Mehdiyev o qədər adamın dalına təpik vurub...

Mehdiyev o qədər adamın dalına təpik vurub...

Mehdiyev o qədər adamın dalına təpik vurub...

Biz uzunömürlü nəsil deyilik. Sülaləmizdə ən çox yaşayan adam - rəhmətlik Akif əmim 75 yaşına çatanda sevindiyimizdən papağımızı atıb-tuturduq. Nəinki Bakının toz-dumanını udan atama, əmilərimə, hətta Cəbrayılda quzunun quyruğu ilə bəslənən, bulağın göz yaşı kimi dupduru suyundan nuş edən rəhmətlik babama da 80 il yaşamaq nəsib olmadı.

Mərhum atamın ən böyük arzusu pensiya yaşına çatan kimi təqaüdə çıxmaq, ömrünün qalan hissəsini nəvələri ilə bir yerdə keçirmək idi. Amma qismət olmadı...

Hər kəsin öz taleyi, öz alın yazısı var. Yazıya pozu yoxdur. Mən buna inanıram. Qismətimizdə nə varsa, onu da görəcəyik.

Yazıya uzaqdan başlamağıma baxmayın, mövzumuz hər birimizə bir su içimi qədər yaxındır. Hər birimizin yaxından izlədiyimiz, həm də həvəslə izlədiyimiz məsələdən yazmaq istəyirəm.

AMEA prezidenti Ramiz Mehdiyevin adı ətrafında yaranan ajiotajdan xəbərdarsınız. İki həftədən çoxdur ki, AMEA-nın ayrı-ayrı vəzifəli şəxsləri, tanınmış alimlər, hətta elmə dəxli olmayan adamlar da Ramiz Mehdiyevi istefaya səsləyir. Bu gün isə suyu belə üfürə-üfürə içən akademik Rəfael Hüseynov da Mehdiyevin əleyhinə bəyanat verib. Deputat-akademik deyib ki, Ramiz Mehdiyev, getmək vaxtındır!

Başa düşürəm, Ramiz Mehdiyevi istefaya çağıran adamların heç də hamısını Azərbaycan elminin gələcəyi maraqlandırmır. Onların arasında Kərim Şükürov kimi vicdanlı alimlərlə yanaşı, siyasi hoqqabazlar, dələduzlar, fürsətçilər, öz marginal maraqlarını güdən cüvəllağılar da var. Bunu dana bilmərik, bu gün Ramiz Mehdiyevə qapını göstərən adamların arasında vaxtı ilə onun qapısının ağzında yatanlar da var.

Neçə gündür, bu suala cavab tapa bilmirəm: İldə 4 dəfə, yəni fəsildən-fəsilə rəngini dəyişən buqələmunların müzakirə obyektinə çevrilmək Ramiz Mehdiyevin nəyinə lazımdır? Niyə vaxtında üzüsulu çıxıb getmir? Akademiklərin çağırışından sonra bu addımı atmaq daha doğru olmazdımı? AMEA-dakı katibələrin, süpürgəçilərin də üzünə dirənməyini istəyir?

İnsan əbədi olmadığı kimi, vəzifə, səlahiyyət də əbədi deyil. Aydın məsələdir ki, Sultan Süleymana qalmayan dünya bizə də qalmayacaq. O cümlədən, Ramiz Mehdiyevə də. Vaxtında getmək lazımdır. Xətir-hörməti itirmədən, abırla getmək lazımdır. Könüllü getməyəni qovurlar.

Bunu ki, qocaman filosof bizdən yaxşı bilir. O qədər adamın dalına təpik vurub...

Seymur VERDİZADƏ

 

Mehdiyev o qədər adamın dalına təpik vurub...