İntiharların SƏBƏBLƏRİ - Valideyn-övlad münasibətindən qaynaqlana bilər...

İntiharların SƏBƏBLƏRİ - Valideyn-övlad münasibətindən qaynaqlana bilər...

İntiharların SƏBƏBLƏRİ - Valideyn-övlad münasibətindən qaynaqlana bilər...

"Son zamanlarda sosial şəbəkələrin artması, yeniyetmələr arasında valideynlərin nəzarətində olmayan müxtəlif münasibətlərin yaşanmasına gətirib çıxarır. Bu münasibətlər intiharlara gətirib çıxarmaya bilər, lakin valideyn və övlad arasında kommunikasiya modelinin dəyişməməsi və valideynin cəza verici orqan kimi qəbul edilməsi buna səbəb ola bilər".

Bu barədə Polemika.az-a psixoloq, psixoterapevt Kənan Rəhimov deyib.

"Ümumiyyətlə, intiharların əsas səbəblərini araşdıranda bir çoxları endogen depressiya ilə əlaqədar olduğuna görə, buna daxili xəstəlik kimi baxmaq lazımdır. Endogen depressiya mühitdən asılı olmayan haldır.

Endogen depressiyadan əziyyət çəkən insanların daxilində mediatr sistemi dəyişir və insan ağır depressiyanın acısını yaşayır, həyatını mənasız hiss edir və bu məntiqdən irəli gələrək intihara əl atır".

Kənan Rəhimovun sözlərinə görə, sosial-psixoloji faktorlar cəmiyyətdə istənilən formada gərginliklərin artdığı təqdirdə, bu gərginliklərə əks-səda kimi cavab verərək üsyankarlıq və bunun bir modeli olan intiharlar artır:

"Məlumat axını çoxalıb, lakin valideyn-övlad arasında isə heç bir sirri açmamaq, düşmənçilik və məxfilik pərdəsi qalır. Yeniyetmə sevirsə, yazışırsa və valideyninə bu barədə demirsə, deməli etibar etmir. 

Həmçinin bizim tərbiyə metodumuz dəyişməyib. Məsələn, müəllim valideyni məktəbə çağırıb, şagirdindən gileylənirsə, valideyn "Onu mən tərbiyələndirərəm", - deyərək, "evdə döyərəm" nəzərdə tutur. Yeniyetməyə qarşı bu şiddət olduğu təqdirdə və kommunikasiya qurulmadığı halda o, başqa birində sevgi, qayğı, diqqət görürsə, bu zaman o bu münasibəti artıq müqayisə edəcək və üsyankarlığa gətirib çıxaracaq. Bu üsyankarlıq intiharla nəticələ bilər.

Daha gənc yaşında kommunikasiya vasitələri, insanların şəxsi həyatlarının tez inkişaf etməsi, həmyaşıdları ilə sevgi hissləri yaşamağı, eyni zamanda öz hisslərini cilovlaya bilməməsi, öz gələcəyi ilə bağlı qətiyyətli qərarları verə bilməməsi nəticəsində cəmiyyətdə tənqidə məruz qalırlar. Çox vaxtı bu hissləri ailələrindən, dostlarından gizlədirlər. Onlar bu zaman emosional faciə yaşayırlar və bunu kiminləsə paylaşa bilmədiklərinə görə, intihar edə bilərlər. Bunun qarşısını almaq üçün valideynlər tərəfindən qayğıkeş dəstək verilməlidir".

Psixoloq cəmiyyətdə qınaq obyektinə çevrilməyin intihara gətirib çıxara biləcəyini diqqətə çatdırıb:

"Cəmiyyətdə insanlar öz hissləri ilə bağlı şəxsi fikirlərini ifadə edəndən sonra onlara qarşı təhqir edici davranış olmamalıdır. Baxmayaraq ki, bizim cəmiyyətdə insanlar romanlarda sevgi ilə bağlı münasibətlərə dəstək göstərir, lakin real həyatda isə insan öz hissləri ilə bağlı fikrini bölüşəndə, əsasən yeniyetməlik dövründə ona qarşı ictimai qınaq, təhqir, alçaldıcı davranış həm öz yaşıdları, həm də müəllimləri və ətrafdakılar tərəfindən qınağa tuş gəlir. Bu kimi davranışlar həmin insanı problemlərini gizlətməsinə sövq edir. Və bu halda intiharların bir qismi digər səbəblərdən asılı olduğu halda, bir qismi bu kimi psixoloji problemlərdən qaynaqlanır".

Psixoloqun sözlərinə görə, intiharlar digər dövrlərlə müqayisədə artmayıb və ya çox cüzi artıb. Sadəcə son illərdə sosial şəbəkələrdə bu mövzuların daha çox paylaşılması və müzakirə edilməsi belə nəticəyə gəlməyimizə gətirib çıxarır.

Rufina ALİ

İntiharların SƏBƏBLƏRİ - Valideyn-övlad münasibətindən qaynaqlana bilər...