Müsəlman ölkələrində insanların ölməsi normaldır, Avropada yox?! - Azərbaycanlı deputatdan açıqlama

Müsəlman ölkələrində insanların ölməsi normaldır, Avropada yox?!

Müsəlman ölkələrində insanların ölməsi normaldır, Avropada yox?! - Azərbaycanlı deputatdan açıqlama

Rusiya-Ukrayna müharibəsi artıq 10 gündür ki, davam edir. Müharibənin əleyhdarları çoxluq təşkil etsə də, irqi və dini ayrı-seçkiliyin olduğunu iddia edənlər də var. 

Son günlər bu iddia xeyli populyarlaşıb:

“Fələstində, Suriyada, İraqda müharibə olan zaman Avropa ölkələri, Avropa Birliyi susurdu. Ukrayna isə Avropa ölkəsi olduğu üçün ona qarşı işğalçılıq siyasəti yürüdən dövlətə sanksiyalar tətbiq edirlər. Ukraynaya yardımlar göndərilir. Nəyə görə müsəlman ölkələrinə bu cür dəstək sərgilənmədi?”.

Bu iddiaların nə qədər əsası var? Doğrudanmı, beynəlxalq birlik xalqlara dillərinə, dinlərinə, mənsib olduqları irqə görə yanaşırlar?

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Polemika.az-a açıqlamasında bu cür fikirlərə, dini və irqi ayrı-seçkiliyə münasibət bildirib:

“Müharibə bəşəriyyətin müsibətidir. Heç bir dövlətə, xalqa xeyir gətirmir. Daha çox dağıntılarla, ölümlə yadda qalır. Burada kimliyindən, hansı milləti, hansı xalqı təmsil etməsindən asılı olmayaraq hər kəs insanlığı təmsil edir. Hansısa ayrı-seçkiliyə yol vermək doğru deyil. Suriya, Ukrayna, müsəlman, xristian bunların heç bir fərqi yoxdur. Bütün dinlərdə ayrı-seçkilik yolverilməzdir. Bütün müqəddəs kitablarda sadəcə insan qeyd olunur, ağ dərili və ya qara dərili, xristian-müsəlman olaraq ayrı-seçkilik edilmir.

Bu cür yanaşma beynəlxalq konvensiyalara da ziddir. Millətindən, irqindən asılı olmayaraq hər bir insanın həyatı önəmlidir.

Suriya və ya hansısa ərəb ölkəsində insanların həyatını itirməsi normaldır, amma Avropa ölkələrində insanların ölməsi normal deyil? Bu yanaşma kökündən yanlışdır və yol verilməzdir”.

Müsəlmanların bütün Avropa ölkələrində terrorist kimi tanınması ilə bağlı fikirlər mövcuddur. Deputat bu məsələyə də münasibət bildirib:

“Bu, doğru fikir deyil. Sadə məntiq, obyektiv yanaşma var. Ümumiləşdirmə aparmaq yanlışdır. Bu gün xristian dinində də, müsəlman dinində də radikal təriqətlər, qruplar mövcuddur. Təəssüf ki, müsəlman ölkələrində xoşagəlməz hadisələr tez-tez baş verir və narahatlıq yaradır.

Lakin məsələni paralelliyə aparmaq yanlışdır. Hər kəs vahid dünyada yaşayır. Burada baş verənlər hər bir dövlətə, xalqa öz təsirini göstərir”.

Mehri QURBAN 

Müsəlman ölkələrində insanların ölməsi normaldır, Avropada yox?! - Azərbaycanlı deputatdan açıqlama