"Məktəblərdə tədris-tərbiyə, istərsə də idarəetmə prosesinə nəzarət çöküb” – Ekspert

"Məktəblərdə tədris-tərbiyə, istərsə də idarəetmə prosesinə nəzarət çöküb” – Ekspert

"Məktəblərdə tədris-tərbiyə, istərsə də idarəetmə prosesinə nəzarət çöküb” – Ekspert

“Repetitor hazırlığına kölgə təhsili deyirlər. Kölgə təhsilinin ibtidai siniflərə, hətta məktəbəhazırlıq qruplarına gəlib çıxmasının obyektiv və subyektiv səbəbləri var”.

Bunu Polemika.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Onun fikrincə, repetitorluğun genişlənməsində təhsil idarəetmə qurumları da maraqlıdır:

“Çünki son nəticədə valideynin pulu və repetitorların, kursların hesabına əldə olunan nəticələr məktəblərin adlarına yazılır. Bu da belə bir fikir yaradır ki, guya təhsildə hansısa bir irəliləyiş var. Əslində, bu sistemdən gələn bəla, illərlə gedən prosesdir”.

Ekspertin sözlərinə görə, subyektiv səbəb müəllimlərin əmək haqqının aşağı olmasıdır:

“Kölgə təhsili vergidən yayınan və nəzarətdə olmayan bir sistem olduğu üçün daha çox insan buna axın edir. Bəzən müəllimlər bilərəkdən normadan artıq tapşırıqlar verirlər ki, şagird fiziki cəhətdən bunu yerinə yetirə bilməsin. Son nəticədə valideyn məcburiyyət qarşısında övladını repetitor yanına qoyur. Güman edir ki, problem dərslikdə, təhsil sistemindədir. Buna görə də, əvvəllər yalnız ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün hazırlığa gedənlər indi bütün siniflər üzrə gedirlər. Hətta məktəbəhazırlıq qruplarının şagirdləri də”.

E.Qafarov qeyd edib ki, müəllimlərin peşəkarlıq səviyyəsi çox aşağıdır:

“Müəllimlərimizin böyük bir hissəsi müasir təlim metodlarından xəbərsizdir. Vəziyyətdən çıxış yolu üçün DİM-in imtahan siyasəti yumuşaldılmalı, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul bu qədər çətin olmamalıdır. Müəllim peşəkarlığının artırılması ilə bağlı sistemli iş görülməli, məktəb mühiti yaradılmalıdır. Həm də bu bir gündə yaranan problem deyil ki, qısa müddətdə həll olunsun. Amma məsələyə sistemli yanaşmaq lazımdır. Müəllimlərin əmək haqqında stimullaşdırma, ümumtəhsilə nəzarət sistemi olmalıdır.

Məktəblərdə istər tədris, istər tərbiyə, istərsə də idarəetmə prosesinə nəzarət sistemi çöküb. Bu da repetitorluğun genişlənməsinə səbəb olur”.

Nəzrin Vahid

 

"Məktəblərdə tədris-tərbiyə, istərsə də idarəetmə prosesinə nəzarət çöküb” – Ekspert