Meyxanaçı qardaşlar “Amerika, davay, dosvidaniya” qafiyəsini niyə oxumadı? - İntiqamdan açıqlama

Meyxanaçı qardaşlar “Amerika, davay, dosvidaniya” qafiyəsini niyə oxumadı?

Meyxanaçı qardaşlar “Amerika, davay, dosvidaniya” qafiyəsini niyə oxumadı? - İntiqamdan açıqlama

“Təkcə bizə yox, bu müharibə bütün dünyaya öz təsirini göstərəcək. Artıq Avropada dizelin, benzinin qiyməti qalxıb...”

Bu sözləri Polemika.az-a "Tı kto takoy, davay, dosvidaniya” ("Ты кто такой? Давай, до свидания!") meyxanası ilə təkcə Azərbaycanda deyil, Rusiyada və bütün MDB məkanında məşhurlaşan meyxanaçı İntiqam Rüstəmov deyib.

Rusiya-Ukrayna müharibəsi barədə danışan söz ustadı bunun Azərbaycana da təsirsiz ötüşməyəcəyini bildirib:   

“Çünki Rusiyada soydaşlarımız çoxdur, onlar orada işləyir, dolanır, Azərbaycana pul göndərirlər. İndi rus pulu dəyərdən düşüb. Bu baxımdan, mütləq ölkəmizdə də çətinlik olacaq. Müharibə bütün dünyaya öz təsirini göstərəcək. Artıq Avropada dizelin, benzinin qiyməti qalxıb.

Müharibə əzabını biz də yaşamışıq, 30 il Qarabağ həsrəti ilə alışıb-yanmışıq. Hər dəfə Şəhidlər Xiyabanının yanından keçəndə ürəyimiz qan ağlayır. Dünyada heç kəs istəməz ki, müharibə olsun.

Fikrimcə, Azərbaycana qonşu olan ölkələrdə nə qədər sülh, əmin-amanlıq olsa, bizim üçün o qədər yaxşı olar, yaxşı dolanarıq. Allah Prezidentimizə can sağlığı versin, vətənimizdə sakitlikdir, hər şey qaydasındadır. Amma Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına təsiri çox olacaq”.

Meyxanaçı müharibəyə görə bəzi toy məclislərinin də təxirə düşdüyünü qeyd edib:

“Bəzi sənət dostlarım müharibəyə görə dəvət olunduğu toy məclislərini təxirə salıblar. Yaxın xanım həmkarımdan biri Sank-Peterburqa toy məclisinə getməli idi, müharibəyə görə qaldı. Bəzi meyxanaçılar toylara getməli idilər, onlar da gedə bilmədilər.

Mən özüm, açığı, çox məclislərdə iştirak etmirəm. Əvvəllər hara gəldi özümüzü "atırdıq" – mağar toyu, şadlıq sarayı və s. Amma indi seçim edirik, çünki başqa biznesim var, başım ona qarışır. Rusiyaya getməyə indi o qədər də meyilli deyiləm.

Telekanallarda tez-tez qonaq oluruq. Bu yaxınlarda Novruz bayramı ilə bağlı proqrama qatılmışıq. Ehtiram səhhəti ilə bağlı efirə çıxa bilmirdi, bir az soyuqlamışdı, indi hər şey yaxşıdır.

Bu yaxınlarda məni dəvət etdilər, bizim məşhur qafiyə olan “Davay, dosvidaniya” kimi “Odna semya - Rossiya-Ukraina, Amerika, davay dosvidaniya” qafiyəsi ilə meyxana deyəcəkdim. Amma getmədim. Çünki mən siyasi söhbətlərə qarışmıram, şairəm. Siyasətlə qoy "yuxarıda" olan ziyalılarımız məşğul olsun.

Məncə, Azərbaycan vətəndaşının başqa bir ölkəyə “Davay, dosvidaniya” deməsi düzgün deyil. Bir sənətçi kimi gərək addımlarımıza fikir verək. Bu gün hər yerindən duran siyasətdən danışır, bu düzgün deyil. Bu söhbətlərə hamı fikir bildirməməlidir, hərəni öz işi var. Ulu Öndərimiz də “Azərbaycan nə vaxt düzələcək” sualına “Hərə öz işi ilə məşğul olanda” cavabını vermişdi”.

Əsmətxanım RZAZADƏ

Meyxanaçı qardaşlar “Amerika, davay, dosvidaniya” qafiyəsini niyə oxumadı? - İntiqamdan açıqlama