Jurnalist Manaf Ağayevin müdafiə etdi: “Buna görə 15 sutka “oxumaq” doğru idimi?!”

Jurnalist Manaf Ağayevin müdafiə etdi:

Jurnalist Manaf Ağayevin müdafiə etdi: “Buna görə 15 sutka “oxumaq” doğru idimi?!”

"Manaf Ağayevin ifa tərzini, oxumağını bəyənmirəm. Hərənin öz musiqi zövqü var. Mənim zövqümdə deyil onun oxumağı. İnsan kimi də xarakterizə etməyəcəm; həm yaxından tanımıram, həm də bunun mətləbə dəxli yoxdur. Dostum deyil, yaxınım deyil. Eyni bölgədənik, sadəcə. Mənə yaxşılığı, ya pisliyi dəyməyib".

Polemika.az xəbər verir ki, bunu müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərindən sonra həbs edilməsinə münasibət bildirən tanınmış jurnalist Bahəddin Həzi qeyd edib.

Jurnalist müğənniyə verilən cəzanı uyğun saymadığnı bildirib:

"Ancaq ona verilən cəzanı uyğun saymıram. Yəni ən azı qarışıq hisslər var məndə. Adam öz doğulduğu torpağa gedib. Hə, ora getmək qadağandır, təhlükə var, o başqa məsələ. Hərçənd onun getdiyi yollarda, Füzuli hava limanında nə mina?! Öz kəndinə getdiyinə görə adamı tutarlar?! Qaydanı pozub, cərimə eləmək olar. Məhkəmə bu işə baxanda məsələnin mənəvi tərəflərini də nəzərə almalıydı, məncə. Adam müharibə vaxtı döyüşdə olanlara, orda yaşayan əhaliyə yardımlar da edib. Yüngülləşdirici hallar var ən azı.

O başqa məsələ ki, onu o postlardan kim, niyə, necə buraxıb?! Ordadır əsas problem. Ortada bir təqsir varsa, çoxu Manaf Ağayevi və Sənan Hüseynovu ora buraxanlardadır".

Bahəddin Həzi qeyd edib ki, azad olunmuş torpaqlarda doğulub-böyümüş, ordan məcburi köçkün düşmüş insanları hissə-hissə, təhlükəsizliklərini təmin etməklə öz kəndlərinə buraxmaq, hətta aparmaq olar:
"Bunun üçün müəyyən prosedurlar düşünüb tapmaq, qurmaq olar. Necə olur ki, o kəndlərin torpaqlarında gecə-gündüz iş gedir, əkin-biçin var, təhlükə olmur, adam öz kəndini, evinin divarlarını, əzizlərinin qəbrini ziyarət etməyə gedəndə təhlükə olur?! Əslində o xarabalıqları xarici turistlərə deyil, elə birinci öz sakinlərinə göstərmək, onların hisslərinin ifadəsini çəkib dünyaya göstərmək daha təsirli olardı. Ürək yanmayınca, gözdən yaş çıxmaz. Əzizinin dağılmış qəbrini ziyarət edən insanın yaşantıları Dünya üçün daha inandırıcı olmazdımı?! Əgər o Dünya, doğrudan da, inanmaq istəyirsə. Baxmayın ki, "Moskva göz yaşlarına inanmır". Bəlkə Qərbdə, Şərqdə inanacaq kimsə var...

Manaf Ağayevə haqq qazandırmıram. Ancaq məsələyə həmişə sırf formal tərəfdən baxmaq... Nə bilim, mənə bir az aşırı göründü bu məsələ. Adam gedib, mahnı oxuyub, gəlib. Buna görə 15 sutka "oxumaq" doğru idimi?! Yasamal məhkəməsinin isti kabinetində oturan hakim, görünür, bəzi mənəvi yaşantılara, psixoloji məqamlara "hakim" deyil".

"Bu arada eyni dərəcədə etiraz edən və bu gün məhkəmənin həbs etdiyi TIR sürücüsünə də üzüldüm. Adam ədalətsizliyə etiraz etmişdi. Bəli, ictimai qaydanı pozub. Ancaq dövlətin və cəmiyyətin diqqətini daha böyük problemə cəlb edib. Cinayət işi açmamaq olmazdı ki?! Başqaları kimi onu da inzibati həbsə göndərmək, yaxud cərimələrlə yetərlənmək olardı. Qanunda 10-dan çox qəti-imkan tədbiri var. Elə hər şeyə görə dərhal həbs?!

Bəlkə də çox duyğusal, ya da liberal yanaşıram. Bəlkə də: "Səhvdir" deyəcəksiniz. Hər halda mənim şəxsi düşüncələrimdir", - deyə jurnalist fikrini tamamlayıb.

Jurnalist Manaf Ağayevin müdafiə etdi: “Buna görə 15 sutka “oxumaq” doğru idimi?!”