gətirsin. O, belə həssas bir məqamda Ermənistanın növbəti itkilərlə qarşılaşacağından ehtiyat edir. Onu da deyim ki, Suren Papikyanın təyinatı biraz da məcburiyyətdən də irəli gəlir.

Təbii ki, Suren Papikyan ixtisasca tarixçidir və buna qədər də cəmi 3 ay Baş nazirin müavini və İnfrastruktur naziri kimi fəaliyyət göstərib. 3 ay, 35 yaşlı gənc bir insanın yalnız o vəzifə ilə tanışlığına imkan verə bilər. Əslində bu da hələ sual altındadır”.

Eskpert bildirib onu da vurğulayıb ki, Ermənistanda indiki vəziyyətdə vəzifəyə gətirilə biləcək şəxslərin siyahısı çox məhduddur:

“Artıq bəzilərini neçə dəfə vəzifəyə gətiriblər. Yadınızdadırsa, daha əvvəl Ermənistanın keçmiş XİN rəhbəri Ara Ayvazyan da Qarabağa getdi və dərhal da vəzifədən azad olundu.

Müharibənin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, indiyə qədər nə Paşinyanın özü, nə Ermənistan prezidenti Armen Sarkisyan, nə onun müavinləri, nə də Prezident Administrasiyasının üzvləri Qarabağa səfər ediblər. Bunu diqqətimizdə saxlamalıyıq. Deməli, Qarabağa səfər Azərbaycanın "qırmızı xətti"dir. Başqa sözlə desək, Ermənistanın nazir vəzifəsinin, xüsusilə də güc və xarici işlər nazirliyi strukturları vəzifəsinə təyinatlar birbaşa Qarabağla bağlıdır, yəni Qarabağın adı çəkilməyəcək, Qarabağa səfər edilməyəcək, edənlər isə vəzifədən gedəcək. Artıq görünür bu barədə bəlli bir razılaşma var.

Siz bilirsiniz ki, Paşinyanın özü də oraya getmir. Müharibədən əvvəl hər həftə orada idi. Niyə indi getməsin ki? Deməli, səbəbi var”.

Hərbi analitik söyləyib ki, indiki generalitetrin Paşinyanla işləməməsinin səbəbi bəllidir:

“Arşak Karapetyan Müdafiə naziri vəzifəsinə təyin olunmamışdan əvvəl Baş Qərargah rəisinin müavini, ondan əvvəl isə Ermənistanın Rusiyadakı hərbi attaşesi idi. Yəni Ermənistan generalitetinin təyinatında Rusiya tərəfi daim rol oynayıb. Həm vəzifəyə təyinatında, həm rütbələrin alınmasında və s. Bunu biz Sarkisyanın və Koçaryanın da timsalında görmüşük. Onlar da mülki şəxslər idi, amma Ermənistanın Müdafiə naziri postunda olmuşdular.

Qalib ölkədə kimi gətirib müdafiə naziri qoysan, o şəxs qalib ölkənin naziridir və istər-istəməz əli güclüdür. Amma məğlub ölkədə gətirib Napoleonu da qoysan Ermənistanın Müdafiə naziri postuna, o belə, Ermənistanı xilas etməyəcək”.

Rafi MÜSLÜMOV

 

 

"Napoleonu da Müdafiə naziri qoysan, yenə Ermənistanı xilas edə bilməyəcək”