Kişilər həyat yoldaşlarına maaş ödəsin? - "Ya gülürlər, ya söyürlər"

Kişilər həyat yoldaşlarına maaş ödəsin?

Kişilər həyat yoldaşlarına maaş ödəsin? - "Ya gülürlər, ya söyürlər"

Bir neçə ay öncə Milli Məclisin əmək və sosial-siyasət komitəsinin sədri Musa Quliyev belə bir təklif irəli sürmüşdü ki, qadınlara ev işi gördüyünə görə, kişilər maaş verməlidir.

Vəkillər Kollegiya Rəyasət Heyətinin və Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova isə kişi pensiyasını qadınla bölməlidir təklifini irəli sürüb: 

“Ömrü boyu kişi hansısa bir vəzifədə işləyir, müəyyən bazanı yığır, pensiyaya çıxır. Qadın isə evdə oturub işləmir. Əvəzində uşaqları böyüdür, həmin kişinin evini, təsərrüfatını idarə edir. Nəticədə, həmin xanım pensiyaya çıxa bilmir. Pensiya hüququndan belə məhrum olur”.

Hər iki təklif kişilər tərəfindən lağlağı ilə qarşılanıb. Əksər rəylərdə təkliflərə mənfi rəy bildirilir.

Polemika.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, normal bir təklifdir, lakin qanunvericilik buna cavab vermir:

“Bu haqda 2 il öncə yazmışdım. Real fakt var idi. Fakta əsasən qadın ömrünün 15 ilini ev-eşiyə sərf etmişdi. Daha sonra boşanmışdı. Qadının yaşı da keçmişdi. Ona qanunvericiliklə heç bir müavinat düşmürdü.

M.Zeynalovanın sözlərinə görə, belə təkliflər adətən gülüş, yaxud söyüş hədəfinə çevrilir:

“Təklif olunan ödəniş hamıya yox, müəyyən qismə aid olmalıdır. Əlbəttə, məsələ maddiyyatla bağlı olduğundan insanlarda qıcıq yarada bilir. Hətta gülüş, ya da söyüş.

Bəzi hallarda qadınla bağlı verilən təkliflər görməməzliyə vurulur. Çox vaxt QHT-lərin təklifləri də ciddi qarşılanmır. Halbuki real həyatda mövcud olan problemlərdən irəli gələn praktiki təkliflər olur”.

QHT sədri qeyd edib ki, evlilik rəsmi olmayanda bu kimi prosesləri həyata keçirmək daha da çətinləşir:

“Evlilik rəsmi olmayanda çətin olacaq. Elələri var ki, qeyri-rəsmi nikaha girirlər. Gəl sonra sübut et ki, bu şəxs, tutaq ki, ömrünün 15 ilini ailəyə sərf edib”.

Nəzrin Vahid

Kişilər həyat yoldaşlarına maaş ödəsin? - "Ya gülürlər, ya söyürlər"