Liderlər İlqar Məmmədova qarşı: "Allah qafası xəstə olanlara şəfa versin!"

Liderlər İlqar Məmmədova qarşı: "Allah qafası xəstə olanlara şəfa versin!"

Liderlər İlqar Məmmədova qarşı: "Allah qafası xəstə olanlara şəfa versin!"

ReAl Partiyasının sədri İlqar Məmmədov koronavirusa yoluxub.

Bu barədə partiya sədri özü məlumat verib.

İlqar Məmmədov bildirib ki, virus ona müsahibə verdiyi jurnalistdən keçib. Hazırda ev şəraitində müalicə alan siyasətçinin ailə üzvlərinin də koronavirusa yoluxduğu məlum olub.

Məsələ ilə bağlı Polemika.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, bu kimi fikirlər jurnalistlərin fəaliyyətini başqa rakurslara çəkir:

“Mən demək olar ki, mütəmadi olaraq internet televiziyalarında çıxış edirəm. Bu zaman da jurnalistlərlə təmasda oluram. Təbii ki, çalışıram ki, sosial məsafə saxlayım və gigiyenaya əməl edim, amma hər halda jurnalistlər də xəstə-xəstə gəlib bizdən müsahibə götürmürlər ki, bizi yoluxdursunlar. Düzdür, daşıyıcılar ola bilər, bu da təsadüfdür təbii ki.

Mənə elə gəlir ki, koronavirusa yoluxma halını jurnalistlərlə əlaqələndirmək bir az düzgün olmaz. Bu həm də jurnalistlərin fəaliyyətinə bir qədər başqa rakursdan şübhə salmaq anlamına gətirib çıxarır”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da müxalif həmkarı S.Cəlaloğlu ilə həmfikirdir:

“Mən sosial məsafələrə çox normal və adi qaydada riayət edirəm. İnanmıram ki, hansısa jurnalist kimisə yoluxdursun. Burada kimisə qınamaq lazım deyil. Hamı kimi biz də yoluxmuşuq. Sadəcə olaraq mən hesab edirəm ki, burada ya mövzu qıtlığıdır, ya da söz kasadlığıdır. Bu cür danışmaq heç də doğru deyil.

Allah bütün xəstələrə şəfa versin, o cümlədən, həm qafası xəstə olanlara, həm də vücudu”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə qeyd edib ki, burada jurnalisti günahlandırmaq yanlış addımdır.

“Allah İlqar Məmmədova şəfa versin. Bildiyiniz kimi, indi pandemiya dönəmidir və təbii ki, ehtiyatlı olmaq lazımdır. Sözsüz ki, mən canlı olaraq da müsahibələr verirəm, müxtəlif internet televiziyalarına gedirəm və yaxud da jurnalistləri qəbul edirəm, eləcə də, partiya üzvlərimizlə görüşürəm. Sadəcə olaraq, adi qaydalara əməl edirik, məsafə saxlayırıq, maskadan və spirtdən istifadə edirik. Məncə, bu qaydalara əməl edəndə yoluxma imkanı olmur.

Bunda jurnalistin günahı yoxdur. Bilmədən bu hadisə baş verib. Cəmiyyətin özündə, artıq karantin imkanları aradan qaldırılır, məhdud sayda toylar keçirilir və yaxud da ictimai iaşə müəssisələri işləyir. Bir sözlə, yuxarıda deyilən qaydalara əməl etmək lazımdır. Mən bunları nəzərə alaraq canlı müsahibələr verirəm. Təbii ki, özümü gözləmək şərtiylə”, - deyə o yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 

Liderlər İlqar Məmmədova qarşı: "Allah qafası xəstə olanlara şəfa versin!"