““Kayrat”la görüşdən sonra "Səbail"lə oyuna köklənmək asan deyil” - Natiq Muxtarlı

““Kayrat”la görüşdən sonra "Səbail"lə oyuna köklənmək asan deyil”

““Kayrat”la görüşdən sonra "Səbail"lə oyuna köklənmək asan deyil” - Natiq Muxtarlı

Ötən gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub. "Qarabağ" "Səbail"lə qarşılaşıb və "Qarabağ"ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Tanınmış idman yazarı Natiq Muxtarlı Polemika.az-a açıqlamasında Ağdam klubunun məğlubiyyətinin sensasiyalı sayılmamalı olduğunu bildirib:

““Köhlən atlar”, demək olar ki, 3 gündən bir oyun keçirməli olurlar. “Səbail”lə qarşılaşmadan əvvəl “Kayrat”la ağır oyun oldu. Ondan əvvəl isə futbolçular yığmanın düşərgəsindən qayıtmışdılar. Düşərgədən qayıdan futbolçuların optimal formanı bərpa etməsi üçün ən azı 2 həftə vaxt lazımdır. Digər bir məqam Azərbaycan çempionatının oyunu ilə Avrokubok qarşılaşması arasındakı fərqdir. Futbolçular bu qarşılaşmalara fərqli əhvalda çıxırlar. Azərbaycan çempionatında, rəqabət, demək olar ki, yoxdur. “Kayrat”la oyundan sonra futbolçunu “Səbail”lə qarşılaşmaya kökləmək asan deyil. Üstəlik, Qurban Qurbanov əsas heyətin bir neçə üzvünü bu oyunda meydana buraxmamışdı. Yəni Qurbanov üçün də əsas prioritet “Səbail”lə oyunda 3 xal yox, futbolçularının sağlamlığı idi.

“Qarabağ” Avrokuboklarda çıxış edirsə, Azərbaycan çempionatında mütləq bütün qarşılaşmalarda qalib gəlməli deyil. Futbolda belə anlayış, yanaşma yoxdur. Sıx qrafik ucbatından yaranan problemlər nəticəyə birbaşa təsir göstərə bilər”.

Natiq Muxtarlı “Qarabağ”ın bir rəqibi olduğunu vurğulayıb:

““Köhlən atlar” mövsüm ərzində Azərbaycan çempionatında 2, uzaqbaşı 3 oyunda məğlub olar. Yəni bu məğlubiyyət hər hansı həyəcandan, ardıcıl məğlubiyyətlərdən xəbər vermir. Bəlkə də bu məğlubiyyət futbolçuların çempionat oyunlarında da maksimum səy göstərməsi üçün lazım idi. Qurban Qurbanovu də, əslində məğlubiyyətsiz seriya narahat edirdi. Yaxşı ki, bu seriya Avrokuboklarda yox, çempionatda qırıldı. Narahatlıq üçün ciddi səbəb yoxdur. Azərbaycan çempionatında “Qarabağ”ın bir rəqibi var, o da elə özüdür”.

Mehri Qurban

““Kayrat”la görüşdən sonra "Səbail"lə oyuna köklənmək asan deyil” - Natiq Muxtarlı